NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvanda idman infrastrukturu: xərclər, problemlər və cavabsız suallar

...

Susuz hovuzlar, bağlı qapılar, təmirsiz idman məkanları,  əkin sahələrini xatırladan stadionlar... 

“İdman sağlam cəmiyyətin təməlidir” deyirik. Bəs bu təməlin sağlam qoyulması üçün işlər görülürmü? Şüar gözəl səslənə bilər, amma Naxçıvan kimi böyük regionda insanların idmanla məşğul olması üçün yaradılan şəraitə baxanda daha bir sual ortaya çıxır: cəmiyyətdən idman tələb edirik, yoxsa bu cəmiyyəti idmandan uzaqlaşdırırıq? 

Bir vaxtlar diyarımızda uşaq, yeniyetmə və gənclərin səsinin eşidildiyi, məşqçi-müəllimlərin çağırışlarının ucaldığı idman zallarının və obyektlərinin bəziləri bu gün səssizliyə “məhkum” olub. Binalar, zallar, stadionlar, obyektlər yerindədir, amma idmanın özü yoxdur. 

Bağlı qapı arxasında hansı işlər görülüb? 

İdman mərkəzləri, zalları tikilir, istifadəyə verilir. Sonra bəziləri təmirsizlikdən “əziyyət” çəkir, digərləri isə baxımsızlıqdan yararsız vəziyyətə düşür və qapılarını bağlayır. Və təəccüblə özümüzə sual veririk: Niyə bizdə idman inkişaf etmir? 

İdman mərkəzləri, zalları və stadionları, sadəcə, beton divarlardan, plastik qapı-pəncərələrdən, ağır dəmir konstruksiyalardan və ya ölçüsü 100 metrə çatmayan süni örtüklü meydançalardan ibarət deyil. Bunlar gələcəyə qoyulan sərmayədir. 

Gələcəyə sərmayə kimi baxdığımız və illər əvvəl böyük ümidlərlə yaradılan Naxçıvan Üzgüçülük Mərkəzindəyik. Hovuzu var, suyu yox, binası var, fəaliyyəti yox, qapıları isə bağlıdır. Hətta fotosunu çəkməyə də icazə verilmir. Bu mənzərənin adı nədir: idman siyasəti, yoxsa dövlət vəsaiti hesabına yaradılmış obyektin göz görə-görə fəaliyyətsiz saxlanılması? 

Bu gün mərkəz muxtar respublikada idmançıların səsi ilə deyil, səssizliyi ilə seçilən idman obyektlərindən biridir. Üzgüçülük intizamdır, sağlamlıqdır, həyat bacarığıdır. Xüsusilə uşaqlar üçün bu, bir idman növündən də artıq əhəmiyyət daşıyır. Amma mərkəzin qapıları bağlı qalırsa, ondan kim istifadə edəcək? 

Acınacaqlı məqam budur ki, belə obyektlərin yaradılmasına dövlət vəsaiti xərclənir: zəhmət hesabına tikilir, istifadəyə verilir, zaman keçdikcə isə fəaliyyətini dayandırır. Niyə belə böyük binanın hovuzu “quruyub”? Bu sual artıq sadə maraqdan çıxaraq cavab tələb edən ictimai məsələyə çevrilib. Ortada təkcə boş bina deyil, istifadə olunmayan ictimai imkan var. Dövlət büdcəsi hesabına yaradılan üzgüçülük mərkəzi bu gün qapalıdırsa, bunun məsuliyyəti də olmalı, cavab verən də tapılmalıdır. 

Cavab verən oldu. Sorğumuza Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən verilən cavabı olduğu kimi diqqətinizə çatdırırıq: “Üzgüçülük Mərkəzində ötən dövr ərzində müəyyən təmir işləri aparılmışdır. Tikinti-quraşdırma, söküntü, elektrik və istilik sistemlərinin bərpası, o cümlədən dam örtüyünün təmiri işləri tamamlanıb. Bununla yanaşı, mərkəzin gələcək istifadəsi və funksional imkanlarının genişləndirilməsi ilə bağlı da müxtəlif yanaşmalar və müzakirələr mövcuddur. Bu çərçivədə obyektin gələcək fəaliyyətinin yalnız mövcud xidmətlərlə məhdudlaşmaması, göstərilən xidmətlərin genişləndirilməsi, eləcə də mərkəzin daxilində və ya ətrafında digər idman istiqamətləri üzrə imkanların yaradılması məsələləri də müzakirə olunur. Lakin hazırda bu məsələlərlə bağlı yekun rəsmi razılaşma olmadığı üçün konkret layihə, tərəfdaş və ya nəticə barədə məlumat vermək düzgün olmaz. Müvafiq razılaşdırmalar yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Mövcud məlumatlara əsasən Naxçıvan Üzgüçülük Mərkəzi ilə bağlı işlərə 270 min manatdan artıq vəsaitin ayrıldığı bildirilir. Bəs bu vəsaitin qarşılığında mərkəzdə real olaraq hansı işlər görülüb və həmin işlər obyektin fəaliyyətinin bərpasına nə dərəcədə xidmət edib? Təmir işlərinin aparıldığı qeyd olunsa da, mərkəzin fəaliyyətsiz qalması xərclənən vəsaitin nəticəliliyini sual altına alır. Dövlət vəsaiti ilə həyata keçirilən işlərin əsas nəticəsi yalnız binanın təmir olunması deyil, onun təyinatına uyğun fəaliyyət göstərməsi və vətəndaşlara xidmət etməsidir. 

İki ildən çoxdur fəaliyyətsiz qalan mərkəzdə hansı xidmətlər genişləndiriləcək, hansı məsələlər müzakirə olunacaq və ictimaiyyətə nə vaxt məlumat veriləcək? Üzgüçülük Mərkəzinin başqa bir idman mərkəzinə ( oxu, boks mərkəzinə) çevrilməsi nəzərdə tutulur, yoxsa, hələ bilmədiyimiz başqa məqamlar var?! 

Üzgüçülük Mərkəzi bu müddət ərzində işləmirsə, onun zahiri görkəminin heç bir əhəmiyyəti yoxdur. Hovuz su ilə dolu olsa belə – hərçənd ki, hazırda dolu deyil – vətəndaşlar üçün əlçatmazdırsa, öz funksiyasını yerinə yetirmir. İdman obyekti qapısına kilid vurulması üçün inşa edilmir, cənablar! Düşünürük ki, “Niyə işləmir?” sualının yanında “Kim məsuldur?” sualı da səslənməlidir.     

Bitməli olub, amma davam edən təmir 

İdman insan sağlamlığının qorunmasında, fiziki və mənəvi inkişafında mühüm rol oynayır, insanda intizam, iradə və məsuliyyət hissi formalaşdırır. Xüsusilə rayon və kəndlərdə yaşayan uşaqlar üçün idman mərkəzləri və zalları asudə vaxtın səmərəli keçirilməsi, zərərli vərdişlərdən uzaq durmaq və gələcəkdə özünü təsdiq etmək baxımından böyük imkanlar yaradır. 

Bu baxımdan, muxtar respublikanın rayonlarında mövcud vəziyyətə ciddi yanaşmaq lazımdır. Çünki bəzi rayon və kəndlərimizdə normal şəraiti olan idman zalı yoxdur, idman qurğuları isə ya köhnəlib, ya istifadəyə yararsız vəziyyətə düşüb, ya da ümumiyyətlə, mövcud deyil. Bir sözlə, uşağa “idman et” deyirik, amma idman edəcəyi yeri göstərə bilmirik. 

Nümunə kimi Şərur Olimpiya İdman Kompleksini göstərmək olar. Burada da təmir-bərpa işlərinin gecikməsi ilə bağlı suallar yaranır. Vaxtında başa çatmalı olan işlərə hələ yeni başlanılır. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, Şərur Olimpiya İdman Kompleksində (OİK) 2026-cı il üzrə təmir-bərpa və maddi-texniki təminat istiqamətində işlərə başlanılıb: “Görülən işlərin əsas hissəsi Üzgüçülük Mərkəzini əhatə edir və bu da mövcud xidmət məhdudiyyətlərinin aradan qaldırılması, texniki imkanların yaxşılaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi zərurətindən irəli gəlir. Ümumilikdə, Şərur OİK-də ilkin mövcud texniki təchizat problemlərinin həlli istiqamətində qiymətləndirmə aparılıb, zəruri ehtiyaclar müəyyənləşdirilib və satınalma proseduru həyata keçirilib. Müqaviləyə əsasən su təminatı və nasos sistemlərinin, su çənlərinin, filtirasiya avadanlıqlarının yenilənməsi, kondisioner sistemlərinə texniki xidmət göstərilməsi, işıqlandırma sistemlərinin təkmilləşdirilməsi və digər zəruri texniki işlərin aparılması nəzərdə tutulur. Görülən tədbirlərin əsas məqsədi Şərur OİK-də mövcud texniki məhdudiyyətləri aradan qaldırmaq, mühəndis-texniki sistemlərin normal fəaliyyətini təmin etmək və istifadəçilər üçün daha keyfiyyətli xidmət şəraiti yaratmaqdır”. 

