Futbol üzrə dünya çempionatının final oyunu start ...
23:12 19.07.2026
0
0
0
NAXÇIVAN :
19 Iyul 2026, Bazar
Bülövqaya yaşayış yerində aparılan tədqiqatlar nədən xəbər verir?
Naxçıvan öz sinəsində yaşı minilliklərlə ölçülən tarixi hifz edən, qoruyan, xarici səyyahları, tarixçi, arxeoloqları özünə məftun edən bəşəriyyətin qədim yaşayış məskənlərindəndir. İllərlə ərazidə arxeoloji qazıntıların aparılmasına, abidələrin öyrənilməsinə rəğmən hələ də Nuhun diyarı Naxçıvan öz qoynunda tarixin dərin qatlarını gizləyir. Bu qatlar açıldıqca yeni faktlar ortaya çıxır, əldə olunan materiallar Naxçıvan tarixini daha da zənginləşdirir. Naxçıvan tarixi ilə bağlı əldə olunan yenilikləri öyrənmək məqsədilə yolumuzu bu dəfə Naxçıvanda aparılan ekspedisiyanın daha bir ünvanına – Bülövqayaya doğru salırıq. Bülövqayaya çatana kimi yolu müşahidə edirik. Babək rayonunun bir neçə kəndindən keçirik. Nəhəcir dağları xüsusilə diqqətimizi cəlb edir. Yaşayış məskənindən görünən uca və əzəmətli bir dağ Əlincə dağının formasını xatırladır. Kim bilir, yolboyu yaşayış məskənlərinə sinəbənd olan bu dağlar hansı tarixi hadisələrə şahidlik edib?! Göynük kəndinə çatmamış sol istiqamətdə yolumuza davam edirik. Təbiət gözəlliklərini ən dərinliklərdə gizlədiyi kimi, deyəsən, tarix də öz varidatını ən dərinliklərə etibar edib.
Bir qədər nahamar yolla hərəkət edən avtomobilimiz, nəhayət, ünvana – 3 ildir ki, arxeoloji tədqiqatların aparıldığı Bülövqayaya yetişir. Müsahibim AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, Naxçıvan Dövlət Universitetinin müəllimi, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevlə görüşüb həmsöhbət oluruq. Bizi ərazi və gənc arxeoloqlar – Elmar Baxşəliyev və Ziniyət Süleymanova ilə tanış edən arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev suallarımızı cavablandırır.
– Vəli müəllim, bu günə qədər rəhbərliyinizlə həyata keçirilən ekspedisiyalar Naxçıvan tarixi barədə hansı məlumatları verir?
– Apardığımız arxeoloji qazıntılar Neolit dövründən başlayaraq Dəmir dövrünə qədər böyük bir dövrü öyrənməyə imkan verir. Tədqiqatlarımız I Kültəpənin Cənubi Qafqazda Neolit dövrünə aid ən qədim yaşayış yeri olduğunu göstərir. Arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Neolit və Eneolit abidələrində istifadə olunan obsidianın 95 faizi Naxçıvan yaxınlığındakı Zəngəzur yatağından aparılmışdır. Naxçıvanın dağlıq zonasında yerləşən Neolit və Eneolit abidələrinin tədqiqi ilə köçmə maldarlığın e.ə. VI-V minilliklərdə inkişaf etdiyi müəyyənləşdirilmişdir. Araşdırmalar Zəngəzur və Göyçə hövzəsinin Azərbaycanda yaşayan qədim tayfaların təsir dairəsinə daxil olduğunu sübut etmişdir. Şərur rayonunda Qızqala yaşayış yerinin və nekropolunun tapıntıları burada məskunlaşan insanların əkinçilik və maldarlıqla məşğul olduğunu, bu tayfaların oturaq və köçəri həyat tərzini mənimsədiyini təsdiq edir. Araşdırmalar e.ə. III minilliyin sonu və II minilliyin əvvəlində Naxçıvan, Şərqi Anadolu və Urmiya hövzəsində məskunlaşan tayfaların ortaq mədəniyyətə və qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərmişdir. Oğlanqalada 2006-2011-ci illərdə aparılan arxeoloji tədqiqatlar bu yaşayış yerinin urartulara qarşı mübarizə aparan bir dövlətin paytaxtı olduğunu göstərmişdir. Arxeoloji və yazılı mənbələrin tədqiqi Oğlanqalanın Etiuni tayfa birliyi ilə ittifaq yaratdığını müəyyən etməyə imkan vermişdir. Elmi yeniliklər çoxdur. Son illərin tədqiqatları zamanı Naxçıvanda Dalmatəpə və Ubeyd mədəniyyətinin izləri aşkar olunmuşdur.
– Ümumiyyətlə, tarixin izini siz arxeoloqlar necə müəyyənləşdirirsiniz, axtarışlar nəyə əsaslanır?
– Tarixin izləri tarix və mədəniyyət abidələrimizdə qorunub saxlanıb. Tarixi abidələrin yerini memarlıq qalıqları, keramika nümunələri, əmək alətləri və digər maddi mədəniyyət qalıqlarına əsasən müəyyən edirik. Abidələrdən aşkar olunan maddi mədəniyyət nümunələri əsasında onların nisbi xronologiyası müəyyən edilir. Arxeoloji qazıntılar isə abidələrimizin dəqiq tarixini müəyyən etməyə imkan verir. Bu baxımdan, karbon analizlərin nəticələri xüsusilə əhəmiyyətlidir.
– Bülövqaya yaşayış yeri haqqında məlumat verməyinizi xahiş edirik.
– Bülövqaya yaşayış yeri Babək rayonunun Göynük kəndi yaxınlığında, Sarısu çayının sol sahilində, dəniz səviyyəsindən 1430 m yüksəklikdə yerləşir. Bülövqaya yaşayış yerində 2019-2023-cü illərdə yerüstü araşdırmalar, 2023-cü ildə isə iki kiçik sahədə qazıntı aparılmışdır. Yaşayış yerində geniş arxeoloji tədqiqatlar 2024-cü ildə başlamışdır. 2024-2026-cı illərdə 1000 kv.m sahədə arxeoloji tədqiqat aparılmışdır. Yaşayış yerinin tədqiqi Bülövqayada məskən salan tayfaların köçmə maldarlıqla məşğul olduğunu deməyə imkan verir. Bülövqaya yaşayış yerinin tədqiqi e. ə. VI-V minilliklərdə Mesopotamiya ilə Naxçıvan arasında iqtisadi-mədəni əlaqələrin genişləndiyini göstərir. Bülövqayada keramika məmulatının əksəriyyətini təşkil edən sadə və boyalı keramika Ubeyd mədəniyyətinin xüsusiyyətlərini əks etdirir. Bülövqayada çox sayda Ubeyd tipli keramikanın aşkar olunması türkdilli Ubeyd tayfalarının e. ə. VI minilliyin sonunda şimala doğru hərəkət edərək Naxçıvanda məskən saldığını təsdiq edir. Ubeyd tayfalarının Naxçıvana doğru hərəkəti, şübhəsiz ki, Cənubi Qafqazın zəngin xammal yataqları, xüsusilə obsidian və mis yataqları, həmçinin bol otlaqları ilə bağlı olmuşdur. Bülövqaya keramikası arasında Naxçıvan və Urmiya hövzəsi üçün xarakterik keramikanın aşkar olunması bu mədəniyyətin yerli mədəniyyətlərlə qarşılıqlı əlaqədə olduğunu göstərir. Mesopotamiya, Urmiya hövzəsi və Şərqi Anadoluda yayılan Ubeyd keramikasından bəzi xüsusiyyətləri ilə seçilən Bülövqaya keramikası, Ubeyd mədəniyyətinin yerli bir variantı kimi dəyərləndirilə bilər.
– Bu qədim yaşayış yerində aparılan ekspedisiyaların nəticələri tarix elminə nə bəxş edir?
