NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Protez-Ortopedik Bərpa Mərkəzində 147 şəxsə xidmət göstərilib

...

Naxçıvanda 2024-cü il ərzində əlilliyin təyin olunması üçün 4040 göndəriş altsistemə daxil edilib ki, onlardan 2351 təsdiq, 1689 imtina təşkil edib. Ümumilikdə imtina olunan işlərin payı 43%-dir.

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə jurnalistlərə açıqlamasında deyib. Vurğulanıb ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 1615 nəfər əyani müayinəyə dəvət olunub: “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar 2024-cü ilin iyul ayından etibarən muxtar respublika ərazisində qeydiyyatda olan çağırışçıların Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən yekun tibbi qiymətləndirilməsinin həyata keçirilməsinə başlanılıb və 1169 nəfər müayinə olunub. 703 şəxsə 2128 ədəd texniki və ya köməkçi reabilitasiya vasitəsi verilib və Protez-Ortopedik Bərpa Mərkəzində 147 şəxsə 204 xidmət göstərilib. Reabilitasiya və müalicə tədbirlərinin həyata keçirilməsi üçün 263 şəxsə Respublika ərazisində fəaliyyət göstərən Reabilitasiya Mərkəzlərinə göndəriş verilib”.

Qeyd edilib ki, 2025-ci ilin fevral ayından isə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əvvəlcədən təyin edilmiş məntəqələrdən əlilliyi müəyyən olunmuş şəxslərin reabilitasiya mərkəzlərinə çatdırılması üçün “Rehabus” (Reabilitasiya avtobusu) xidmətinin fəaliyyətinə başlanılıb. Reabilitasiya avtobusu əlilliyi olan şəxslərin rahat hərəkətini təmin etmək məqsədilə lazımi avadanlıqlarla təchiz edilib.

Dövr ərzində sağlamlıq imkanları məhdud şəxslərin texniki və köməkçi reabilitasiya vasitələri ilə təminatı və göstərilən xidmətlər aşağıdakı kimidir:

  • 548 şəxsə 1817 texniki vasitə;
  • 155 şəxsə 311 köməkçi vasitə;
  • 147 şəxsə 204 xidmət.

Ötən il ilə müqayisədə reabilitasiya vasitələri ilə təmin olunmuş şəxs sayında 42%, vasitə sayında isə 60% artım olub.

     Bərpa Mərkəzlərində göstərilən xidmətlər:

  • Əlillərin Bərpa Mərkəzi üzrə - 615 şəxsə 2984 xidmət;
  • Uşaq Bərpa Mərkəzi üzrə - 543 şəxsə 1810 xidmət;
  • Regional İnformasiya Mərkəzi üzrə - 382 şəxsə 11 795 xidmət.

Ötən il ilə müqayisədə müalicə alan şəxslərin sayı Naxçıvan Əlillərin Bərpa Mərkəzi üzrə 62%, Naxçıvan Uşaq Bərpa Mərkəzi üzrə isə 32% artıb.

Nəşr edilib : 12.02.2025 16:20