Tovuz döyüşlərindən 6 il ötür
00:23 12.07.2026
0
0
0
NAXÇIVAN :
12 Iyul 2026, Bazar
Həyat yenidən öz axarında
44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində işğaldan azad edilmiş torpaqların yenidən qurulacağını bildirmişdi: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.
Bəli, dövlət başçısının dediyi kimi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz yurduna qayıdır. Çox kiçik bir zaman kəsiyində Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması Azərbaycanın qüdrətini bir daha nümayiş etdirir. Şuşada, Laçında, öz doğma yurdunda yaşayan, işləyən insanlarla bərabər, bütün dünya da "Sözümüz imzamızdır" ifadəsinin nə qədər yerində deyildiyinə şahid oldu. Dövlət başçısının 11 iyulda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri zamanı dediyi kimi “Ədalət bərpa olundu".
"Yaşıl enerji zonası"na çevrilən Qarabağ və Şərqi Zəngəzur
Ulu Öndərin layiqli davamçısı, Müzəffər Sərkərdə İlham Əliyevin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib-becərilməsi olub. Torpaqların yenidən öz doğmalarının əlində qızıla dönməsi üçün isə əvvəlcə düşmənin yararsız hala saldığı suvarma kanalları və su anbarları təmir edilməyə başlanıldı. Azərbaycanın su ehtiyatlarının, təxminən, 30%-nin formalaşdığı Qarabağda bu gün də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Təmir-bərpa işləri nəticəsində indiyə kimi, Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarları tamamilə bərpa olunaraq istifadəyə verilib. Su anbarlarının bərpası ilə yanaşı, suyun sahələrə və yaşayış məntəqələrinə çatdırılması üçün infrastruktur qurulur. Belə ki, Yuxarı Qarabağ kanalı yenidən qurularaq genişmiqyaslı Qarabağ suvarma kanalına çevrilir. Bütün bunlara paralel olaraq bərpa olunan su anbarlarının və çayların üzərində onlarla kiçik su elektrik stansiyası (SES) tikilib və yenidən qurulub. Bu obyektlər həm su idarəçiliyinə, həm də regionun "yaşıl enerji zonası"na çevrilməsinə birbaşa xidmət edir. Bu gün dövlət başçısının Laçın rayonunda təməlini atdığı “Həkəriçay” su anbarının ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə, təqribən, 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10,81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları, əsasən, ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.
Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq "yaşıl enerji" hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerji sisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla rayon 15 il sonra da tam olaraq "yaşıl enerji" ilə təmin ediləcək. Dövlət başçısının bu gün Laçın rayonunda açılışında iştirak etdiyi, Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” Su Elektrik stansiyaları da Qarabağ və Şərqi Zəngəzurda iqtisadi rayonların “yaşıl enerji zonası"na çevrilməsi yolunda atılan addımların davamıdır.
Qarabağ turizm cənnətidir
Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növlərinin inkişafı üçün bütün imkanlar vardır. Dövlət başçısının tapşırığı ilə bu istiqamətdə görülən işlər diqqətəlayiqdir. Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edir. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər çərçivəsində Şuşada görülən işlər gələcəkdə bu şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən birinə çevirəcək. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Dövlətimizin başçısı ötən 5 il ərzində Şuşa şəhərinin yenidən qurulması və tarixi abidələrin, dahi şəxsiyyətlərin ev-muzeylərinin bərpası üçün dəfələrlə sərəncamlar imzalayıb. Bu sərəncamlara əsasən Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Mehmandarovların malikanəsi və bir çox tarixi abidələrin bərpası ilə yanaşı, müasirtipli hotellərin də inşası aparılıb.
Bu gün dövlət başçısının yeni korpusları ilə tanış olduğu “Yasəmən", Xankəndi şəhərində açılışını etdiyi “Xankəndi" hoteli də onlardan biridir.
Dövlət başçısın 2022-ci ildə imzaladığı Sərəncama əsasən təmir edilən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadığın – Sadıqcanın yaşadığı ev də gələcəkdə Şuşaya səfər edəcək mədəniyyətsevərlərin ziyarət etdiyi məkana çevriləcək. Şuşa şəhərində Müzəffər Ali Baş Komandanın qürurla addımladığı “Qarabağ” küçəsi də qələbənin simvolu kimi qonaqları valeh edəcək.
Uşaqlarımız doğma torpağımızda böyüyür
Həmin gün Xocavənd rayonunun Quzeyxırman kəndində sakinlərlə görüşən dövlət başçısı qürurla deyib: “Böyük Qayıdış” proqramı da uğurla icra edilir. Demək olar ki, hər həftə olmasa da, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir, dövlət tərəfindən belə gözəl evlərlə təmin edilir”.
Dövlətimizin başçısı sakinlərlə görüşündə onlarla səmimi söhbət edib. Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlərlə tanış olub.
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə də səfər edərək sakinlərlə görüşüb. Kənddə görülən işlər dövlət başçısına çatdırılıb.
Dövlət başçısının bütün səfərləri kimi 11 iyul səfəri də Qarabağa yeni həyat, yeni nəfəs gətirdi və xalqımızın birliyinin nələrə qadir olduğunu nümayiş etdirdi: “Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. Qələbəmizin əsas səbəbi də budur. Yumruq həm də birliyin, gücün rəmzidir. Hər ikisini də biz nümayiş etdirdik”.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər