Naxçıvanda hemodializ xidmətlərinin təkmilləşdiril...
23:31 17.06.2025
0
0
0
NAXÇIVAN :
18 Iyun 2025, Çərşənbə
Prezident İlham Əliyev: "Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi. Xüsusilə 1990-cı illərin əvvəllərində naxçıvanlılar Heydər Əliyevi özlərinə rəhbər seçəndən sonra. Həmin ağır, çətin vəziyyətdə Naxçıvanda sabitliyin təmin olunması, Naxçıvanda inkişafın təmin olunması məhz Heydər Əliyevin və naxçıvanlıların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Naxçıvanlılar bu çətin sınaqdan şərəflə çıxdılar və o illər ərzində təməli qoyulmuş layihələr, işlər bu gün öz bəhrəsini verməkdədir".
“Mən ona özüm qədər inanıram”
“Sizinlə məni bağlayan təkcə bu torpaqda doğulmağım, böyüyüb həyata atılmağım deyil. Sizinlə məni bağlayan Azərbaycan Respublikası, o cümlədən muxtar respublika üçün çox ağır bir dövrdə – 1990-cı ildən sizinlə bir yerdə yaşamağım, Naxçıvanı sizinlə birgə qorumağımdır”. Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvana səfərlərinin birində dilə gətirdiyi bu cümlələr qədim yurdun insanlarının Heydər Əliyevə sıx bağlılığının və dərin sədaqətinin haradan yarandığını və nə qədər səmimi olduğunu bir daha sübut edir.
Onun yolunun davamçısı, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən, ölkəmizi dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldən dövlət başçımız da naxçıvanlılar üçün Ulu Öndər qədər dəyərli və əzizdir. Ona görə də ölkə başçısının qədim diyara bütün səfərləri həmişə böyük sevgi, rəğbətlə qarşılanıb. Ulu Öndərin “Mən ona özüm qədər inanıram”, – dediyi həmin gündən naxçıvanlılar da Ulu Öndərin davamçısına böyük inam hiss ediblər. Onun həyata keçirdiyi daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini ifadə ediblər.
Hər səfər bir çox açılışlarla yadda qalıb
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Prezidenti 2004-2023-cü illər ərzində 16 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib və bu səfərlər zamanı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsi olan mühüm əhəmiyyətə malik obyektlərin açılışı olub, ölkə rəhbərinin tövsiyə və tapşırıqlarına əsasən yeni layihələrə start verilib.
2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 150-dən çox obyektin açılışında, bölgə üçün mühüm əhəmiyyət kəsb edən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri keçirilib.
Prezident İlham Əliyevin Naxçıvana səfərləri davamlı xarakter daşıyıb və hər səfər bir çox açılışlarla yadda qalıb. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın və ümumilikdə, Türk dünyasının mühüm strateji məkanıdır. Qədim yurda göstərilən diqqət və qayğı ölkəmizin milli maraqlarının tələbidir. Bu mənada, dövlətimiz daim muxtar respublikaya diqqət göstərir. Tarix baxımından çox qısa bir dövr ərzində muxtar respublikada bu qədər işlərin görülməsi, qədim diyarın başdan-başa abadlaşdırılması məhz Azərbaycan Prezidentinin imzaladığı Dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin vaxtında və diqqətlə reallaşdırılması nəticəsində mümkün olub. Ötən illərdə muxtar respublikada qarşıya qoyulmuş başlıca vəzifələr – əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil, səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması görülən kompleks işlərin tərkib hissəsidir. Çünki bu gün dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır.
35 ildir, blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar da ardıcıl olaraq inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Bütün bunların təməlində isə məhz Ulu Öndərimiz Heydər Əliyev yolunun, Onun inkişafa hesablanmış strateji yüksəliş xəttinin uğurla davam etdirilməsi dayanır. Naxçıvan Muxtar Respublikasında müasir səviyyədəki yüksək inkişaf da Azərbaycanda Heydər Əliyev yolunun geniş üfüqlərinin möhtəşəm təntənəsidir.
Blokada şəraitində yaşadığımız 35 il ərzində qədim diyarımızda geniş vüsət alan tikinti-quruculuq, abadlıq işləri, yol-nəqliyyat sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində əsaslı addımlar atılıb. Naxçıvan hazırda inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır.
Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bəhrəsini gündəlik həyatında hiss edir. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, hətta ən ucqar dağ kəndləri də abadlaşdırılıb. Bu kəndlərdə insanların yaşayışı üçün vacib olan bütün məsələlər həllini tapıb. Təsadüfi deyil ki, Naxçıvanın əhalisinin sayı artaraq 470 min 943 nəfərə çatıb. Ölkə başçısının qeyd etdiyi kimi, əhalinin artımı, əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Muxtar respublikada yeni iş yerlərinin açılması isə insanların yurda bağlılığını artırır. Bu isə onu göstərir ki, biz düz yoldayıq və bu yol Heydər Əliyev yoludur.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına səfərlərinin nəticələrinə əsaslanaraq deyə bilərik ki, muxtar respublika ölkəmizin regionları arasında özünün dinamik inkişafı, tərəqqisi ilə bu gün də seçilməkdədir. Ölkə başçısının muxtar respublikaya göstərdiyi diqqət isə Naxçıvan Muxtar Respublikasının bundan sonra da inkişaf edəcəyinin real təminatıdır.
Naxçıvanın yeni yüksəlişinin yol xəritəsi müəyyənləşdirilib
Son illər ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində, demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, əlbəttə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib. Bu isə, öz növbəsində, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanması və icrasının davam etdirilməsi zərurəti yaradıb. Məhz bütün bunları nəzərə alan Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayaraq müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirib.
Prezidentin müəyyənləşdirdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” məhz yeni mərhələdə müəyyən vəzifələrin reallaşdırılması prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. İnanırıq ki, işgüzarlıqları, prinsipiallıqları ilə birlikdə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar həmişə olduğu kimi, bundan sonra da böyük nailiyyətlərə imza atacaqlar.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər