ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezlik...
16:59 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Bakı görüşü: Azərbaycan-Pakistan strateji tərəfdaşlığında yeni realist hədəflər
Azərbaycana ən yaxın dost və strateji tərəfdaş ölkələr sırasında Pakistan İslam Respublikası tərəddüdsüz ilk yerlərdə dayanır. Respublikamızın ərazi bütövlüyünü, suverenliyini daim açıq şəkildə dəstəkləyən İslamabad hökumətinin Ermənistanla heç bir diplomatik əlaqələr qurmaması ölkəmizə qarşı sarsılmaz dəstəyin nümayişi olmaqla həm də iki xalq arasında mövcud dərin tarixi, mədəni bağlara sadiqlikdən xəbər verir. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini yeni səviyyəyə daşıyıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstəyini qətiyyətlə bəyan edən Pakistan müharibədən sonra da respublikamızla çoxtərəfli əlaqələrin inkişafına böyük maraq göstərir. Bu mənada, Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri, o cümlədən COP29 çərçivəsində liderlərin dialoqları iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından vacib qərarların verilməsi ilə tarixi önəm kəsb edir. İkitərəfli əlaqələrdə əməkdaşlığın yeni inkişaf istiqamətlərinin, realist hədəflərin müəyyənləşdirilməsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakı səfəri də olduqca məhsuldar keçdi. Səfər çərçivəsində liderlər arasında təkbətək, geniştərkibli görüşlər keçirildi, eneri, gömrük, kənd təsərrüfatı, ekologiya, peşə təhsili və digər sahələrə dair 10-dan artıq sənəd imzalandı, Azərbaycan-Pakistan biznes forumu təşkil olundu...
Hər iki ölkə beynəlxalq təsisatlarda fəal əməkdaşlığa önəm verir
Tarixi bağları möhkəm olan Azərbaycanla Pakistan müasir dövrdə həm ikitərəfli əməkdaşlığa, həm də siyasi platformalar üzərində regionda sülhün, təhlükəsizliyin təminatı naminə çoxtərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verir, beynəlxalq təşkilatlar vasitəsilə bir-birinin maraqlarının fəal müdafiəçisinə çevrilirlər. Bu xüsusda onu vurğulamaq yerinə düşər ki, hələ 1993-cü ilin aprelində Ermənistan tərəfindən Kəlbəcərin işğal edilməsi məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılanda Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik etmişdi.Və həmin vaxtdan etibarən ölkəmizə olan rəğbətin və hörmətin ifadəsi olaraq İslamabad hökuməti daim Ermənistanı işğalçı dövlət kimi pisləyərək onunla heç bir əlaqənin qurulmasına razı olmayıb. Eyni dəstəyi Azərbaycan da qardaş respublika üçün nümayiş etdirib, Kəşmir məsələsində daim İslamabadın haqlı mövqeyini gündəmə gətirib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi status alması üçün müraciətinə, COP29-a ev sahibliyi missiyasına dəstəklə Pakistan ölkəmizə olan sonsuz hörmət və ehtiramını bəyan edib. Bu gün ölkələrimiz arasında münasibətlərin dərinləşməsində, iqtisadi, mədəni əlaqələrin gücləndirilməsində İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, o cümlədən ötən il Azərbaycanın üzv olduğu D8-in rolu böyükdür. Məhz bütün bunların məntiqi nəticəsidir ki, fevralın 24-də keçirilən təkbətək və geniştərkibli görüşlərin ardından mətbuata bəyanatda hər iki ölkə lideri tərəfindən beynəlxalq təsisatlarda fəal əməkdaşlıq münasibətlərin dərinləşdirilməsi baxımından diqqətə çəkilən ilk amil oldu. Sitat: “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.
