NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Qars-İğdır-Naxçıvan dəmir yolu

...

Avropa ilə Asiya arasında etibarlı körpü olacaq

Qlobal güclərin yeni geosiyasi münasibətlər mərhələsinə keçdiyi bir zamanda Avropa ilə Asiya, hətta Avropa ilə Amerika arasındakı daha etibarlı kommunikasiya əlaqələrinə yaranan ehtiyac ölkələr arasında enerji, nəqliyyat və logistika şaxələndirməsinin də zərurətini artırır. Bunun daha konkret bir reallıq kimi ortaya çıxdığı Orta Dəhliz üzərində Zəngəzur dəhlizinin açılması və Çin-Avropa marşrutu üzərində yeni nəqliyyat arteriyalarının işə salınması Cənubi Qafqazın və bu regionun lider dövləti Azərbaycanın əhəmiyyətini artırır. Bu mənada, otuz il davam etmiş erməni işğalından sonra Qarabağ və Şərqi Zəngəzurda başladılan sürətli quruculuq işləri və regionda yaradılacaq davamlı sülh şəraiti fonunda Azərbaycandan keçən hər bir irimiqyaslı nəqliyyat-kommunikasiya layihələri ölkəmizin gücünü və siyasi nüfuzunu göstərir. 

Zəngəzur dəhlizinin bir hissəsi olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu, bu mənada, təkcə Türkiyə ilə Azərbaycanı deyil, eyni zamanda Avropa ilə Asiyanı daha etibarlı şəkildə bir-birinə bağlayacaq bir körpüyə, turizm və ticarət xəttinə çevriləcək. Artıq qardaş ölkənin Naxçıvana ən yaxın vilayət mərkəzi olan İğdır şəhərində işlərin aparıldığı bu irimiqyaslı nəqliyyat layihəsi Türkiyə və Azərbaycan liderlərinin ortaya qoyduqları siyasi iradənin daha bir nəticəsi kimi üfüqdə parlaq işıqla görünməkdədir. Bu dəmir yolu düşməni darmadağın edən “dəmir yumruq” iradəsinin ardınca Naxçıvanın blokadasını da qırıb parçalayacaq bir missiya kimi tarixə düşəcək, bununla da Anadoludan Uyğurustana qədər bütün böyük Türk dünyasını birləşdirəcək polad kəmərə çevriləcək. 
Təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq olan Qars-İğdır-Naxçıvan dəmir yolunun mühüm strateji və iqtisadi əhəmiyyəti vardır. Bölgədə dəmir yolu şəbəkəsinin tarixi inkişafına baxdıqda hələ 1903-cü ildən Naxçıvanda mövcud olmuş dəmir yolu xətləri təcrübəsinin Araz boyunca Anadoluya qədər uzanmasının qardaş ölkənin də strateji maraqları içərisində olduğunu deyə bilərik. Belə ki, Türkiyənin üç dövlətlə həmsərhəd olan ucqar İğdır vilayətinin inkişafı və bununla paralel olaraq Ermənistanın da blokada siyasətinin tam iflası üçün Qars-İğdır-Naxçıvan dəmir yolu ən hamar iqtisadi və siyasi həll yolu olacaq. Ümumi uzunluğu  224 kilometrə yaxın olacaq bu yol iki qardaş ölkə arasında yüklərin daha rahat və daha ucuz tariflər əsasında daşınmasına, sərnişinlərin isə daha sürətli və daha komfortlu mənzilbaşına çatmasına imkanlar yaradacaq. Bu yaxınlarda açıqlanan məlumatlara görə, 5 stansiyadan ibarət olacaq dəmir yolunda saatda 160 kilometr sürətlə hərəkət edən qatarların hərəkəti ilə gələcəkdə Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddəti 18 gündən 12 günə qədər enəcək. Bu dəmir yolunun, bilavasitə, Zəngəzur dəhlizinin açılmasında bir ildə quru yolla Şərqdən Qərbə 840 milyard dollardan çox məhsul ixrac edən Çinin və bu məhsulun çatdırıldığı Avropa İttifaqı ölkələrinin böyük maraqları dayanır. Naxçıvan üçün isə gələcəkdə Vəli Dağı stansiyası ilə Ordubad arasında mövcud olan 177 kilometrlik dəmir yolu xəttinin, dolayısı ilə bütün dəmir yolu infrastrukturunun da yenidən qurulması bölgənin bütün görkəmini dəyişdirəcək hadisələrdən biri olacaq. 
