NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir

...

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

Azərbaycanda milli prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun milli dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik dövlət təsisatı kimi formalaşması və səmərəli fəaliyyəti üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə аpаrılаn ədalətə, humanizmə söykənən məhkəmə-hüquq islahatları çərçivəsində mümkün olmuşdur.
Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunaraq vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Rеspublikаsının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət təsisatı sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. 

Ulu Öndər Heydər Əliyevin     rəhbərliyi altında prokurorluq оrqаnlаrındа aparılan islahatların əsas məqsədi isə bu mühüm dövlət orqanının səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin və mənəvi keyfiyyətlərinin artırılmasından ibarət olmuşdur. Ulu Öndər, ilk növbədə, qeyd edirdi: “Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür”.
Ölkə Konstitusiyasının təməl prinsiplərini özündə əks etdirən və prokurorluğun qarşısında duran bu və digər məqsədlərin həyata keçirilməsində 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. 
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda Prokurorluğun fəaliyyət istiqamətləri belə müəyyən olunmuşdur: Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara   riayət edilməsini təmin edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir, məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir, məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir. Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, “Prokurorluq haqqında” Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.
Prokurorluq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Prokurorluq haqqında”, “Prokurorluqda qulluq keçmə haqqında” qanunlardan, digər qanunlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunçuluq hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması və siyasi bitərəflik isə prokurorluğun fəaliyyətinin əsas prinsipləridir.
“Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutmuşdur və ölkəmizin müstəqilliyinə xidmət edir”, – deyən Ulu  Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.
1996-cı ildə Ümummilli Lidеr Heydər Əliyevin Sərəncamı Hüquqi islahatlar komissiyasının yаrаdılmаsını, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdə tuturdu.
Məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Аzərbаycаn Rеspublikаsı Qanununun və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qaldırılmışdır. Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. 
Ulu Öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli tədbirdə Ümummilli Lider dərinməzmunlu nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini vermişdir. Ulu Öndərin prokurorluq peşəsi ilə bağlı dediyi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər etmişdir. Ümummilli Liderin bu sözləri prokurorluq işçilərinin gündəlik fəaliyyət şüarına çevrilmişdir.
Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsidir.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının   fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”. Ölkə başçısının prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi uğurla həyata keçirilir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” sözlərinin əyani şəkildə reallaşması istiqamətində qısa zaman kəsiyində prokurorluqda    müasir məzmunlu islahatlar aparılmış, səmərəliliyin və işin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlər sistemli xarakter almaqla bu gün də ardıcıl şəkildə davam etməkdədir.
Prokurorluq orqanları dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı” prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi sahəsində tədbirləri zəruri etmişdir.
Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin əksəriyyətinin icra edilməsi hazırkı inkişaf mərhələsində aparılan islahatların effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənədin – Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üzrə Strateji İnkişaf Konsepsiyasının qəbul edilməsini şərtləndirmişdir. 
Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli, Sədərək, Babək rayon və Naxçıvan şəhər prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.
Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları 2025-ci ildə ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə də qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışırlar. 
107 yaşlı Azərbaycan Prokurorluğu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.

Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, 
Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

Nəşr edilib : 01.10.2025 08:57