NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qəhrəman üç qardaş

...

Qədim Naxçıvanın ulu yurdu Culfa rayonunda bir ocaq var: Nəcəfovların ocağı. Vətən savaşına kimi bu ailəni, sadəcə,  dostları, tanışları, qohum-qonşular tanıyırdı. Şanlı zəfərdən sonra isə bu ailəni bütün Azərbaycan tanıdı. Üç oğlunu da Vətən savaşına göndərən  ananın döyüşlərdə şəhid olan oğlu Yaqubun məzarı başındakı məğrur duruşu,   oğullarının qəhrəmanlığı bir çox azərbaycanlı ailəyə örnək oldu. 
Beş il bundan əvvəl 27 sentyabrda başlayan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq simvoluna çevrilib. Ali Baş Komandanın verdiyi əmr ilə həmin gün müharibə başlandı. Müharibədə iştirak edən minlərlə qəhrəman oğulların sırasında Culfa şəhərində yaşayan Nəcəfovlar ailəsinin üç qəhrəman övladı da iştirak edirdi. Bu ailənin qəhrəmanlığı hələ I Qarabağ döyüşlərindən hər kəsə məlum idi. Belə ki, ailə başçısı Məhəmməd müəllim və iki qardaşı I Qarabağ döyüşlərində iştirak etmişdilər. Qəhrəman ailədə böyüyən Məhəmməd müəllimin hər üç övladı da ata və əmilərinin yolunu davam etdirir. Əvvəl evin böyük uşaqları, əkiz İsmayıl və İbrahim Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Hər iki qardaş liseyi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olurlar. Evin sonbeşiyi Yaqub da qardaşlarından geri qalmır. Yüksək nəticə ilə hərbi liseyə daxil olur. 2020-ci ildə İbrahim və İsmayıl müxtəlif hərbi hissələrdə xidmətə, Yaqub isə Ali Hərbi Məktəbdə  IV kursa başlayır. Elə həmin vaxt hər üç qəhrəman qardaş Vətənin keşiyində dururlar.
Yaxın günlərdə ailənin qonağı olduğumuzda ata Məhəmməd müəllim bunları danışdıqca sanki o günləri yenidən yaşayırdı. Amma o qədər fəxrli və qürurludur: “Müharibədə İbrahim Ağdam döyüşlərində, İsmayıl isə Suqovuşan döyüşlərində iştirak edirdi. Ağdamda gedən döyüşlər zamanı İbrahim ağır yaralanır, onu Bakı şəhərinə təxliyə edirlər. Vəziyyəti ağır olduğu üçün bizi İbrahimin yanına çağırdılar.  Həmin dövrdə gediş-gəliş çətin olsa da, Bakıya getdim. Bir neçə gündən sonra Gəncədə təlimlərdə iştirak edən Yaqubla da görüşdüm. Müharibənin sonlarına az qalırdı, qızğın döyüşlər gedirdi. Mən də İbrahimin yanına qayıtmışdım. Yenə qayıdıb İsmayıl və Yaqubu görmək istəyirdim. Yaqubdan mənə zəng gəldi. Dedi, ata biz gedirik. Dedim, hara? Dedi, Füzulinin kitabını almağa. Yaqubgili ön cəbhəyə aparmışdılar. Füzuliyə, oradan Zəngilana, sonda isə Şuşaya doğru gedirlər. Şuşada əlbəyaxa döyüşlərdə iştirak edirlər. Şuşanın azad olunmasında qəhrəmanlıq göstərir. Şuşadan anasına və qardaşlarına zəng vurur ki, Şuşa azad oldu. Burada    gəzirik”.
Şuşanın azad olunmasından sonra düşmən diz çöküb təslim aktına qol çəksə də, mənfur erməni öz xislətindən əl çəkmir. Kiçik qruplar halında Şuşada gizlənən ermənilər qəhrəman oğullarımıza hücum edir. Həmin vaxt Yaqub da orada şəhid olur. 
“Xəstəxanada İbrahimin yanında idim. Yaqubun zabit yoldaşı mənə zəng vurdu. Dedi, müəllim, başımız sağ olsun. Yaqub şəhid oldu. Dedim, Allah sizi qorusun, Vətən sağ olsun! Sonra həmin zabitə zəng vurdum, amma cavab vermədi. Öyrəndim ki, sonra özü də şəhid olub”.
Kədərini içində boğan ata bu haqda yalnız İbrahimə deyir. Nə Xuraman müəllimin, nə də yaxın qohumlarının xəbəri olmur. Məhəmməd müəllim oğlu Yaqubun nəşini gətirmək üçün Qarabağa yollanır. Amma heç kim Yaqubdan xəbər vermir. 
“Bütün qaynar xətlərə zəng vurdum. Hər kəs heç bir məlumatın olmadığını söylədi. Yaqubun şəkillərini ətrafa payladım. Bütün hospitallara, morqlara baxdım. Amma oğlumdan xəbər ala bilmədim. Sonda bir zabit mənə Yaqubun nəşinin  Şuşadan  gətiriləcəyini dedi. Hələ də Xuraman müəllimə bu haqda heç nə deməmişdim. Çünki mən bilmirdim ki, Yaqubu nə vaxt tapıb, nə vaxt anasına çatdıracağam. Hər dəfə mənə zəng vururdu ki Yaqubdan nə xəbər. Deyirdim ki, mən İbrahimin yanında, Bakıdayam. Yaqubun nəşi bir neçə gün sonra Füzuliyə gətirildi. Gedib oğlumu da götürüb yurduna gətirdim. Mən övlad acısı ilə yanan qəlbimi qələbə xəbərləri ilə soyudurdum az da olsa. Oğluma günlər sonra qovuşmuşdum, üçrəngli bayrağa sarılmış tabutunu evimizə gətirəndə bizi qarşılayan həyat yoldaşımın məğrur duruşu mənə güc verdi”.
Nəcəfovların evində – üç qəhrəman oğulun böyüdüyü ocaqda olduğumuzda söhbət zamanı ata danışdıqca sanki o günləri yenidən yaşayırdı.
Buna baxmayaraq, o qədər mətin, qürurla danışırdı ki, Yaqub yenidən doğulub boya-başa çatsa, yenə də Vətənə qurban verər. 

Turan MƏMMƏDLİ
 

Nəşr edilib : 12.10.2025 15:58