Burada bir sual yaranır: Kompleks təkcə Üzgüçülük Mərkəzindən ibarətdir? Kompleksin ərazisindəki stadionların işıqlandırma sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulursa, bərbad vəziyyətdə olan süni ot örtüyünə də “əl gəzdirilməlidir!” 

Dövlətin malına niyə ziyan vurasan? 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın 19 ərazisində sadə tipli açıq hava idman qurğuları quraşdırılaraq vətəndaşların istifadəsinə verilib. Onların 8-i Naxçıvan şəhərində, digərləri isə muxtar respublikanın müxtəlif bölgələrində yerləşir. Bu qurğuların quraşdırılmasında əsas məqsəd əhalini sağlam həyat tərzinə təşviq etmək, asudə vaxtın səmərəli təşkilinə şərait yaratmaq və idman xidmətlərinin əlçatanlığını təmin etməkdir. Təəssüf ki, hazırda həmin qurğuların bir qisminin baxımsız vəziyyətdə olduğu, bəzilərinin isə zədələndiyi və sıradan çıxdığı müşahidə olunur. 

 Bəs açıq hava idman qurğularının texniki vəziyyətinə və istifadəsinə nəzarət necə həyata keçirilir? Zədələnmiş və ya sıradan çıxmış qurğuların təmiri, bərpası və ya yeniləri ilə əvəz olunması hansı qurumun, yaxud struktur bölmənin səlahiyyətinə daxildir? Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyindən qəzetimizə verilən açıqlamada qeyd edilir ki, açıq hava idman qurğularının texniki vəziyyətinə nəzarət nazirliyin keçirdiyi monitorinqlər əsasında təmin olunur: “Bu zaman qurğuların ümumi vəziyyəti, avadanlıqların işləkliyi və ərazinin istifadəyə yararlılığı qiymətləndirilir, aşkar olunan nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Qurğuların quraşdırılması ilə bağlı satınalma müqaviləsinin şərtlərinə əsasən onların istifadəyə verildiyi tarixdən etibarən bir il müddətində yaranan bu tipli nasazlıqların aradan qaldırılması, zədələnmiş və ya sıradan çıxmış avadanlıqların təmir-bərpası həmin işləri həyata keçirən şirkətin öhdəliyində olub. Hazırda həmin müqavilə öhdəliyinin müddəti başa çatıb”.  

Açıq hava idman qurğularının quraşdırılmasına 465 min manatdan artıq vəsait xərclənib. Əhalinin sağlamlığının qorunmasına və idmanın kütləviləşdirilməsinə xidmət etməli olan bu qurğuların bir qisminin zədələnməsi, bəzilərinin isə yararsız vəziyyətə düşməsi xərclənən vəsaitin səmərəliliyi və yaradılmış infrastrukturun qorunması məsələsini gündəmə gətirir. Dövlət vəsaiti hesabına qurulan bu avadanlıqların hansı ərazilərdə yerləşdirilməsi ilə yanaşı, onların işlək vəziyyətdə saxlanılması və uzunmüddətli istifadəsinin təmin edilməsi də vacibdir. Axı görülən işin nəticəsi yalnız qurğuların quraşdırılması ilə deyil, onların insanlara nə dərəcədə xidmət etməsi ilə ölçülür. 

Qurğuların texniki vəziyyətinə nəzarətin nazirliyin öhdəliyində olduğu bildirilirsə, onların zədələnməsinin və sıradan çıxmasının qarşısını almaq üçün hansı tədbirlərin görüldüyü də aydın olmalıdır. Bəs bu hallarda vətəndaş məsuliyyəti necə müəyyənləşdirilir və avadanlıqlardan düzgün istifadənin təşviqi üçün hansı addımlar atılır? 

