NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Qeydiyyat şöbələrində (nikah evlərində) görülmüş işlərə dair iclas keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şöbələri və nikah evlərində cari ilin ötən dövrü ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı iclas keçirilib. 
İclası giriş sözü ilə açan nazirliyin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Reyhan Sadiqova əvvəlcə ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun tapşırıq və tövsiyələrini diqqətə çatdırıb. Cari ilin ötən dövrü ərzində qeydiyyat şöbələrində (nikah evlərində) görülən işlər, eyni zamanda nazirliyin 2024-cü ilə dair Fəaliyyət Planının icrasına uyğun olaraq qeydiyyat şöbələri (nikah evləri) tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Reyhan Sadiqova bildirib ki, vətəndaşlıq vəziyyəti aktları qeydiyyata alınarkən vətəndaş məmnunluğu diqqətdə saxlanılmalı, onların mənafeyi nəzərə alınmaqla sənədlər qanunvericiliyin tələblərinə uyğun qəbul edilməlidir.
Nikahın bağlanma müddətinin azaldılması və bir aydan çox olmayan müddətə uzadılması üçün qanunvericilikdə nəzərdə tutulan üzrlü səbəbləri təsdiq edən sənədlərin forması və məzmunu ilə bağlı qanunvericiliyin tələbləri və təcrübədə olan məsələlər, eyni zamanda vətəndaşlıq vəziyyəti aktları ilə bağlı qanunvericiliyə edilmiş məsələlər müzakirə edilib və qeydiyyat şöbələrinin (nikah evlərinin) üzərlərinə düşən vəzifələr diqqətə çatdırılıb. 
Sonra qeydiyyat şöbələrinin (nikah evlərinin) rəisləri çıxış edib, görülən işlər barədə məlumat veriblər. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq vətəndaşlara doğum və nikah haqqında şəhadətnamələrin xüsusi açıqcalarda verilməsi davam etdirilir.

Nəşr edilib : 10.09.2024 20:33