NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

“Qarabağ” tarix yazmağa davam edir

...

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Dünən axşam Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazılacaq günlərdən biri yaşandı. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan möhtəşəm futbolu və qazanılan qələbəni izləyərkən ekran qarşısında oturub qürur dolu anlar yaşadıq. O an qeyd etdiyimiz bu misralar daha da ürəkdən səslənirdi.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”-“Ferentsvaroş” (Macarıstan) qarşılaşması 3:2 hesabla rəqibin qələbəsi ilə nəticələndi. Lakin iki oyunun ümumi nəticəsinə görə, (5:4) “Qarabağ” mərhələni adlayaraq tarixi uğura imza atdı və klub tarixində ikinci dəfə bu zirvəyə yüksəldi. Matç bitən kimi stadionda əsl bayram ab-havası yaşandı. Minlərlə azarkeş komandaya dəstəyini alqışlarla, sevinc göz yaşları ilə ifadə etdi. Azərbaycanın bütün bölgələrində, hətta ən ucqar kəndlərdə belə insanlar bu tarixi anı bayram kimi qarşıladılar. Sosial şəbəkələrdə yayılan görüntülər göstərirdi ki, bu qələbə milli qürurumuzun və birliyimizin rəmzidir. Bu zəfərin arxasında dayanan əsas sima, şübhəsiz ki, baş məşqçi Qurban Qurbanovdur. Onun illərlə formalaşdırdığı intizamlı komanda, soyuqqanlı qərarları və peşəkarlığı “Qarabağ”ı bu səviyyəyə gətirib çıxardı. Qələbədən dərhal sonra ölkə başçımız sosial şəbəkədə “Qarabağ”ı təbrik edərək futbolçuların, məşqçilərin və azarkeşlərin zəhmətini yüksək dəyərləndirdi. Dövlət başçısının səmimi sözləri hər bir azərbaycanlının qürurunu bir daha artırdı. Heç bir uğur təsadüfi deyil. “Qarabağ” da bu nailiyyəti ilə bir daha sübut etdi ki, bu adı daşımaq həm şərəf, həm də böyük məsuliyyətdir. Stadiondan yüksələn gurultulu alqışlar, sosial şəbəkələrdə milyonlarla insanın paylaşdığı təbriklər və Naxçıvandan böyük həyəcanla izləyən biz azarkeşlər bir səslə deyirik: “Qarabağ” tarix yazmağa davam edir!” Bizə qələbə yaraşır.

          Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 28.08.2025 10:12