Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı ...
17:04 20.06.2025
0
0
0
NAXÇIVAN :
20 Iyun 2025, Cümə
Biz dostuq, qardaşıq, müttəfiqik
İki il öncə, 2023-cü ilin soyuq bir fevral gecəsi dəhşətli bir faciə, təbii fəlakət yaşandı qardaş Türkiyədə. Ona yaxın böyük şəhər və yüzlərlə kənddə yaşayan qardaş-bacılarımız təbii fəlakətin qurbanı olmuşdu. Türkiyə və dünya tarixinin ən böyük fəlakətlərindən sayılan bu zəlzələdə şəhərlər yerləyeksan olmuş, insanlar uçqunların altında qalmışdı. Həmin gün yeganə dövlət Azərbaycan idi ki, köməyə gəlin demədən imdadına yetişmişdi qardaş Türkiyənin. Xüsusi xilasedici qruplar, tonlarla tibbi ləvazimat, tibb heyəti zəlzələ bölgəsinə çatmağa macal tapmamış Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxmış, kimisi cehiz yorğan döşəyini, kimisi evində olan geyim-keçimini maşınlara yükləyib Türkiyəyə yola salmışdı. Ahıllar aylıq məvacibini qardaş ölkəyə yardım məqsədilə bağışlamışdı. Bütün bunları görəndə yüz il öncəki qardaşlığımız gəlmişdi hamının ağlına. Birinci Dünya müharibəsində, Qurtuluş savaşında Azərbaycanın Türkiyəyə yardımları, Azərbaycan Demokratik Cümhuriyyətinin çətin günlərində Bakıya edilən erməni hücumlarının qarşısında sipərə çevrilən Nuri paşanın nər igidləri, Naxçıvan əhalisi ilə birləşib qədim yurdu daşnakların qanlı caynağından çıxaran türk ordusunun qəhrəmanları, Türkiyədəki Azərbaycan, Azərbaycandakı türk şəhidlərinin məzarları gəlmişdi ağıllara. Və 1990-cı illərin ən çətin günlərində Naxçıvanı aclığın məngənəsindən qurtaran “Ümid” körpüsü, 2020-ci ildə haqq davamızda uca dağ kimi arxamızda dayanmışdılar.
Türkün atası Mustafa Kamal Atatürkün “ ...Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı gəlmişdi ağıllara. Şuşa Bəyannaməsi ilə daha da bərkiyən qardaşlıq düşdü yada.
Bəli, Tükiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, dostluq sonradan bir-birini tanıyan insanlar arasındakı yaranan bağdır. Biz qardaşıq, bir ananın övladıyıq.
Bu gün hər sahədə dövlətlərimizin qardaşlığına şahid olmaq hər birimizi sevindirir. Göylərdə dalğalanan al rəngli, üçrəngli, ay-ulduzlu bayraqlar hər birimizə qürur yaşadır. Çünki biz qardaş olmaq sözünün haqqının layiqincə verildiyinə şahid oluruq.
Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var
Ötən gün, 19 iyunda həmin qürurlu anlardan birini yaşamağın sevincinə də şahid olduq. Türkiyənin ən böyük və qəhrəman şəhərlərindən biri olan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminə şahid olub, onlarla birlikdə sevindik. Türkiyənin qəlbindəki bu qəhrəman şəhərdə, yüzlərlə insanın toplaşdığı meydanda Azərbaycan Respublikası Prezidentinin sakinlər tərəfindən alqışlarla qarşılanması türk xalqının dövlət başçımıza və Azərbaycan xalqına olan sevgisinin göstəricisidir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhəllənin açılış mərasimində söylədiyi nitqlərdə iki qardaş ölkənin birliyini bir daha bütün dünya hiss etdi. Ölkə başçısının açılış mərasimində dediyi kimi: “Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.
Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Kahramanmaraşın qəlbinə qardaşlıq möhürü vuruldu
Həmin gün “Azərbaycan” məhəlləsində Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da uşaqların istifadəsinə verildi. Bu təhsil ocağında təhsil alan körpələr türkün atası Atatürk sevgisi ilə böyüyüb, müasir Azərbaycanın qurucusu Heydər Əliyev kimi dahi lideri tanıyaraq təhsilə ilk addımlarını atacaqlar. Bu körpələr məktəbə qədəm atdıqları ilk gündən iki qardaşın birliyindən güc alacaq, gələcəkdəki bağımızı daha da güclü edəcək. Prezidentlərin həmin məhəllədə təməlini qoyduğu mədəniyyət mərkəzində milliliyimizi öyrənəcəklər. Ailələrinə verilən mənzillərdə firavan böyüyüb həyata atılacaqlar.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası aparılıb. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.
“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda, ümumilikdə, 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Yüz illər keçsə də, tarixin bu şanlı günləri heç vaxt unudulmayacaq. Şuşada, Kahramanmaraşda qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının altında bu qədim xalqların övladları birlikdə dua edib, Vətən üçün can verdikcə bu torpaqlarda uyuyan şəhidlərin ruhu şad, bizim qardaşlığımız əbədi olacaq. Könül candan, Türkiyə Azərbaycandan heç vaxt ayrılmayacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər