NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

“Qlobal İnformasiya Mühiti və Media Trendləri” mövzusu bu günün aktual tendensiyası ilə səsləşir

...

“Qlobal İnformasiya Mühiti və Media Trendləri” kimi bu günün aktual tendensiyası ilə səsləşən və ən əsası, gələcəyə yönəlmiş bir mövzunun belə mötəbər auditoriya səviyyəsində müzakirəsi müasir dünyanın dəyişkən informasiya mühitində olduqca vacibdir.
Azərbaycan milli mətbuat tarixində özünəməxsus yer tutan “Şərqi-rus” qəzetinin yaradıcısı Məhəmməd ağa Şahtaxtlının, “Molla Nəsrəddin” jurnalı ilə müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvanda medianın müasir trendlərinin müzakirəsi milli mətbuatımızın 150 illik yubileyinə dəyərli töhfədir. Belə təşəbbüslə çıxış etdiyinə görə ölkəmizin media ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təşəkkürümüzü bildiririk!"
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı – "MEDİAFEST-2025"də çıxışı zamanı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, ənənəvi media institutları ilə yanaşı, sosial şəbəkələr, rəqəmsal platformalar və süni intellekt əsaslı texnologiyalar informasiya istehsalını və istehlakını sürətlə dəyişməkdədir. Bu dəyişikliklər cəmiyyətlərin, dövlətlərin və media qurumlarının qarşısında həm ciddi çağırışlar, həm də mühüm imkanlar yaradır. Milli mətbuatımızın növbəti yubiley yaşına təsadüf edən belə mühüm tədbir Azərbaycan jurnalistikasının müasir media proseslərindən kənarda olmadığının göstəricisidir.

Nəşr edilib : 30.05.2025 11:40