Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Qərbi Azərbaycan mətbəxi əsrlərboyu formalaşmış zəngin kulinariya irsinin daşıyıcısıdır. Bu mətbəxə məxsus yeməklər xalqın həyat tərzini, adət-ənənələrini və tarixini özündə yaşadan mühüm mədəniyyət nümunələridir.
Bu gün Ordubad şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalında təqdim olunan təamlar ziyarətçiləri qədim dadlarla tanış edir. Süfrələrdə bir çoxlarının adını ilk dəfə eşitdiyi yeməklər də yer alıb. Qovut, əriştə aşı, İrəvan kətəsi, fəsəli, xaşıl, qurut aşı, döşəmə plov, daş küftə, çəkmə aşı, kələm və yarpaq dolması, halva, əyirdək, süzmə qatıq, meyvə quruları, lavaşa, müxtəlif turşular və mürəbbələr festival iştirakçılarının böyük marağına səbəb olur.
Festival iştirakçılarından Naibə Hacıyeva bildirir ki, bu cür tədbirlər gənc nəslin milli kulinariya irsini tanıması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu yeməklərin bir çoxunun adını yalnız valideynlərimizdən eşitmişik. Onları burada görmək və dadına baxmaq bizim üçün çox maraqlı təcrübədir”.
Qərbi Azərbaycan mətbəxinin əsas xüsusiyyətlərindən biri təbii məhsullardan istifadə olunması və reseptlərin nəsildən-nəslə ötürülməsidir. Hər bir yeməyin arxasında bir ailə ənənəsi, bir həyat hekayəsi dayanır.
Əsrlərboyu nəsildən-nəslə ötürülən reseptlər, ailə süfrələrinin ayrılmaz hissəsinə çevrilən təamlar və hər biri bir yurdun xatirəsini yaşadan dadlar Qərbi Azərbaycan mətbəxini, sadəcə, yeməklər toplusu deyil, xalqın tarixini, məişətini və mədəniyyətini əks etdirən zəngin irsə çevirib.
Bu mətbəxin əsas özəlliyi təbii məhsullardan istifadə olunması və yeməklərin hazırlanmasında ənənəvi üsulların qorunub saxlanılmasıdır. Ət və süd məhsulları, müxtəlif dənli bitkilər, dağlarda yetişən ətirli otlar və təbii ədviyyatlar Qərbi Azərbaycan süfrəsinin əsas elementlərini təşkil edir.
Festivalda tanış olduğumuz Qərbi Azərbaycanın Qafan şəhərindən olan Nailə nənə də bu barədə maraqlı məlumatlar verdi. Onun sözlərinə görə, Qərbi Azərbaycan mətbəxində plov növləri, qapama, müxtəlif xəmir yeməkləri, dolmalar, qurut əsaslı təamlar və sacda hazırlanan yeməklər xüsusi yer tutur. İrəvan kətəsi, fəsəli, əriştə aşı, umac və xaşıl kimi yeməklər bu gün də qədim kulinariya ənənələrinin yaşadıldığını göstərir.
Nailə nənə qeyd edir ki, bu yeməklərin hər biri yalnız özünəməxsus dadı ilə deyil, həm də arxasında dayanan həyat tərzi ilə seçilir. Keçmişdə toylar, el şənlikləri və ailə məclisləri məhz bu təamlarla daha da yaddaqalan olurdu. Bu gün isə həmin dadlar xalqın mədəni yaddaşının ayrılmaz hissəsi kimi qorunur və yaşadılır.
Ordubadda keçirilən festival da məhz bu zəngin kulinariya irsinin tanıdılmasına xidmət edir. Burada nümayiş olunan təamlar ziyarətçilərə Qərbi Azərbaycanın zəngin mətbəx mədəniyyətini daha yaxından tanımaq imkanı yaradır. Festival bir daha göstərir ki, xalqın yaddaşında yaşayan bu dadlar, sadəcə, mətbəx nümunəsi deyil, həm də milli kimliyimizin ayrılmaz hissəsidir.
Zəhra VƏLiYEVA
Digər xəbərlər