NAXÇIVAN :

15 Mart 2025, Şənbə

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var

...

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirib.
"Şərq qapısı" xəbər verir ki, BMT-Macarıstan Assosiasiyasının prezidenti, “Women4Diplomacy” Hərəkatının qurucusu, UNESCO-nun 36-cı sessiyasının prezidenti, Macarıstanın BMT və UNESCO yanındakı sabiq səfiri Katalin Boqyayın moderatorluğu ilə keçirilən sessiya “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” mövzusuna həsr olunub.
Panel sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qeyd edib ki, dünyada baş verən hər bir proses qadınlara təsir edir. Əgər nəyi isə təkmilləşdirmək istəyiriksə, qadınların dəstəyini almalıyıq.
Xüsusilə müharibə və digər fəlakətlərin qadınlara təsir etdiyini söyləyən sabiq Prezident vurğulayıb ki, bu təsir qeyri-mütənasib şəkildə baş verir. O bildirib ki, dünyanın müəyyən bölgələrində coğrafi yerləşmə səbəbindən insanlar risk altında yaşayırlar. Lakin qadınlar bu risklərə daha çox məruz qalırlar. “Qida məhsullarının çatışmazlığı da qadınlara daha çox təsir edir. Kənd təsərrüfatı sahəsində çalışan qadınlar daha kasıbdır və onlar su çatışmazlığı kimi problemlərlə üzləşirlər. Bu sahədə çalışan qadınlar çox vaxt məcbur olub suya görə uzaq məsafələr qət edirlər. Bu zaman isə daha böyük təhlükələrlə üz-üzə qalırlar”, - deyə o əlavə edib.
Vike-Freyberqa vurğulayıb ki, bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır: “Cəmiyyətə izah etməliyik ki, bu, sadəcə şüar deyil – biz real təsirlərə nail olmaq üçün çalışırıq”.
Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu qeyd edib ki, qadınlar maddi vəsaiti kişilərə nisbətən daha konstruktiv və məhsuldar şəkildə istifadə edə bilirlər. “Ekoloji təsirlər dünyada qeyri-mütənasib şəkildə qadınlara və digər qruplara təsir edir. Onlar bəzən cəmiyyətdə zəif mövqedə olurlar və bu vəziyyət daha da ağırlaşır. Buna görə də qlobal səviyyədə yalnız qadınların bu sahələrdə iştirakını təmin edən tədbirlərin deyil, eyni zamanda, onların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Çünki çox vaxt məhz qadınlar icmaları təhsil və təlim vasitəsilə bir arada saxlayan əsas qüvvə rolunu oynayırlar”, - deyə o əlavə edib.
Misirin İnsan Hüquqları üzrə Milli Şurasının prezidenti, Kemet Butros Ghali Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali naziri olmuş Muşirə Xəttab deyib ki, Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyi mövcuddur. Məhz indi Təhlükəsizlik Şurasının fəaliyyət planının ciddi şəkildə həyata keçirməsinin vaxtıdır. Bu fəaliyyət planı çərçivəsində Yaxın Şərqdə, Avropada və digər regionlarda qadınların rolu müzakirə edilə bilər.
O, həmçinin qeyd edib: “İqlim böhranı həqiqətən mövcudluğumuza təhdiddir və qadınlar bu problemdən ən çox əziyyət çəkənlər arasındadırlar – yalnız vətəndaş olaraq deyil, eyni zamanda, qadın, ana və fərd kimi”.
Liviyanın Avropa İttifaqındakı sabiq səfiri, şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi bildirib ki, hazırda dünyada dəhşətli münaqişələr yaşanır. Minlərlə qadın silahlı münaqişə şəraitində yaşamağa məcburdur və bu, olduqca qorxuncdur. “Qəti şəkildə inanıram ki, bu gün bizə söz yox, fəaliyyət lazımdır. Qadınlara, uşaqlara və kimsəsizlərə yardım etməli, həmçinin yeni nəsil fəal qadın və kişilər yetişdirməliyik”, – deyə o vurğulayıb.
Panel iclası müzakirələrlə davam edib.

Nəşr edilib : 15.03.2025 13:58