NAXÇIVAN :

08 Dekabr 2025, Bazar ertəsi

Prezident İlham Əliyevin təşəbbüsü – Laçından regiona və dünyaya mesaj

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə iyulun 2-də Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında qadınların rolunun artırılması” mövzusunda ilk Qadınlar Forumu keçirildi. İƏT həftəsi çərçivəsində baş tutan bu tədbir həm Azərbaycanın beynəlxalq platformalarda təşəbbüskar mövqeyini, həm də qadınların sosial-iqtisadi həyatda roluna verilən yüksək qiyməti əyani şəkildə nümayiş etdirdi.

Tarixi və simvolik əhəmiyyəti ilə seçilən bu forum azad olunmuş Qarabağ torpağında – Laçında təşkil olundu. Bu məkanın seçilməsi Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə sülh, dirçəliş və inklüziv cəmiyyət quruculuğu istiqamətində həyata keçirdiyi genişmiqyaslı siyasətin bariz göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu forum regionda qadınların dayanıqlı inkişaf sahəsində liderlik potensialının ortaya qoyulmasına və qlobal çağırışlara cavab verən müasir siyasətlərin təşviqinə xidmət etdi. Prezidentin siyasi iradəsi sayəsində işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən irimiqyaslı quruculuq və reinteqrasiya proqramları, bu torpaqlarda qadınların fəal iştirakını, iqtisadi və ictimai layihələrdə öncül mövqe tutmalarını stimullaşdırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət qadının iqtisadi müstəqilliyinin təmin olunması, sosial rifahının gücləndirilməsi və qərar qəbul etmə proseslərində iştirakının artırılmasını prioritet hesab edir. Bu, Azərbaycanın beynəlxalq mövqelərində də özünü göstərir – qadın məsələləri üzrə çoxtərəfli platformalarda ölkəmiz fəal təşəbbüslərlə çıxış edir, müsbət təcrübəsini bölüşməyə hazır olduğunu nümayiş etdirir.

Qadınlara verilən dəyər və ictimai məsuliyyət

Forumun açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında keçirilməsini tarixi hadisə kimi dəyərləndirdi. O, Azərbaycan qadınının ictimai-siyasi həyatda fəallığını vurğulayaraq bildirdi ki, ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, təlim proqramları və sosial layihələr həyata keçirilir.

Komitə sədri qeyd etdi ki, qadınların təhsilə, elmə və texnologiyalara çıxış imkanlarının artırılması istiqamətində də mühüm nəticələr əldə olunub. Gənc qadın alimlərin, mühəndislərin, müəllimlərin və sahibkarların cəmiyyətin lokomotivinə çevrilməsi bu siyasətin uğurudur.

Panel müzakirələrdə qlobal çıxış yolları

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilən panel sessiyada müxtəlif ölkə və beynəlxalq təşkilat nümayəndələri iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu mövzusunu müzakirə etdilər. Sessiyada Türkiyənin Ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan Parlamentinin üzvü Juldız Süleymenova, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, İƏT Təhsil İnstitutunun rəhbəri prof. Mehmet Akif Kireççi və digər ekspertlər çıxış etdilər.

Panel iştirakçıları vurğuladılar ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə qadınların və qızların səlahiyyətləndirilməsi əsas şərtdir. Qadınların təhsil, maliyyə resursları və qərarvermə proseslərinə bərabər çıxışını təmin edən sistemli islahatlara ehtiyac olduğu qeyd edildi.

“COP29 Bakı təşəbbüsü” və qlobal tərəfdaşlıq çağırışı

Sessiyada, həmçinin vurğulandı ki, BMT-nin “Gələcək üçün Paktı”, COP29-un nəticələri və İnkişaf üçün Maliyyələşdirmə Konfransı çərçivəsində irəli sürülən məqsədlər, qadınların bu sahələrdə rolunun artırılması üçün ciddi zəmin yaradır. Panelin sonunda üzv dövlətlərə, beynəlxalq təşkilatlara, akademik qurumlara və vətəndaş cəmiyyətinə qadınların liderlik imkanlarının genişləndirilməsi istiqamətində birgə əməkdaşlıq çağırışı edildi.

Hacı Zeynalabdin Tağıyev irsindən ilhamlanan forum

Forumun fəlsəfi ruhuna ilham verən şəxslərdən biri böyük xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev olub. Müsəlman şərqində ilk dünyəvi qız məktəbini maliyyələşdirən bu şəxsiyyətin “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” fikri bu gün də öz aktuallığını qoruyur. Forumun əsas mesajlarından biri də məhz budur: təhsilli qız – təhsilli ana, təhsilli ailə və təhsilli cəmiyyət deməkdir.

Azərbaycan qadını – tarix və zamanı birləşdirən güc

Azərbaycan qadını tarixən mütərəqqi mövqeyə malik olmuşdur. Hələ 1919-cu ildə Şərqdə ilk dəfə seçmək və seçilmək hüququ qazanan qadınlarımız bu gün sosial, siyasi, iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər. Ulu Öndər Heydər Əliyev “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz”, – deyərək bu siyasətin təməlini qoymuşdur. Bu siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva böyük uğurla davam etdirir.

Yeni dövrün yeni hədəfləri – İƏT 2026-2035 strategiyası

Forumun nəticələri göstərdi ki, qadınların dayanıqlı inkişafda rolu yalnız milli deyil, həm də regional strateji prioritetdir. Bu forum həm də 2025-ci ildə başa çatacaq İƏT-in mövcud baxış sənədinin davamı kimi, 2026-2035-ci illəri əhatə edəcək yeni inkişaf strategiyasının formalaşdırılmasında əsas istinad nöqtələrindən biri olacaq.

Nəticə: Laçından qlobal həmrəyliyə

Qadınların iqtisadi, sosial və institusional inkişafda fəal rol alması dayanıqlı gələcəyin əsas təminatçısıdır. Laçında keçirilən bu forum yalnız bir tədbir deyil, o, azad olunmuş torpaqlarımızdan başlayan bir çağırışdır. Bu çağırış qadınların təhsildə, innovasiyada, "yaşıl iqtisadiyyat"da və iqlim tədbirlərində aparıcı rol oynadığı daha ədalətli, bərabər və davamlı gələcək üçündür.

Azərbaycan dövləti bu istiqamətdə siyasi iradəsini, praktiki addımlarını və regional əməkdaşlığa verdiyi töhfəni növbəti dəfə nümayiş etdirdi. İƏT Qadınlar Forumu bunun bariz nümunəsidir – həm tarixin, həm də gələcəyin səsinə çevrilən bir təşəbbüs…

Sara Əzimova
"Şərq qapısı" qəzetinin baş redaktoru
Naxçıvan-Bakı-Laçın

Nəşr edilib : 03.07.2025 12:20