NAXÇIVAN :

31 Iyul 2026, Cümə

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

...

Prezident Kitabxanasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə kitab sərgisi təşkil olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan dilinin tarixi inkişafını, elmi tədqiqini və müasir tətbiq istiqamətlərini əhatə edən nəşrlər nümayiş edilib.

Ekspozisiyada dilçilik elminin sintaksis, leksika, terminologiya, dialektologiya və onomastika kimi əsas istiqamətlərinə dair elmi nəşrlərlə yanaşı, Azərbaycan dilinin akademik və işgüzar mühitdə istifadəsi, nitq mədəniyyəti, ritorika və multikultural mühitdə funksional imkanlarına həsr olunmuş kitablar da yer alıb.

Sərginin ayrıca bölməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili və Azərbaycanın dil siyasətinə dair baxışlarını əks etdirən nəşrlərə həsr olunub. Bu bölmədə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətin müxtəlif sahələrində tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən siyasəti işıqlandıran nəşrlər nümayiş olunub.

Ekspozisiyada pedaqoji və elmi auditoriya üçün nəzərdə tutulmuş dərsliklər, metodik vəsaitlər, monoqrafiyalar, həmçinin Azərbaycan dilinin tədrisi, dil və mədəniyyət münasibətləri, qloballaşma şəraitində inkişaf meyilləri və müasir kommunikasiya mühitinə həsr olunmuş nəşrlər öz əksini tapıb.

Sərgi Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqi və təbliği ilə bağlı ədəbiyyatı oxuculara təqdim etməklə bu sahədə formalaşmış zəngin elmi irsin daha geniş auditoriyaya çatdırılmasına və dövlət dilinin inkişafına dair elmi biliklərin təşviqinə xidmət edir.

Nəşr edilib : 31.07.2026 17:09