Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qız...
21:14 18.10.2026
0
0
0
NAXÇIVAN :
19 Oktyabr 2026, Bazar ertəsi
Məmməd Araz, nəğməli söz dünyası və daşlaşmış fotolar...
Bir neçə ay əvvəl yolum Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə düşmüşdü. İçəri addım atdığım andan hiss etdim ki, bura, sadəcə, eksponatların nümayiş olunduğu bir məkan deyil, zamanın özünün nəfəs aldığı sakit bir məbəddir. Divarlardan boylanan şair simaları, şüşə vitrinlərdə qorunan qədim əşyalar, saralmış fotoşəkillər səssiz-səssiz öz hekayələrini pıçıldayırdı. İnsan bu astanadan keçəndə sanki zamanın mancanağına qoyulur, həmin dövrün odlu-alovlu söz atəşinə yenidən atılır. Azərbaycan söz dünyasının ayrılmaz parçası olan Naxçıvanın böyük söz ustadlarının simalarını gördükcə bu doğma diyarın ədəbiyyatımızın taleyində necə şərəfli yer tutduğunu bir daha dərk edirsən. Naxçıvan yalnız daş qalaların, əsrlik abidələrin yurdu deyil. O həm də misranın beşiyi, sözün ocağı, fikrin qəlbidir. Bu torpaqda daş da, külək də şeirlə danışır.
Muzey direktorunun yaxından köməyi ilə sərgilənən materiallarla yanaşı, arxiv fondunda qorunan fotoşəkillərlə, əlyazma məktublarla və imzalı kitablarla da tanış olmaq mənə nəsib oldu. O fotoları bir-bir əlimə aldıqca ürəyimdə iki ayrı hiss baş qaldırırdı. Bir tərəfdən, bu qədər dahi söz adamının eyni dövrün övladı olması, bir qisminin eyni tarixi mərhələdə dünyadan köçməsi məndə dərin təəssüf doğururdu. Elə bil bir bağın gülləri eyni mövsümdə açmış, eyni mövsümdə də solmuşdu. Digər tərəfdən, anamın universitet illərindən danışdığı yubileylər, ədəbi görüşlər, şeir gecələri haqqındakı xatirələr gözümün önündəki şəkillərdə canlandıqca üzümə qeyri-ixtiyari təbəssüm qonurdu. Elə bil anamın hekayələri fotoların içinə köçmüş, kadrlar dil açaraq o günləri mənə danışmağa başlamışdı.
Və budur… Məmməd Araz, İslam Səfərli, Kəmalə Ağayeva, Hüseyn Razi, Hüseyn İbrahimov və bu qədim torpağın daha neçə-neçə ziyalısı ilə sanki eyni süfrə arxasında oturub söhbət edirdim. Vaxt dayanmış, illər geri çəkilmişdi.
Bu gün təqvim 14 oktyabrı göstərir. Bu tarix istiqlal şairi Məmməd Arazın dünyaya göz açdığı gündür. O, Məmməd Araz təxəllüsünü doğma yurdunun ortasından keçərək onu iki yerə ayıran Araz çayından götürmüşdü. Bu, sadəcə, bir ad seçimi deyildi, bir taleyin özünə verdiyi ad idi. Çünki şair həyatı boyu bu çayın sahilində dayanıb o biri sahilə baxdı, gözlərindəki həsrəti misralara çevirdi. Bəlkə də, məşhur şeirlərində hər dəfə “Salamat qal” dedikcə, təkcə qaragöz pəri ilə, çobanla, leysanla, yağışla deyil, həm də hər birimizlə əbədi sağollaşırdı...
Məmməd Araz poeziyasının ən böyük gücü sadəliyində idi. O, sözü bəzəmədi, onu xalqın öz dilindən, öz nəfəsindən aldı və yenidən xalqın ürəyinə qaytardı. Ana, Vətən, torpaq, ömür, zaman, ayrılıq… Bunlar onun şeirlərində yalnız mövzu deyil, canlı varlıq idi. Vətən sevgisi onun misralarında gurultulu çağırış kimi deyil, dərin, sakit, amma heç vaxt susmayan bir sızıltı kimi səslənirdi. Elə buna görə də şeirləri, sadəcə, oxunmadı, yaşandı, əzbərləndi, dildən-dilə, nəsildən-nəslə keçdi, mahnıya çevrilərək ürəklərə yol tapdı. “Xalq şairi” adı onun üçün rəsmi bir tituldan daha çox, illər boyu qəlblərdə yaranmış sevginin etirafı idi. Çünki bəzi şairlər kitablarda qalır, bəziləri isə insanların ürəyində yaşayır. Məmməd Araz ikincilərdən idi.