Nazirlikdən bildirildi ki, “qurğulara qəsdən zərər vurulması və ya onların düzgün istifadə edilməməsi müəyyənləşdirildikdə, belə halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür”. Qurumun açıqlamasına görə, məqsəd yalnız zədələnmiş qurğuları bərpa etmək deyil, eyni zamanda bu halların təkrarlanmasının qarşısını almaqdır. Bu istiqamətdə maarifləndirmə işləri aparılıb, media vasitəsilə ictimaiyyətə qurğulardan düzgün istifadə ilə bağlı çağırışlar edilib. 

Etiraf edək ki, çəkiliş zamanı muxtar respublikanın rayonlarında bu kimi neqativ hallarla üzləşmədik. Söhbətləşdiyimiz insanlar açıq hava idman qurğularının xüsusilə uşaqlar üçün əhəmiyyətli olduğunu vurğuladılar. Lakin bu sözləri Naxçıvan şəhəri haqqında demək mümkün deyil. Müşahidə apardığımız ərazilərdə qurğuların bir qisminin zədələndiyinin, bəzilərinin isə sıradan çıxdığının şahidi olduq. 

Qapısı olmayan, tribunası çökən, əkin sahəsini xatırladan stadionlarımız... 

Sağlam gələcək istəyirik, gənclərin idmana cəlb olunmasını, idmana marağın artmasını arzulayırıq. Ancaq onların məşq edəcəkləri stadionların bərbad vəziyyətdə olduğunu görmürük. Tribunaları uçmaq üzrə olan, oturacaqları qalaq-qalaq bir kənara toplanan, ot örtüyü meydançadan çox əkin sahəsini xatırladan bu stadionlar idmanın inkişafına xidmət etməli olduğu halda, bəzən onun qarşısında əngələ çevrilir. 

“Futbolun kütləviləşdirilməsi” kimi pafoslu ifadələr işlədə-işlədə stadion tikmək bir yana, mövcud olanı qorumaq belə bəzən bizə “ağır” gəlir. Naxçıvan kimi qədim şəhərlərdə stadionlar şəhərin simasının bir hissəsidir. Amma regionumuzdakı stadionların vəziyyətinə baxanda düşünürük: Doğrudanmı idmanın inkişafını istəyirik, yoxsa, sadəcə, bunu dilə gətirməklə kifayətlənirik? 

Futbol arenasından çox otlaq sahəsini xatırladan Şərur şəhər stadionuna baş çəkirik. Öyrənirik ki, uzun müddət istismar olunmadığından stadionun ot örtüyü, tribunaları və digər infrastruktur elementləri yararsız vəziyyətə düşüb. 

Nazirlikdən bildirildi ki, stadion yalnız bu ilin iyul ayında nazirliyin balansına keçirilib: “Bu səbəbdən həmin obyektlə bağlı gələcək planlama artıq yeni mərhələdə aparılacaq. Stadionun texniki vəziyyəti və gələcək istifadəsi ilə bağlı ayrıca qiymətləndirmələr aparılacaq. Stadionun yenidən qurulması ilə bağlı layihə Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün təklif olunub”. 

Maraqlıdır, bu vaxtadək yerli qurumlar da qapıları sökülüb aparılan, tribunalarında ot bitən stadionun vəziyyəti ilə maraqlanmayıblarmı? 

Kəngərli rayonunun mərkəzində yerləşən stadiona baxanda da eyni mənzərə ilə qarşılaşırıq: köhnəlmiş meydança, baxımsız və dağılmış tribunalar, qırılmış ehtiyat oyunçular skamyası və dəyişməyən bir çox problem. Bu stadion nə Kəngərli Rayon İcra Hakimiyyətinin, nə də Gənclər və İdman Nazirliyinin balansındadır. Obyektə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən nəzarət edilir. 

Bu qurumun futbolla birbaşa bağlı fəaliyyət göstərmədiyini nəzərə alsaq, başqa bir sual yaranır: Yerli icra orqanı gözünün qarşısında olan bu bərbadlığı, sanki “vandalizmə” məruz qalmış stadionun vəziyyətini görmürmü? 

Səhlənkarlığın “açıq hava muzeyləri”ndən birindəyik – Naxçıvan Muxtar Respublika Stadionunda. Burada futbol oynamaq üçün müəyyən şərait var, ancaq komandamız yoxdur. Komandanın olmaması da stadionun baxımsız vəziyyətə düşməsinə səbəb olub. Bəs muxtar respublikanın ən böyük arenası niyə təmir olunmur? 

