Naxçıvan tamaşaçısı tərəfindən böyük maraqla qarşı...
22:47 29.05.2026
0
0
0
NAXÇIVAN :
30 May 2026, Şənbə
Adı çoxlarına tanış olmasa da, bəzi ölkələrdə ölümcül nəticələrə yol aça bilən hantavirus son illər beynəlxalq səhiyyə gündəmində zaman-zaman müzakirə olunan infeksiyalar sırasındadır. Gəmiricilərdən yayılan bu virus nə qədər təhlükəlidir? Ondan necə qorunmaq olar və Azərbaycanda narahatlığa əsas varmı? Mövzuya aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası “Yoluxucu Xəstəliklər Mərkəzi”nin böyüklər şöbəsinin əməkdaşı, infeksion xəstəliklər və kliniki mikrobiologiya mütəxəssisi Dilrubə Qaraşova ilə həmsöhbət olduq.
– Son günlər hantavirusla bağlı xəbərlər yayılır. Azərbaycanda bu virusun yayılma riski varmı və indiyədək ölkədə yoluxma halı qeydə alınıbmı?
– İlk olaraq qeyd etmək lazımdır ki bu yeni virus deyil, ilk dəfə 1978-ci ildə Koreyada Hantaan çayının hövzəsində bir gəmiricidə aşkarlandığı üçün bu ad verilib. Hər il dünyada, təxminən, 26000 xəstəlik qeydə alınır. Ölkəmizdə bu virusa yoluxma halı indiyədək qeydə alınmayıb. Hantavirus üçün endemik bölgə sayılmırıq.
– Hantavirus nədir və insan orqanizminə, əsasən, necə yoluxur?
– Hantavirus insana, əsasən, virusu daşıyan gəmiricilərlə təmas nəticəsində yoluxur. Yoluxma daha çox bu heyvanların sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş səthlərə toxunmaq və ya ifrazatlarla kirlənmiş toz hissəciklərini nəfəsə çəkmək zamanı baş verir. Nadir hallarda gəmirici dişləmələri də virusun ötürülməsinə səbəb ola bilər. Virusun insandan insana keçməsi, ümumilikdə, xarakterik deyil, bu hal Argentinada endemik olan Andes hantavirusu üçün bildirilib. Hantavirus infeksiyasının yayılmasında əsas risk amillərindən biri gəmiricilərin endemik olduğu bölgələrdə yaşamaqdır. Bundan əlavə, qapalı, havasız və ya zəif havalandırılan yerlərin təmizlənməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı işləri ilə məşğul olmaq, eləcə də gəmiricilərin çox olduğu anbar, zirzəmi, tövlə və digər qapalı sahələrdə işləmək və ya belə yerlərdə qalmaq yoluxma riskini artırır.
– Hantavirusun ilkin əlamətləri hansılardır və onu adi qrip və ya digər viruslardan fərqləndirən əsas simptomlar nələrdir?
– Hantavirusun ilk əlamətləri çox vaxt adi qripə bənzəyir. Xəstədə qızdırma, halsızlıq, baş ağrısı, titrəmə və əzələ ağrıları ola bilər. Bəzən ürəkbulanma, qusma, ishal və qarın ağrısı da müşahidə edilir. Bu səbəbdən xəstəliyin başlanğıcında onu qripdən ayırmaq çətin ola bilər. Lakin hantavirusun daha təhlükəli tərəfi odur ki, xəstəlik bir neçə gün ərzində ağırlaşa bilər. Əgər qripə bənzər əlamətlərdən sonra öskürək, nəfəs darlığı, sinədə sıxılma hissi və nəfəs almaqda çətinlik yaranırsa, bu, ciddi xəbərdarlıq əlaməti sayılır. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Adi qrip zamanı daha çox burun axması, boğaz ağrısı və asqırma kimi əlamətlər ön planda olur. Hantavirusda isə əsas diqqət edilməli məqam xəstənin yaxın günlərdə və ya həftələrdə gəmiricilərin olduğu yerlərdə olması, anbar, zirzəmi, tövlə kimi yerləri təmizləməsi və ya tozlu mühitdə nəfəs almasıdır. Qısaca desək, hantavirus əvvəlcə qrip kimi başlaya bilər, amma nəfəs darlığı ilə ağırlaşması və gəmiricilərlə təmas ehtimalı onu adi qripdən fərqləndirən əsas əlamətlərdəndir. Bir vacib məqamı da qeyd edim ki, Hantavirus infeksiyası xəsətələrin bir qrupunda ağciyər əlamətləri digər qrupunda isə böyrək çatışmazlığı əlamətləri ilə davam edə bilər.