Məmməd Arazla bağlı beş fotoşəkil məni, xüsusilə düşündürdü. Hər biri keçmişə açılan ayrı bir pəncərə idi. Şairin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbirdən bir kadr. Naxçıvan şəhərində, ozamankı Siyasi Maarif Evində keçirilən həmin gecədə Məmməd Araz kürsüdən çıxış edir. Şəklə baxdıqca sanki səsi də eşidilir. Hiss olunur ki, həmin an zal da nəfəs almır, hər kəs şairin növbəti sözünü gözləyir. Həmin gecənin sonu. Şair ziyalı dostları ilə kollektiv fotoda yer alır. Bu şəkil insanın ürəyində qəribə bir hüzn yaradır. Çünki onlar o an bilmirdilər ki, bəlkə də, sonuncu dəfə eyni kadrda dayanıblar. Adi bir xatirə kimi çəkilən foto illər sonra qiymətinin sayı hesabı olmayan bir tarixə, itirilmiş görüşün sönməyən işığına çevrilib.
1983-cü ilin yubiley xatirələrinin növbəti fotosunda şair Əməkdar incəsənət xadimi, bəstəkar Ramiz Mirişli ilə yan-yanadır. Sanki söz musiqini, musiqi isə sözü qucaqlayıb. Məmməd Arazın misraları həmişə ahəngə yaxın olub. O, şeiri yalnız oxunan deyil, həm də duyulan, səslənən sənətə çevirib.
Arxiv fondunun ən təsirli eksponatlarından biri isə 1986-cı ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tələbələri və teatrın heyəti ilə Hüseyn Cavid Poeziya Teatrının həyətində çəkilmiş fotodur. Burada şair gənclərin əhatəsindədir. İnsan bir anlıq dayanıb düşünür: bu gənclər Məmməd Araz kimi böyük bir şairin yaşadığı dövrün insanları olublar, onu canlı görüblər, səsini eşidiblər, bəlkə də, saatlarla söhbət ediblər. Bu nə qədər böyük xoşbəxtlikdir! Bir şairin nəfəsini duymaq, onunla eyni havanı udmaq hər nəslə nəsib olmur.
1986-cı ildə çəkilmiş başqa bir foto isə Xalq şairi Məmməd Arazla şairə Rahilə Elçini eyni kadrda birləşdirir. İki ayrı səs, iki ayrı ruh, amma eyni sənət eşqi… Sanki şeirin əlindən tutub gələcəyə doğru addımlayan iki əl.
Həyat, doğrudan da, qəribədir. Bu gün anadan olmasının 93-cü ildönümünü qeyd etdiyimiz şairin 71 illik ömür hekayəsi Naxçıvan şəhərinin mərkəzindəki bir muzeydə, fotoşəkillərin sakit işığında yaşayır. Bir vaxtlar odlu-alovlu söz sahibləri olan bu insanlar indi sanki daşlaşmış heykəllər kimi şəkillərdən bizə boylanırlar. Gözləri ilə “bizi unutmayın” deyirlər. Amma diqqətlə baxanda görürsən ki, onlar susmayıblar. Söz heç vaxt susmur. Onların misraları hələ də universitet auditoriyalarında, yubiley gecələrində, ana laylalarında, Araz sahilinin küləyində səslənir. Çünki şair dünyadan köçəndə ölmür, sadəcə, bir foto kadrına, bir misraya sığaraq gözləyir. Gözləyir ki, kimsə gəlib ona baxsın, bir misrasını pıçıldasın, bir şeirini yenidən oxusun.
Muzeydən çıxanda içimdə qəribə bir sakitlik, bir də qürur vardı. Araz çayı zamanın axarında öz yatağını necə qoruyub saxlayırsa, şairin sözü də bu torpağın yaddaşında eləcə əbədi iz qoyub. Doğrudur, biz bir daha onun yaşadığı dövrə qayıdıb özü ilə söhbətləşə, dərdləşə bilmərik. Axı şairin özünün də dediyi kimi, dillərdə nəğmələşib əzbərə çevrilən o misralar əbəs yerə yaranmayıb: “Qoşa atılsaq da, qoşa düşmərik…”
Rafiq TƏHMƏZ
Jurnalist
Digər xəbərlər