NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Qətiyyətli hərbi-siyasi iradənin parlaq ifadəsidir LAÇIN

...

Prezident İlham Əliyev: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

26 avqust. Müasir dövrümüzün, müstəqillik tariximizin şanlı səhifələrinə qızıl hərflərlə möhürlənən, əbədilik qazanan, unudulmaz təqvimlərdən biri. Müzəffər Ali Baş Komandanın hərbi-siyasi qətiyyətinin təntənəsi, xalq-dövlət həmrəyliyinin misilsiz töhfəsi. 30 il öncə sinəsini tankın, topun önünə sipər edən atanın nərəsinin, naəlac baxışları övladının üzərinə dikilən biçarə ananın fəryadının “dəmir yumruğ”a dönüb düşmənin başına çaxıldığı gündü bu gün. Qalib Azərbaycan hərbçisinin “Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü!” mübarək şüarının düşməni lərzəyə gətirdiyi, bədxah qüvvələrin canına vəlvələ saldığı, “Ay Laçın, can Laçın”ın “tez solan gülü”nün yenidən çiçək açdığı, qəhərin sevinc göz yaşlarından qorxub qaçdığı, əbədi vüsal günəşinin şölə saçdığı gündür bu gün...
Bu gün sənin günündür, əziz Laçın! Haqqında uydurulan iftiraların, yalanların, ədalətsizliklərin sona yetdiyi, haqqın batil üzərində parlaq zəfər çaldığı gündür. “Yaşasın Azərbaycan!”, “Təki Vətən sağ olsun!” deyən, Vətənin azadlığı yolunda 10 övladı olsa, 10-nu da qurban verməyə hazır olan ağbirçək ananın, çiyinlərində üçrəngli bayraqla qalib, qazi kimi dönən övladını şəstlə qarşılayan başıdik, alnıaçıq ağsaqqal atanın, müqəddəs amal uğrunda gözünü qırpmadan şəhidlik şərbətini içən qeyrətli oğulların günüdür. Təqvim səndən danışır, əziz elim, əziz obam. Düşündükcə tarixi anlar dilə gəlir, yaşananlar gözdən süzülən iki qətrə sevinc yaşlarında bərq vurur. Xatirələr qanadına əyləşib bir daha o unudulmaz, əvəzolunmaz anlara qayıdırıq yenidən, mərhum sənətkar Məhəbbət Kazımovun məşhur, dillər əzbəri “Laçınım” mahnısında deyildiyi kimi, qartal olub göylərində uçmaq, bulaq olub gözlərindən süzülmək keçir könlümüzdən. Necə də təkrar­olunmaz, ifadəolunmaz hisslərdir, İlahi, deyirik, dönə-dönə şükranlıq edərək...
Əziz yurdum, axşamların daim belə aydın, sabahların inamlı olsun. Qarabağımızın ən təmtəraqlı bağrında gözəllik işığıtək parlayır, şəfəq saçırsan gecə-gündüz. Nəfəsin rahat, həvəsin azaddır. Kədərlə vidalaşıb, sevinclə əhd-peyman bağlamısan, səmanda qartallar xoşbəxtlikdən qıy vurur, leyləklər doyunca qanad çalır, qaranquşlar nəğmə deyir, xoş, məlahətli zümzüməsi ilə qəlb oxşayır Həkəri çayı, yaşılbaş sonaların şən-şaqraq səslərinə bürünüb göllərin, ceyranların, maralların oylağına çevrilib çöllərin. Neçə-neçə oğul-qızların qoynunda məskən salır, toy mağarları, çadırlar qurulur, könül bağları birləşir, yeni ailələrin təməli atılır, körpə səsləri eşidilir ocaqlarından. Rəssamlar təbiətindən ilham alır, şairlər günü-gündən büsatlanan simana şeirlər qoşur, bəstəkarlar nəğmələr bəstələyir hüsnü-camalına. Uzun illərdən sonra ucalan gözəl, yaraşıqlı məktəblərində ilk zəng çalınır, dahi Üzeyirin bəstələri, Bülbülün, Xanın mahnıları səslənir, Vaqifin, Natəvanın misraları çınlayır sinif otaqlarında. Bağçalarının, bağlarının üzərindən daha güllələr uçuşmur, güllər pərvaz edir, sinəsi yad ayaqlardan təmizlənib öz doğmalarını qoynuna alaraq Şərqi Zəngəzurun əsl dağlar gözəlinə bənzəyirsən, əziz yurdum. Ölkə Prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın hər gəlişi ilə yenilənir, gözəlləşir, daha da xoşbəxt görünüşə, büsatlı mənzərəyə qərq olursan. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçısı olduğu “Xarıbülbül” festivalına Şuşa ilə bərabər ev sahibliyi edərək mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin yaşadılması, folklorumuzun təbliği yolunda mühüm xoşməramlı missiyanı uğurla, adına layiq şəkildə daşıyırsan. Dövlət başçımızın, birinci xanımın sakinlərlə səmimi söhbətində ən xoş arzulara, ən ülvi diləklərə çevrilirsən: “Allah Sizi qorusun ki, Siz bu cənnəti almısınız”, “Doğrudan da, cənnətdir”, “Cənnətdir”, “Laçın şəhəri indi gündən-günə daha da gözəlləşir. Azad edilmiş bu ərazilərdə şəhərlər elə olacaq ki, heç paytaxt şəhərlərdən də fərqlənməyəcək”. 
Əziz torpağım, Ali Baş Komandanın da dediyi kimi, Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Laçının azadlığı qətiyyətli hərbi-siyasi iradənin parlaq ifadəsi, təntənəsidir. 44 günlük müharibədə bütün dünyaya göstərdik ki, biz xalq olaraq nəyə qadirik, torpaqlarımızı hərbi-siyasi yolla, zorla, güclə azad etmişik və bununla fəxr edirik, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla qürur duyur. Ölməz, məğrur şairimiz Mikayıl Müşfiqin də dediyi kimi:

       Mənim könlüm deyir ki,
       Hələ bunlar nədir ki...
       Böyük günlər, şanlı günlər, şən günlər,
       Yoluna düşən günlər,
       Hələ qarşımızdadır!

Azərbaycanımızın hər yerində, Naxçıvanda, Şuşada, Xankəndidə, bütün Qarabağda, o cümlədən də Laçında ucalan, Zəfərimizin rəmzi sayılan üçrəngli bayrağımızın əbədi dalğalanması, Qələbəmizin, qüdrətimizin, hərməyliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin əbədiyyət qazanması diləyi ilə! Günün mübarək olsun, əziz Laçın!

Nail ƏSGƏROV

Nəşr edilib : 26.08.2024 00:07