Baharfest Naxçıvanda!
22:01 13.03.2025
0
0
0
NAXÇIVAN :
13 Mart 2025, Cümə axşamı
Qədim dövlətçilik ənənələri olan bu torpaq hər zaman xalqımızın çoxəsrlik mədəni irsini layiqincə yaşatmış, görkəmli elm xadimləri, tarixi şəxsiyyətləri və sənətkarları ilə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 101-ci ili tamam olur. Naxçıvanın muxtariyyəti dövrünün çətinliyinə baxmayaraq, Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyət idi. 1921-ci il martın 16-da imzalanan Moskva və 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqavilələri ilə Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdur. Bununla da, Naxçıvanın ərazi mənsubiyyəti məsələsi beynəlxalq müqavilələrlə Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olunmuşdur.
1921-ci ildən 1924-cü ilədək bir çox müzakirələr aparılmış, 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar adlandırılmışdı. Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrildi. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının formalaşması 1924-cü ilin aprelində təsdiqlənmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edilmişdi. 1990-cı ilin noyabr ayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdi. Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının çox mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. 1998-ci ildə qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunmuş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.
Naxçıvanın ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz Ulu Öndərin adı ilə bağlı olmuşdur. Ümummilli Lider Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Azərbaycanın qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan Prezident cənab İlham Əliyev demişdir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamızın yüksələn iqtisadi inkişafı, hər bir sosial təbəqəyə ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl və uğurla həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına və muxtar respublikanın davamlı inkişafına öz töhfəsini verir.
Hal-hazırda muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirməyi hədəfləyən yeni layihələr icra olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində həyata keçirilən uğurlu iqtisadi və sosial islahatlar regionun iqtisadiyyatının inkişafının davamlılığının və dayanıqlılığının təmin edilməsinə, infrastrukturun, sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, əhalinin məşğulluğunun və maddi rifahının daha da yüksəldilməsinə xidmət edir.
Həyata keçirilən islahatlar fonunda muxtar respublikada sosial-iqtisadi sahələrin inkişaf dinamikası əhalinin sosial rifah halının daha da yaxşılaşdırılacağına inam hissi yaradır.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər