NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

Qəbələ ərazisində arxeoloji araşdırmalar genişləndirilir

...

Qədim Albaniyanın paytaxtı Qəbələ bu gün tarixlə müasirliyi simvolizə edir. Burada aparılan tədqiqatların, araşdırmaların məqsədi Qəbələnin YUNESKO-nun Dünya İrs Siyahısına namizədliyini təsdiqləməkdir.
"Şərq qapısı" xəbər verir ki, Qədim Qəbələ şəhər yerinin Qala hissəsində aparılan arxeoloji tədqiqatların gedişi, aşkar edilmiş şəhər qalıqlarının konservasiyası, eləcə də Qəbələnin YUNESKO-nun Dünya İrs Siyahısına namizədliyi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov Qoruq ərazisində mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib.
Professor, tarix elmləri doktoru Qafar Cəbiyev Qəbələ arxeoloji ekspedisiyasının cari ildəki fəaliyyəti, qarşıya qoyulan başlıca hədəflər və gözlənilən elmi nəticələr haqqında danışıb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji qalıqların konservasiyasının zəruriliyi, bu istiqamətdə mövcud perspektivlər və nəzərdə tutulan fəaliyyət planı ilə bağlı mülahizələrini bildirib.
Tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova isə aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin sənədləşdirilməsi və elmi qeydiyyatının aparılması prosesi barədə məlumat verib.
Müzakirələr zamanı SEBA təşkilatının Qəbələdə tarixi-mədəni irsin tədqiqi, mühafizəsi, konservasiyası və təbliği istiqamətində həyata keçirilən işlərə göstərdiyi hərtərəfli dəstək minnətdarlıqla qeyd olunub.

Nəşr edilib : 15.07.2026 20:37