NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Qlobal missiya: COP29-un uğurları

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il  dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə təşkili ilə əlaqədar keçirilən müşavirədə demişdi“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”. Belə də oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 72 mindən çox iştirakçının iştirak etdiyi COP29-un yüksək səviyyədə təşkili,  burada qəbul edilən qərarların qlobal əhəmiyyəti, bir çox uğurları ilə yadda qaldı. Ölkə başçısı noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımında qeyd etdi: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.

Ötən ilin dekabrında Azərbaycana hörmət əlaməti olaraq, onun beynəlxalq arenada, siyasi, mədəni, enerji, ticarət, nəqliyyat sahələrində oynadığı rol nəzərə alınaraq, eləcə də qısa müddətdə 30 illik işğala son qoyub tarixi Qələbə qazanaraq öz gücünü bütün dünyada bir daha təsdiq edən  ölkəmiz, təxminən, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək şərəfinə nail oldu. Və nəhayət, bu il noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Ölkəmiz bu qlobal missiyanı dünyanın gələcəyi üçün  mühüm əhəmiyyət daşıyan nəticələrlə, uğurla başa vurdu. COP29-un uğur və nəticələri nədən ibarət idi?

Əvvəlcə Azərbaycana səfər edən qonaqlar ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdilər. Ölkəmizin yaşıl gündəliyi bir daha dünyanın diqqətinə çatdırıldı, “Yaşıl dünya naminə həmrəylik” şüarı altında ekoloji problemlərdən əziyyət çəkən ölkələr üçün çağırışlar edildi.  Ölkəmiz COP29-a ev sahibi seçildikdən sonra başlanan və tədbir keçirilən ərəfədə daha da şiddətlənən Qərbin COP29-u boykot, böhtan və qarayaxma kampaniyası puça çıxdı. COP29 sədrliyinin əsas prioritetlərindən biri olan Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olundu. İqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutan altıncı maddənin təsdiqi ilə ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərcləri ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.

Həmçinin 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrin salınmasını əhatə edir ki, bütün bunlar üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Azərbaycanın COP29 sədrliyinin növbəti uğuru inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərarın qəbul edilməsi idi. İtki və Zərər Fondu (Loss and Damage Fund) iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı imzalanan bir sıra mühüm sazişlər nəticəsində hazırda fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Həmçinin Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərarın qəbulu digər uğurlardandır.

Həmin qərarda COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması öz əksini tapıb. Əldə edilən nailiyyətlərdən biri də inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağıran, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin qəbulu oldu. Sənədə əsasən inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək.

Nəticədə, COP ölkəmizin böyük uğurlarından biri kimi tarixə yazıldı. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamənin qəbulu isə onun yüksək səviyyədə keçirildiyinin bariz göstəricilərindən biridir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 27.11.2024 11:11