Azərbaycan-Pakistan biznes forumu iqtisadi əməkdaşlığa dair geniş perspektivlər açdı
Dövlətlərarası münasibətlər, ölkələrarası maraqlar ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini vacib sayır, vahid məqsəd naminə birgə bir sıra layihələrin reallaşdırılmasını şərtləndirir. Həm coğrafiya, həm də təcrübə baxımından hər iki respublikanın bir-biri üçün müxtəlif sahələrə dair güclü potensialda olması, bu mənada, yeni perspektivlər açır. Belə ki, Azərbaycanla Pakistanın kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığına dair əlverişli imkanlar vardır. Bunlar arasında Pakistanda çox inkişaf etmiş əczaçılıq sahəsinə diqqəti çəkmək olar ki, bu gün dost ölkədə istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Gələcəkdə bu sahədə birgə müəssisənin qurulması da plandadır. Eyni zamanda Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyətə malikdir. Bütün bu aspektlərdən yanaşdıqda deyə bilərik ki, Azərbaycanla Pakistanın strateji əməkdaşlığı hər iki ölkəyə böyük dividendlər gətirir və gətirəcək də. Keçirilən müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları isə bunun üçün əlverişli platforma rolunu oynayır. Fevralın 24-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu da önəmli qərarları ilə gələcək iqtisadi əlaqələrin gücləndirilməsi üçün geniş perspektivlər açdı. Forum çərçivəsində Bakıda Pakistan Ticarət Palatası nümayəndəliyinin təsisinə dair razılaşma əldə olundu ki, bu da tərəflərin iqtisadi sahələrinə potensial sərmayədarların cəlbi, biznes təmasları, sahibkarlar üçün yeni layihələrin təqdimatı baxımından olduqca uğurlu addımdır. İkitərəfli əlaqələrin gücləndirilməsindən, ticarət dövriyyəsinin artımından danışan zaman regional və beynəlxalq sülhə xidmət edən yük daşımalarının roluna diqqəti çəkməsək olmaz. Bu xüsusda Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzi kimi Azərbaycan bir sıra region ölkələri, o cümlədən, də Pakistan üçün əməkdaşlıq baxımından cəlbedicidir. Prezident İlham Əliyev biznes forumda çıxışı zamanı nəqliyyat sektorunda da əlaqələri nəzərdən keçirdiklərini vurğuladı: “Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin”.
Dünyada silahlı qüvvələrinin gücünə görə ilk onluqda yer alan Pakistanla müharibədən qalib çıxmış Cənubi Qafqazın lider dövləti Azərbaycanı həm də hərbi sahədə əməkdaşlıq yaxınlaşdırır. Bu əməkdaşlıq, sözsüz ki, regional və beynəlxalq səviyyədə sülhə, təhlükəsizliyə xidmət kimi qəbul olunur. Qarşılıqlı səfərlər zamanı aparılan dialoqlar, müxtəlif sərgilər, təlimlər vasitəsilə təcrübənin öyrənilməsi, əldə olunan razılaşmalar əlaqələrin güclənməsinə təkan verir. Bu baxımdan Prezident İlham Əliyevin ötən il iyulun 12-də İslamabadda Pakistanın “Milli Aerokosmik Elm və Texnologiya Parkı”ndakı hərbi sərgi ilə tanışlığı iki ölkə arasında hərbi və texnoloji sahədə əlaqələrin güclənməsi yönündə mühüm addım oldu. Hərbi əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri 2024-cü ildə Azərbaycanın Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. Məlum olduğu üzrə 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin qarşısındakı əsas hədəflərindən biri məhz müdafiə qabiliyyətinin artırılması, hərbi infrastrukturun, müasirləşdirilməsi, arsenalın ən yeni silah və texnikalarla zənginləşdirilməsidir. 2025-ci ilin dövlət büdcəsində hərbi xərclərin rekord göstərici – 8,4 milyard manat təşkil etməsi də məhz bu məqsədə xidmət edir. Respublikamız hərbi avadanlıqların təkcə idxalını deyil, ixracını da qarşıda mühüm vəzifə kimi qoyub və təqdirəlayiq haldır ki, istehsal olunan müdafiə sənayesi məhsullarımız artıq 30-dan çox ölkəyə satılır. Fevralın 24-də Azərbaycan və Pakistan liderlərinin görüşlərində də müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə istehsal müəssisəsinin yaradılmasına dair məsələlər əsas müzakirə mövzularından oldu. Prezident İlham Əliyev mətbuata bəyanatında həmin məqama xüsusi toxundu, birgə istehsal ilə ixracyönümlü təchizatın artacağını vurğuladı: “Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq”.
Ümumilikdə, onu deyə bilərik ki, əvvəlki görüşlərdə olduğu kimi, Azərbaycan və Pakistan liderlərinin 24 fevral – Bakı dialoqu da olduqca uğurlu, gələcəyə dair yeni əməkdaşlıq istiqamətlərinin açılması ilə yadda qaldı. Tarixi bağlar, mədəni dəyərlər üzərindən inşa olunan qardaşlıq və dostluq münasibətlərinin yeni strateji hədəfləri müəyyən edildi, birgə fəaliyyət planı tərtib olundu. Prezident İlham Əliyevin də dediyi kimi: “Bütövlükdə, bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq”.
Nail ƏSGƏROV
Digər xəbərlər