Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərək...
22:11 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Milli Məclisinin və Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə "Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin qorunmasında parlamentlərin rolu" mövzusunda Şəbəkənin IV konfransı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konfransın yekununda, Azərbaycanın QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın prinsipləri, sülh və təhlükəsizlik, habelə dialoqun təşviqində rolunun yüksək qiymətləndirildiyi və özündə bir sıra vacib müddəaları əks etdirən Daşkənd Bəyannaməsi qəbul olunub.
Daşkənd Bəyannaməsində 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “İqlim Birliyi üzrə Bakı paktı” və digər əsas, iqlim dəyişikliyi ilə mübarizəyə ciddi töhfə olan nəticələri alqışlanır.
Həmçinin, Bəyannamə müstəmləkə hakimiyyəti altında olan xalqların hüquqlarını dəstəkləmək öhdəliyini təsdiqləyərək, beynəlxalq ictimaiyyəti BMT qətnamələrinə uyğun olaraq müstəmləkəçiliyə son qoymağa çağırır və bu istiqamətdə “Bakı Təşəbbüs Qrupu”nun oynadığı rolu müsbət qiymətləndirir.
Əsas insan hüquqlarından biri kimi qayıdış hüququnun vacibliyini vurğulayan Bəyannamədə QH üzv dövlətlərindəki məcburi qaçqın düşmüş bütün icmaların, o cümlədən “Qərbi Azərbaycan İcması”nın qayıdışının təhlükəsiz, dinc və ləyaqətli şəkildə şəkildə həyata keçirilməsinə dəstək ifadə olunur.
20-21 noyabr 2023-cü il tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” beynəlxalq konfransında təklif olunan QH-nin qadın platformasının yaradılması təşəbbüsünə dəstək ifadə olunub.
QH-ya üzv dövlətlərin gənclərinin Hərəkatın fəaliyyətində iştirakının genişləndirilməsinin vacibliyini vurğulayan Bəyannamədə, eyni zamanda QH Gənclər Təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib.
Bəyannamədə, həmçinin Milli Məclisin spikeri və QH Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya nümunəvi rəhbərliyinə və Şəbəkənin fəaliyyətinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür ifadə olunub.
Digər xəbərlər