Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəs...
02:11 11.03.2025
0
0
0
NAXÇIVAN :
11 Mart 2025, Çərşənbə axşamı 00:11
Elə bir gənc nəsil yetişdi ki...
Odu əli ilə götürüb sinəsinə basıb söndürən, düşmən gülləsindən qorxmayıb ona kürəyini çevirməyən, canını Vətən torpağına qurban verib üçrəngli bayrağı bəy köynəyi bilən bir gənc nəsil. Bəli, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır.
Biz də xalq olaraq əslimizi tanıyandan igid və qəhrəman bir millətin davamçıları olmaqla fəxr etmişik. “Kitabi-Dədə Qorqud”dan başlayan qəhrəmanlıqla dolu tariximizdə gənclərin at belində, əlində qılınc torpağı necə qoruduğunu oxumuşuq. Gün gəlib düşmən önündə əliyalın dayanan Azərbaycan gənci can verib, bir ovuc torpaq verməyib yada. Gün olub dünyanı lərzəyə gətirən bir dövlətin əsarət zəncirini yalın əlləri ilə boynundan çıxarıb, düşmən tankının altında sümükləri xıncım-xıncım olub, öz qanı-canı ilə Azərbaycanı əsarətdən qurtarıb. Soyuq səngərlərdə ürəyindəki Vətən sevgisinin alovu ilə isinib, günlərlə ac-susuz qalıb yurdunu qoruyub.
Əlindəki üçrəngli bayrağı düşmənə təslim etməyərək günlərlə təkbaşına döyüşən Natiqləri, onlarla ermənini məhv edən igid Mübarizləri, canı bahasına düşmənə aman verməyən Adil, Camal, Murad kimi gəncləri ilə daim qürur duyub bu xalq.
“Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”.
Dövlət başçısının fəxrlə, qürurla bəhs etdiyi həmin gənc nəsil Vətən sevgisini bütün xoşbəxtliklərdən üstün tutub 2020-ci ilin soyuq bir payız günü yaz Günəşi ilə aydınlatdı Azərbaycan səmasını. Bunlar həmin gənclər idi – düşmən mərmisinin səsi ilə böyüyən oğullar. Azərbaycanın ən çətin günlərində dünyaya gəlib, yetişən igidlər. Gözlərini açıb Qarabağı əsir görənlər, ürəyində düşmənə nifrət hissi ilə böyüyənlər. 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin şanlı səhifələrinə çevirib alnımızı açıq edənlər.
Cəbhədə, döyüş meydanlarında şücaət, cəsurluq, əzmkarlıq göstərərək müharibənin ilk dəqiqələrindən düşmənin canına qorxu salanlar. Torpağı azad edib sönən çırağımızı alovlandıranlar. Ucsuz-bucaqsız çölləri qarış-qarış azad edib cənnətə çevirənlər. Azad Azərbaycanın cəsur gəncləri. 1990-cı illərdə Ulu Öndərin çətinliklərdən xilas etdiyi uşaqlar. Dahi rəhbərinin çəkdiyi yolla irəlilədikcə böyüyüb gənc oldu həmin körpələr. Onun adını daşıyan hərbi məktəbi bitirib Vətən üçün sipər oldu kimisi, kimisi müəllim olub tariximizi öyrətdi uşaqlara, onlara Vətənin xilasedicisindən danışdı. Kimisi həkim oldu, kimisi mühəndis. Həmin körpələr böyüyüb vaxtı gələndə dahi rəhbərinin davamçısının ətrafında birləşib bir yumruq oldu. Vaxtilə Naxçıvanda düyünlənən yumruq bərkidi, dəmirə döndü. İllər öncə ilan kimi qoynumuza girib torpağımızı işğal edən düşmənin başına elə bir zərbə vurdu ki, düşmən hələ də özünə gələ bilmir...
Bəli, bunlar onlar idi – Ulu Öndərin nəvələri, 1990-cı illərin çətin günlərində və sonrakı illərdə azad Azərbaycanda dünyaya gələn körpələr. Düşmən mərmisinə tuş gəlməsin deyə anasının günlərlə soyuq zirzəmidə saxladığı, “Gedib düşməni qovacağam, çıxarın məni zirzəmidən”, – deyən Vüsallar, anasının güclə tapdığı undan neft pilətəsində bişirdiyi halal çörəklə böyüyən qəlbi Vətən sevdalı Ruzilər, İlkinlər... Evinin tək çırağı olsa da, əyninə hərbi forma geyinib səngərə atılan Eminlər, Raqiblər, Həsənlər...
“Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular”.
Ölkə başçısının fəxr etdiyi gənclər onlar idi: Ulu Öndərin nəvələri, Müzəffər Ali Baş Komandanın yetişdirdiyi gənclər... Vətəni bütövləşdirənlər, bayrağımızı Şuşada dalğalandıranlar, Qarabağın xilaskarları... Böyüyüb Onun ən böyük arzusunu yerinə yetirənlər. Azərbaycanın gözəl gələcəyinə, gəncinə inanan dahinin inamını doğruldub Şuşaya, Xankəndiyə, yaralı Xocalıya azadlıq gətirən igidlər. Bəli, elə bir gənc nəsil yetişdi ki, dünyaya “Mən varam, var olacağam”, – dedi. Azərbaycan daim var olacaq, çünki öz xəyallarını Vətənə qurban edən, Vətən üçün can verən gəncləri var bu dövlətin.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər