Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində...
18:16 24.04.2025
0
0
0
NAXÇIVAN :
24 Aprel 2025, Cümə axşamı
Ən qədim insan məskənlərindən biri olan, tarixin izlərini üzərinə həkk etmiş, min illərin sınağından alnıaçıq, üzüağ çıxan doğma Naxçıvan qədim məhəllələri ilə də şöhrət tapmış, bəzi məhəllələr artıq mövcud olmasa da, hələ də unudulmamışdır. Tarixi məhəllələri araşdırarkən bir zamanlar var olan bu yerlərin sehrinə dalır, həmin yerlər haqqında daha çox məlumat əldə etməyə tələsirik. Bu yolda bizə işıq olacaq əsas məlumatlar arxiv materiallarında əksini tapdığından üz tuturuq Dövlət Arxiv İdarəsinə. Qədim məhəllələr haqqında arxiv sənədləri ilə bizi Dövlət Arxiv Fond sənədlərindən istifadə və publikasiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Zülfiyə İsmayılova tanış edir. Hər sözündən, hər cümləsindən tarixin iyi gələn sənədləri vərəqlədikcə, sanki qədim məhəllələr gözlərimiz önündə yenidən canlanır, əslimizin-nəslimizin yaşadığı bu yerlər bizim üçün daha da doğmalaşır. Dövrün tələbinə görə rus dilində çap edilmiş bu sənədlərdən görünür ki, hələ 1831-ci ildə Naxçıvanda əsas 4 böyük məhəllə olmuşdur. Bunlar Sarvanlar, Şahab, Əlixan və Qurdlar məhəllələri idi. Əvvəlki yazılarda bu məhəllələr haqqında geniş məlumat verildiyindən bu dəfə tarixən mövcud olmuş digər məhəllələr haqqında araşdırma aparmağa üstünlük veririk. Sənədlərdə Oruc, Köhnəqala, Xoşulu, Əlixan, Çaparxan, Ziyilarx, Bilice, Xoy, Qala, Təzəkənd, Cığatay, Anbar və sair bu kimi məhəllə adları öz əksini tapıb.
Öyrənirik ki, Naxçıvan şəhərinin vaxtilə 45 ailənin məskunlaşdığı ən qədim məhəllələrindən biri “Cığatay” məhəlləsi olmuşdur. Məhəllənin salınma tarixi XIII əsrə təsadüf edir. Həmin dövrdə monqollar Azərbaycanı işğal etdiyindən Hülakülər sülaləsi Azərbaycanda hakimiyyətə gəlmiş və nəticədə, Azərbaycana gələn monqolların arasında bir sıra türkdilli tayfalar, o cümlədən cığataylar da olmuşlar. Monqolların Naxçıvandan çəkilməsindən sonra Azərbaycana gəlmiş cığataylar Kəngərlilərin tərkibinə qarışmış, şəhərin müəyyən hissəsini özləri üçün yaşayış yeri seçmiş və orada məskunlaşmışdılar.
Digər bir qədim məhəllə isə “Çaparxan məhəlləsi” adlanırdı ki, bu məhəllənin adının “çapar” sözü ilə əlaqədar olduğu güman edilir. Məhəllənin bu cür adlandırılmasına səbəb keçmişdə çaparların, qasidlərin çoxunun bu məhəllədə yaşaması idi. Həmçinin məhəllənin ilkin adının Çaparxana olduğu da deyilir. Sonrakı dövrdə Naxçıvan şəhərində yaradılmış ilk poçt məntəqəsi də məhz Çaparxan məhəlləsində yerləşmişdir. Sənədlərdə burada 40 ailənin yaşadığı əks olunub.
Mənbələrdə “Xoylu” və ya “Xoşulu” adı ilə qeyd olunan qədim məhəllə – Naxçıvan şəhərində, XVIII əsrin axırlarında Güney Azərbaycanın Xoy şəhərindən köçüb gələrək Əcəmi Seyrəngahının bazar səmtində məskunlaşanlar tərəfindən salınmışdır. Burada 35 Kəngərli ailəsinin yaşadığı və Qızlar bulağından başlayaraq Xan dikinin aşağısının həmin məhəllə əraziləri olduğu bildirilir. Məhəllə əhli, əsasən, göyərti əkini ilə məşğul olar, Bazar çayı üstündəki su dəyirmanlarını işlədərdi.
Başqa bir məhəllə Məmməd Cəfərin “Xatirələr” memuarında da adı keçən “Anbar” məhəlləsi idi ki, bu məhəllənin adı 17-ci əsrə aid olan sənədlərdə çəkilmişdir. Belə ki, bazara gələn kəndlilər və Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları bu məhəllədə yerləşən anbarlara yığırdılar. Ona görə də məhəllə “Anbar məhəlləsi” adlanırdı.
Ərəbcə “bucaq” mənasını daşıyan, fars mənbələrində isə “müqəddəs yer” anlamını ifadə edən “Zaviyə” məhəlləsi də qədim ünvanlar cərgəsindədir. Hətta bu məhəllədə yerləşən 17-18-ci əsrlərin memarlıq quruluşunun nümunəsi olan Zaviyə mədrəsəsi hazırda həmin ərazidə Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə qalmaqdadır.
Binaya ilk dəfə daxil olarkən foyedə asılmış Ulu Öndər Heydər Əliyevin sözləri diqqəti cəlb edir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”. Bu isə arxiv məlumatlarının necə önəmli olduğunu bir daha təsdiq edir. Bu gün bu sənədlər vasitəsilə ulu Naxçıvanın seyrinə çıxıb, bir-bir qədim məhəllələri gəzdik. Adlarını sadalamadığımız məhəllələr çox olsa da, ümid edirik ki, bu məhəllələrin də tarixi araşdırılacaq.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər