NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Qısa ömrün şərəfli yolu

...

Kəmaləddin İsrail oğlu Məmmədov 

(10.09.1996-10.11.2020)

Mənim övladım çox qayğıkeş, vətənpərvər oğul idi. Balaca vaxtlarından ata-anaya yaxşı münasibət saxlayırdı. Əməlisaleh övlad kimi özünü tanıtmışdı. Vətən üçün həmişə canını qurban verməyə hazır idi. Çünki onda güclü vətənpərvərlik hissi vardı. Kəmaləddinin yaxşı xüsusiyyətlərini saymaqla bitməz. Atası polis idi. Ona görə də hərbiyə daha çox məhəbbəti vardı. Deyirdi ki, hərbçi olmaq istəyir. Dövlətimizə, xalqımıza xidmət etmək arzusundadır. Öz arzusuyla da getdi yazıldı kurslara. Oradan da hərbçi kimi fəaliyyətə başladı. Mən bu gün onun xatirələri ilə yaşayıram. Elə bilirəm ki, o sağdı. Çox qayğıkeş idi. Onun yoxluğu hər birimizin qəlbini yandırır. 
Müharibəyə getməyini heç bilmirdim. Demək olar ki, təlimlərdən sonra birbaşa getmişdi. Məndən gizlədirdi ki, narahatlıq keçirməyim. Müharibə ərəfəsində imkan tapan kimi mənə zəng edib kefimi xəbər alırdı. Hər dəfə də zəng edəndə deyirdi: “Ana, fikrim sənin yanında qalıb. Təki sən yaxşı ol. Özünə diqqət et”. 

Məndən gizlətsələr də, hamı bilirdi ki, Kəmaləddin müharibədədir. Qələbə günü hər kəs zəng edib atasına gözaydınlığı verirdi. Dedim ki, nə olub ki, sənə gözaydınlığı üçün zəng edirlər? Atası da dedi ki, ay qəhrəman ana, oğlun müharibədədir, xəbərin yoxdur. Mən də qorxub ağladım həmin an. Yoldaşım dedi ki, ağlama, salamatçılıqdır. Kəmaləddin də zəng edib ki, sağ-salamatıq. Amma həmin an içimə bir narahatlıq düşdü. Ana ürəyidir, hissim məni yanıltmadı. Səhəri gün də qohum-qardaş hamı gəldi, süfrə açdıq. Deyib-gülmək səsi ucaldı. Həmin vaxt demək ki, balam şəhadətə ucalıb. Heç kimin də xəbəri yox idi. Çünki danışmışdıq, yaxşı olduğunu demişdi. Bu da qısa ömrün şərəfli yolu oldu balamın. Bu gün çox qürur duyuram Kəmaləddinin adı ilə. Fəxr edirəm ki, belə vətənpərvər, qəhrəman şəhidin anasıyam. Balam öz arzusuna çatdı. Vətən yolunda canını sipər etdi. Allah dövlətimizi, xalqımızı qorusun. Şəhid balalarımızın məqamı daim uca olsun. 
 

Nəşr edilib : 30.10.2024 20:29