Sualımıza cavab olaraq nazirlikdən bildirildi ki, stadionun mövcud vəziyyəti tam nəzarətdə saxlanılır: “Nazirliyin rəhbərliyi, əməkdaşları və aidiyyəti qurumların nümayəndələri stadionda yerində baxışlar keçirib, monitorinqlər aparılıb, texniki vəziyyət təhlil olunub və proses üzrə konkret addımlar atılıb. Stadion 2000, 2013 və 2022-ci illərdə təmir və yenidənqurmadan keçsə də, uzunmüddətli istismar nəticəsində infrastrukturun ayrı-ayrı elementlərində yenidən problemlər yaranıb. Mövcud çatışmazlıqları aradan qaldırmaqla bərabər, əsas hədəf stadionu AFFA-nın müəyyən etdiyi standartlara uyğunlaşdırmaq, müasir texniki və təhlükəsizlik tələblərinə cavab verən funksional idman arenasına çevirməkdir”. 

O da vurğulandı ki, 2025-ci il sentyabrın 8-də stadionun layihələndirilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən iki konsept variantı nəzərdə tutulsa da, müvafiq şirkət dörd variant təqdim edib. Hazırda həmin variantlardan biri üzrə yekun qərarın verilməsi gözlənilir və bu məqsədlə müqavilənin icra müddəti ilin sonunadək uzadılıb. Görünən odur ki, hələ də variantlar “üzərində” iş gedir. 

Bu günədək görülən işlərə gəlincə qurum qeyd etdi ki, ərazinin topoqrafik çəkilişi aparılıb, geoloji tədqiqatlar və texniki müayinələr həyata keçirilib, memarlıq planlaşdırma və texnoloji həllər, eləcə də konsept layihə hazırlanıb: “Bundan əlavə, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən stadionun texniki vəziyyəti qiymətləndirilib, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi alınıb. Hazırda əsas mərhələ layihə variantının təsdiq edilməsidir. Bundan sonra işçi layihə hazırlanacaq, tikinti işləri üçün satınalma keçiriləcək, qalib şirkətlə müqavilə bağlanacaq və stadionda əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq”. 

Haşiyə: Deyilənlərdən belə başa düşülür ki, qarşıdakı illərdə də stadionda futbola baxmaq üçün gözləməli olacağıq! Düşünürük ki, cəmiyyətə artıq bəhanə yox, məsuliyyət, vəd yox, təmir, görüntü yox, keyfiyyət lazımdır. Çünki stadionlarımızın tribunaları çökdükcə idmana olan inam da sarsılır. Bu isə gələcəyə biganəliyin göstəricisidir. 

Son söz 

Hovuzun suyu, stadionun süni otu, mərkəzlərdə quraşdırılan idman qurğuları durğun qala bilər, amma cəmiyyətin düşüncəsində yaranan suallar durğun qalmır. Vətəndaşlar üçün tikilən idman zalları və mərkəzləri onların üzünə bağlıdırsa, meydançalardan səmərəli istifadə olunmursa, bu qədər xərcin və zəhmətin mənası nədir? Əgər bu obyektlər xalq üçün tikilibsə, xalq üçün də işləməlidir. Çünki dövlət vəsaiti ilə tikilən hər obyektin ən böyük hesabatı onun açılış mərasimi deyil, illər sonra da insanlara xidmət etməsidir. 

İdmana maraq da öz-özünə yaranmır. Bunun üçün davamlı diqqət və məsuliyyət lazımdır. Həm də idman yalnız medal qazanmaqdan ibarət deyil. İdman uşağa yaradılan şəraitdən başlayaraq onun sağlamlığına, dünyagörüşünə və həyat tərzinə çevrilən bir sahədir. Odur ki, hesabatlarda “gənclərin idmana cəlb olunması”ndan danışmaq çox asandır, amma reallıq daha sərtdir. Məsələni “hovuz niyə işləmir?” sualı ilə məhdudlaşdırmaq olmaz. Əsas sual budur: Dövlət vəsaiti hesabına yaradılan idman infrastrukturu niyə öz təyinatına uyğun fəaliyyət göstərmir və bunun məsuliyyətini kim daşıyır? 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 12.10.2026 20:27