– İndiyədək Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Neolit dövrü ilə Son Eneolit dövrü arasında xronoloji boşluq var idi. E.ə. VI minilliyin sonu və V minilliyin qədim mədəniyyətləri haqqında məlumat yox idi. AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Naxçıvantəpə və Bülövqayada aparılan tədqiqatlarla bu boşluğu doldura bildi. Naxçıvantəpədə Dalmatəpə, Bülövqayada isə Ubeyd mədəniyyətinin izləri aşkar olundu. Bülövqaya yaşayış yerinin tədqiqi Şimali Mesopotamiya, Urmiya hövzəsi və Naxçıvanda yaşayan tayfalar arasında mədəni əlaqələri bərpa etməyə imkan verdi. Tədqiqatlar Urmiya hövzəsi, Şərqi Anadolu və Naxçıvanı əhatə edən bölgədə Ubeyd mədəniyyətinin təsiri ilə Bülövqaya mədəniyyətinin formalaşdığını təsdiq etdi ki, bu da qədim tariximizin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Arxeoloji qazıntılar zamanı buradan Erkən Eneolit dövrü üçün xarakterik saman qarışıqlı və boyalı keramika nümunələri, dəvəgözü (obsidian) və çaxmaqdaşından hazırlanan əmək alətləri, eləcə də sümük alətlər aşkarlanıb. Bu tapıntılar Naxçıvanın Cənubi Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir.
– Naxçıvanda arxeoloji turizm anlayışını yaratmaq üçün ilk nədən başlamalıyıq?
– Arxeoloji turizm anlayışını yaratmaq üçün, ilk növbədə, qədim mədəniyyətlərimizi, dünyada bərabəri olmayan I Kültəpə, Naxçıvantəpə, Bülövqaya, II Kültəpə, Ovçulartəpə, Maxta Kültəpə, Qızqala, Oğlanqala, Xaraba Gilan kimi abidələrimizi təbliğ etməliyik. Bu abidələr qorunmalı və infrastruktur inkişaf etdirilməlidir.
– AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində arxeoloq kadrlar hazırlanırmı?
– Bəli, bu sahədə müəyyən uğurlar vardır. Artıq AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində bu sahə üzrə kadrlar yetişdirilmişdir. Arxeoloji kadrların hazırlanması üçün Naxçıvan Dövlət Universitetində magistrlərin hazırlanmasına başlanılmışdır. Gənc kadrlar bizim ekspedisiyalarımızda da iştirak edirlər. Bülövqaya arxeoloji ekspedisiyasında gənc arxeoloqlardan Elmar Baxşəliyev və Ziniyət Süleymanova xüsusilə fərqlənirlər. Onlar arxeoloji tapıntıların qeydə alınmasında və bərpasında fəal iştirak edirlər. Qədim mədəniyyət nümunələrinin bərpasında süni intellektdən istifadə xüsusilə faydalıdır və Bülövqaya mədəniyyətinin xüsusiyyətlərini aydın şəkildə öyrənməyə imkan verir.
– Vəli müəllim, Bülövqaya və digər abidələrimizin beynəlxalq ictimaiyyətə tanıdılması üçün hansı işlər görülür?
– Bu sahədə xeyli işlər vardır. Abidələrimizi və qədim mədəniyyətlərimizi dünyada təbliğ etmək üçün Azərbaycan, türk, rus, ingilis, alman, fars və digər dillərdə məqalələr hazırlayıb beynəlxalq elmi jurnallarda nəşr etdiririk. Radio və televiziya proqramlarında, qəzetlərdə, digər yazılı mətbuat orqanlarında, eləcə də sosial şəbəkələrdə abidələrimizlə bağlı geniş məlumat verilir.
– Vəli müəllim, müsahibə üçün sağ olun.
– Mən sizə və “Şərq qapısı” qəzetinin bütün əməkdaşlarına çətin bir coğrafiyada yerləşən Bülövqaya yaşayış yerindəki arxeoloji tədqiqatları işıqlandırdığınız üçün təşəkkür edirəm.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər