NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: Elm sərmayəsiz inkişaf etmir

...

Müasir elmi tədqiqatların aparılması üçün yeni texnologiyalara, müasir avadanlıqlara və ciddi maliyyə imkanlarına ehtiyac var.

"Şərq qapısı" xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

Muxtar Babayev qeyd edib ki, bu gün elmi araşdırmaların aparılması ciddi maliyyə və texnoloji imkanlar tələb edir: “Peyk və dron texnologiyalarından, müasir laboratoriyalardan və yeni avadanlıqlardan istifadə etmədən yüksəksəviyyəli tədqiqatlar aparmaq mümkün deyil. Köhnə laboratoriyalar bir çox müasir araşdırmaların həyata keçirilməsinə imkan vermir.

Elm daim yenilənir, yeni avadanlıqlar və tədqiqat metodları meydana çıxır. Buna görə də alimlərin bu yenilikləri öyrənməsi, elmi müəssisələrin müasir texnologiyalarla təmin olunması vacibdir. Elm sərmayəsiz inkişaf etmir və bu sahəyə daha çox investisiya qoyulmasına ehtiyac var.

Azərbaycan kiçik ölkə olsa da, böyük perspektivlərə və ambisiyalara malikdir. Bizim ambisiyalı iqlim siyasətimiz var. Yaşıl enerjini, yaşıl enerji zonalarını və yaşıl dəhlizləri inkişaf etdirmək istəyirik. Eyni zamanda, Azərbaycanın neft-qaz sahəsi var. Biz bu resurslardan istifadə etməli, bunu ətraf mühitə mümkün qədər az zərər vurmaqla həyata keçirməliyik. Bu baxımdan Azərbaycanın mövqeyi açıq və aydındır”.

Nəşr edilib : 10.09.2026 13:06