Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Məhərrəmov Mayis Füzuli oğlu
(14.07.1982-26.09.2023)
Uşaqlıqdan hərbi sahəyə marağını hiss etmişdim. Lakin düzünü deyim ki, gözümdən qırağa qoymaq istəmirdim. Düşünürdüm ki, kənddə qalsın. Böyük torpaq sahəmiz var. Əkək, becərək, ailəmizi dolandıraq. İndi kənd yerində hamı torpaqla dolanır. Pis də dolanmırlar. Mən də gözümü açıb belə görmüşəm.
Nə isə... Məktəbi bitirdi. Yaxşı oxuyurdu. Vaxtı çatanda hərbi xidmətə getdi. Telefon danışıqlarından yaxşı xidmət etdiyini başa düşürdüm. Hiss edirdim ki, hərbçi olmaq fikrindən hələ də daşınmayıb. Hərbi xidmətdə olduğu müddətdə evə məzuniyyətə gələrkən bildim ki, Mayis dediyini edəcək. Əsgərlikdən gəldi. Gedib Bakıda könüllü olaraq oxudu və hərbiyə işə düzəldi. Onu tankçı kimi xidmətə göndərdilər.
Oğlumla axırıncı danışığımız 2023-cü il sentyabr ayının 19-u oldu. Anası ilə danışdı. Buradan gedəndən sonra Füzuliyə göndərmişdilər. Komandirin UAZ maşınını sürürdü. Onunla postları gəzirdi.
Son danışığında dekabr ayında məzuniyyət götürüb gələcəyini dedi. Çox sevindik. Deyirdi ki, ata, sən get qonşuda Nəcəf həkimlə danış, dişlərini düzəltdir, pulunu özüm verəcəyəm. Sonra ayrı bir həkim var, get o da gözlərini müayinə etsin. Nə lazım olsa, özüm həll edəcəyəm. Tezliklə görüşərik. Bu cür qayğıkeş bir övlad idi. Öz balalarına da mehriban idi. Onlar üçün əlindən gələni edirdi. Şəhid olan günü komandiri ilə danışdım. Dedi ki, mən Şahbuz rayonunun Badamlı kəndindənəm. Mayis gəlib yanıma düşəndə soruşdum ki, nə sənətin sahibisən? Dedi ki, sürücüyəm. İndi maşınımı Mayis idarə edir. Hara gəldi onunla birgə gedib baxırıq. Neçə yaralı əsgəri qucağına, çiyninə alaraq döyüş zonasından çıxarıb. Razılıq etdi ki, sağ olun, belə övlad böyütmüsünüz.
Mayis şəhidliyə ucalmış yüzlərlə şəhidimizdən biridir. Bu gün övladları atasız böyüsə də, qürurluyuq. Ona görə ki, o bizim bu günümüzün yolunda şəhid olub. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, qəbirləri nurla dolsun.
Digər xəbərlər