Qars-İğdır-Naxçıvan dəmir yolunun strateji əhəmiyyəti ilə yanaşı, onun muxtar respublika iqtisadiyyatının güclənməsi, konkret olaraq onun ixrac məhsullarının Avropa bazarlarına daha sərfəli çıxışını da qeyd etmək lazımdır. Dəmir yolunun açılması ilə Naxçıvan dəmir yolu təsərrüfatının da tamamilə yenilənəcəyini, burada tam avtomatlaşdırılmış, süni intellekt dəstəkli mütərəqqi idarəetmənin tətbiqini də görə biləcəyik. Yerli əhalinin məşğulluq və məskunlaşmasında yeni bir mərhələnin də əsasını qoyacaq olan Qars-İğdır-Naxçıvan dəmir yolu sayəsində Naxçıvanda sənaye parklarından tutmuş bu sahədə müxtəlif vəzifələrdə çalışacaq olan yerli mütəxəssislərin hazırlanmasına qədər bir çox sahələrdə irəliləyişlərin olacağını düşünmək olar. 
Dəmir yolu ekoloji təmiz və yaşıl logistika əsasında işləyən quru nəqliyyat növüdür. Avropadakı mövcud təcrübəni nəzərə aldıqda gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolunun da yaşıl keçid üzrə ölkəmizin üzərinə götürdüyü qlobal öhdəliklərin yerinə yetirilməsinə mühüm töhfə olacaq. Belə ki, dəmir yolu vasitəsilə yük daşımaları avtomobil nəqliyyatı ilə müqayisədə, təxminən, 75 faiz daha az karbon emissiyası yaradır. Bu mənada, bölgədə daha fərqli yaşıl layihələrin də həyata keçirilməsi üçün səbəb olacaq Qars-İğdır-Naxçıvan dəmir yolunun strateji və iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolunu da qeyd edə bilərik. Bu siyasi təzyiq layihənin ekoloji əhəmiyyəti ilə yanaşı, eyni zamanda onun Ermənistanın regional sülhə qarşı yürütdüyü siyasətinə də zərbə vasitəsi olacaq. Belə ki, Zəngəzur dəhlizinin açılmamasına israr edən Ermənistanın onun qərb sərhədləri boyunca uzanacaq Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsindən də kənarda qalması nəticəsində yaranacaq təsirdən nəticə çıxarmaqla onun da regional layihələrə qoşula bilməsi üçün qonşularına qarşı ərazi iddialarından tamamilə əl çəkməsinə məcbur edər. 
Göründüyü kimi, təkcə iki dövləti birləşdirəcək və Çin-Avropa arasında qlobal nəqliyyat qovşağının bir hissəsi olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu həm də bir ekosistem kimi işləyərək bölgə ölkələrinin iqtisadi maraqlarını ödəyən, qarşılıqlı əməkdaşlığa ədalətli yollar açan bir magistral da olacaq. Naxçıvandan keçəcək bu dəmir yolunun birləşdirdiyi ölkələr və xüsusən də Azərbaycan özünün bütün iqtisadi imkanları ilə qarşıdakı dövrdə yaradılacaq iqtisadi inteqrasiyanın daha uzunömürlü olması üçün çalışacaq, yolu gələcəyin İpək Yoluna çevirəcəklər. 

Əli CABBAROV

Nəşr edilib : 12.04.2025 14:20