NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

İstedadı, zəhməti və maraqları ilə seçilən Şəms İsayeva

...

Bəzən uşaqlıqdan yaranan kiçik bir maraq zamanla insanın sevdiyi məşğuliyyətə çevrilir. Rəsm çəkmək, əl işləri hazırlamaq, musiqi ilə məşğul olmaq və yeni biliklər öyrənmək: – bütün bunlar Şəms İsayeva üçün də uşaqlıq illərindən başlayan maraqlar olub. Bu gün o, təhsilini davam etdirməklə yanaşı, musiqi, rəssamlıq və müxtəlif bilik yarışlarında iştirak edərək özünü fərqli sahələrdə sınayır. 2013-cü ildə Naxçıvan şəhərində anadan olan Şəms, 2019-cu ildə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2025-ci ildə qəbul imtahanında yüksək nəticə göstərərək Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinə qəbul olunub.

Hazırda VIII sinifdə təhsil alan Şəms bizimlə söhbətində bildirdi ki, uşaqlıqdan rəngli kağızlardan müxtəlif fiqurlar hazırlamaq, şəkillər çəkmək onun marağını zamanla rəssamlıq və dekorativ-tətbiqi sənətə yönəldib: “Ailəmin dəstəyi ilə yaradıcılıq məşğələlərində iştirak etdikdən sonra təhsil aldığım məktəbdə də rəssamlıq dərnəyinə üzv olmuşam. Həmçinin Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzində xalça toxuma və keçəçilik sənəti ilə bağlı biliklər də əldə edib bu istiqamətdə sertifikat qazanmışam. 2026-cı ildə universitetin III “Qərbi Azərbaycan” Festival-Konqresi çərçivəsində keçirilən rəsm sərgisində fəal iştirakıma görə təşəkkürnamə ilə təltif olunduqdan sonra həmin il “Singapore International Art Tournament” beynəlxalq incəsənət turnirində də iştirak etmişəm”.

Məktəbli müsahibimin maraq göstərdiyi sahələrdən biri də xarici dillər və musiqidir. Deyir ki, kiçik yaşlarından ingilis dili kurslarında iştirak etdiyindən bu dildə sərbəst danışır. O həmçinin 14-cü HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının milli turunda iştirak edib. Alman dilinə də maraq göstərən Şəms 2025-ci il oktyabrın 18-də keçirilən “Deutsch ist ein Plus” tədbir və seminarlarında iştirak sertifikatı alıb: “2017-ci ildən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində fortepiano dərslərinə başlamışam. Müəllimlərimin köməyi ilə 2022-ci ildə Naxçıvan Musiqi Kollecinin hesabat konsertində fəal iştirakıma görə təşəkkürnaməyə layiq görülmüşəm. 2026-cı ildə isə “Trinity College London” tərəfindən keçirilən fortepiano üzrə beynəlxalq musiqi ifaçılığı imtahanında Grade 4 səviyyəsində “Merit” nəticəsi əldə etmişəm”. Bu nəticə onun musiqi sahəsindəki nailiyyətləri sırasında xüsusi yer tutur. Şəms gələcəkdə fortepiano üzrə biliklərini artırmaq və beynəlxalq musiqi yarışlarında daha yüksək nəticə göstərmək istəyir.

Rəssamlıq və musiqi ilə yanaşı, Şəms dəqiq elmlərə də maraq göstərir. Hazırda məktəbin Olimpiada Mərkəzində beynəlxalq riyaziyyat yarışlarına hazırlaşır.

2022-ci ildə American Mathematics Olympiad (AMO) üzrə iştirak sertifikatı alan şagird 2025-ci ildə V sinif üzrə SASMO və American Mathematics Olympiad yarışlarında da iştirak edib. 2026-cı ildə VII sinif üzrə International Einstein Olympiad – Science müsabiqəsində bürünc sertifikat qazanıb.

Şəmsin indiyədək əldə etdiyi nəticələr onun müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirməyə çalışdığını göstərir. Qarşıdakı dövrdə o, təhsilini davam etdirməyi, fortepiano və rəssamlıqla məşğul olmağı, beynəlxalq yarışlarda iştirakını genişləndirməyi planlaşdırır. Müxtəlif istiqamətlərdə qazandığı təcrübə isə onun qarşıdakı illərdə yeni biliklər əldə etməsi üçün imkan yaradır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 27.10.2026 11:52