NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Qışın müjdəçisi – çillə

...

Həyatı çətinliyə salan qışın obrazı, heç şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qara cizgilərlə canlanırdı. Elə buna görə də dilimizdə “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin məzmun daşıyıcısı kimi ortaya çıxıb. Amma buna baxmayaraq, qarın insanlar üçün müsbət xüsusiyyətləri “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də əks olunub.

Qədim türklər arasında keçirilən bayramlar, mərasimlər daha çox qış və yazla bağlı olmuş və ilin müəyyən günlərində qeyd edilirdi. Günümüzə qədər yaşayan bu bayramlar, adətən, payızda işlərin yekunlaşması, qışda isə mal-heyvana qulluqla bağlı olub. Belə bayramlardan biri də çillə mərasimidir. Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq “Çillə” adı ilə üç yerə bölüb: Böyük çillə, Kiçik çillə, Ala çillə və ya Ala çolpav. Sonuncu çilləyə Boz ay da deyilir, “Çillə bayramı”, “Çillə gecəsi” payız fəslinin sonu, qış girən günü, yəni dekabr ayının 20-si gecəsi qeyd edilir. “Çillə gecəsi” ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir.

Mərhum Zaleh Novruzovun “Etnoqrafik yaddaşımızdan” adlı kitabında qeyd olunur ki, xalq təqviminə uyğun olaraq Böyük çillənin birinci ongünlüyü (dekabr ayı) “Qarı qatıldı küfləyə”, yanvar ayının əvvəli isə “Qarı boğan” adlanır. Bundan əlavə, xalq təqvimində Böyük çillənin sonlarına “Qurdun insana yerikləyən dövrü” də deyilir. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Qışın bərk şaxtalı günlərinə həm də “Qışın qulun (atın balası) salması” dövrü deyilir.

Ta qədimdən “Çillə bayramı”nı xalqımız xüsusi qeyd edər, insanlar bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bəzi bölgələrdə çillə bayramı adı ilə tanınan həmin gün həyətdə tonqallar yandırılır, odun üstündən tullanılır, tonqal ətrafında rəqs edilir, əyləncəli oyunlar, tamaşalar göstərilirdi. Böyük çillənin şərəfinə hər evdə açılmış süfrəyə bədənə istilik gətirən dadlı-ləzzətli yeməklər qoyulurdu. Böyük çillə süfrəsinin ən sayılıb-seçiləni çillə qarpızıdır. Bayram günü, demək olar ki, bütün evlərdə “çillə qarpızı” kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində “çillə qarpızı” olsun. Qarpız çillə gecəsinin ən gözəl payı sayılır. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar. Çillə üçün nəzərdə tutulan qarpızın ən yaxşısı tam yetişməmiş və saplaqlı olanı idi. “Çillə qarpızı” xarab olmasın deyə onu ot və ya samanın içərisində saxlayırdılar. Çillə qarpızını, adətən, evin böyüyü kəsərdi. Onun tumları isə yığılıb saxlanılardı. İnama görə, çillə qarpızının tumlarının atılması günahdır, onda növbəti il bol məhsul olmaz. Qarpız saxlamağa imkanı olmayan ailələr bazardan da olsa, boranı, qarpız alıb bayramı qeyd edirlər. İnama görə, qışda ağ boranı bişirdikdə və ya qarpız kəsdikdə o il qış daha mülayim keçər və ruzili olar.

Çillə gecəsində nişanlı qızlara oğlan evindən hədiyyə göndərilməsi Naxçıvan bölgəsində adətdir. Qız evinə müxtəlif meyvələr, hədiyyə, şirniyyat ilə bərabər çillənin rəmzi hesab olunan qarpız da göndərilir. Çilləlik adlanan belə hədiyyələr xüsusi qablara qoyulur, üstü ağ və ya qırmızı şal ilə örtülür. Çilləlik hava qaralmadan hazırlanıb göndərilir. Etnoqrafların yazdığına görə, qızın və ya gəlinin ana-atası hədiyyə gətirənləri üzərlik yandıraraq qarşılayır, hədiyyələri gətirənlərə şirinlik verirlər.

Asəf Orucov və Elxan Yurdoğlunun “Naxçıvanda bayram və mərasimlər” kitabında qeyd olunur ki, çillə qarpızı kəsilən vaxt xalq arasında niyyət etmə adəti mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə ağ və ya göy olarsa, niyyət qəbul edilmiş olur. Bu da belə bir fikir söyləməyə əsas verir ki, xalqımızın çillə gecəsi qarpızın qabığının bir hissəsini dörd yerə bölüb niyyət tutub atılması ehtimal edilir ki, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır. Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilərdi. Çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə qatıq yeyərdilər. Həmin gecə süfrəyə “q” hərfi ilə başlanan nemətlər, məsələn, qarpız, qovun, qatıq, qovurqa, qaysava, qovurma, qovut və sair qoyma adəti də mövcuddur.

Artıq çillə sərt üzünü göstərməyə başlayıb. Soyuğu, çəni, dumanı ilə. Ancaq el arasında deyildiyi kimi, hər qışın bir baharı var. Baharı görmək ümidi ilə...

 Gülcamal TAHİROVA

Nəşr edilib : 20.12.2024 18:15