– Bu virusdan qorunmaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
– Bu virusdan qorunmağın ən əsas yolu gəmiricilərlə və onların ifrazatları ilə təması azaltmaqdır. Xüsusilə kənd yerlərində ev, həyət, anbar, tövlə, zirzəmi kimi yerlərdə təmizliyə diqqət etmək vacibdir. Qida məhsulları, taxıl, yem və heyvan yemi açıq saxlanmamalı, qapalı qablar və ya möhkəm kisələrdə qorunmalıdır. Gəmiricilərin evə və təsərrüfat tikililərinə girməməsi üçün divar, qapı, pəncərə və döşəmədəki dəlik və çatlar bağlanmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da əsas profilaktikanın insanlarla gəmiricilər arasında təması azaltmaq olduğunu bildirir.
Gəmirici nəcisi, sidiyi, yuvası və ya ölmüş siçan-siçovul olan yerləri təmizləyərkən quru süpürmək və tozsoranla çəkmək olmaz. Çünki bu zaman virusla çirklənmiş toz havaya qalxa və nəfəs yolu ilə orqanizmə düşə bilər. Təmizliyə başlamazdan əvvəl qapı-pəncərələr açılmalı, yer bir müddət havalandırılmalı, sonra əlcək taxılaraq həmin sahə dezinfeksiyaedici məhlulla isladılmalı və yalnız bundan sonra kağız dəsmal və ya nəm üsulla yığışdırılmalıdır. Təmizlikdən sonra əlləri sabunla yaxşı yumaq lazımdır. Gəmiricilərin çox olduğu yerlərdə işləyən şəxslər daha ehtiyatlı olmalı, lazım gəldikdə maska və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. Belə yerlərin təmizlənməsində sidik və nəcis izlərinin dezinfeksiyaedici ilə tam isladılması və ən azı 5 dəqiqə saxlanılması tövsiyə edilir.
– Hantavirus aşkarlanarsa, müalicə prosesi necə aparılır və erkən diaqnoz xəstənin sağalma şansına necə təsir edir?
– Hantavirus üçün xüsusi, virusa qarşı müalicə üsulu yoxdur. Müalicə, əsasən, xəstənin vəziyyətinə görə aparılır və məqsəd ağırlaşmaların qarşısını almaqdır. Xəstəlik şübhəsi olduqda insan mütləq həkim nəzarətinə götürülməli, lazım gələrsə, xəstəxanaya yerləşdirilməlidir. Müalicə zamanı xəstənin nəfəs alması, təzyiqi, ürək fəaliyyəti və bədəndə maye balansı diqqətlə izlənilir. Əgər nəfəs darlığı yaranarsa, oksigen verilir. Daha ağır hallarda xəstənin süni tənəffüs aparatına qoşulması və reanimasiya şəraitində müalicə olunması lazım gələ bilər. Böyrək fəaliyyətində problem yaranan hallarda isə əlavə dəstəkləyici müalicələr tətbiq olunur. Erkən diaqnoz xəstənin sağalma şansını əhəmiyyətli dərəcədə artırır. Çünki xəstəlik ağırlaşmadan əvvəl həkim nəzarətinə götürülən xəstələrdə nəfəs çatışmazlığı, şok və digər təhlükəli vəziyyətlərin qarşısını almaq ehtimalı yüksək olur. Qısaca desək, hantavirusda əsas məsələ xəstəliyə yoluxmanın qarşısını almaq, xəstələnmə halında isə gecikdirmədən diaqnoz qoymaq və xəstəni vaxtında xəstəxana şəraitində izləməkdir. Erkən müraciət və düzgün dəstəkləyici müalicə ağırlaşma riskini azaldır və sağalma ehtimalını yüksəldir.
Nəticə etibarilə, hantavirus ətrafında yaranan sualların cavabı bir həqiqəti önə çıxarır: panika deyil, maariflənmə vacibdir. Çünki təhlükədən qorunmağın ilk yolu onu tanımaqdan keçir.
Günay HACIYEVA
Digər xəbərlər