NAXÇIVAN :

20 May 2026, Çərşənbə

WUF13: Azərbaycanın qlobal urbanizasiya gündəliyinə təqdim etdiyi yeni inkişaf modeli

...

Mayın 17-dən etibarən bütün dünyanın diqqəti Azərbaycanın paytaxtına yönəlib. Bakı növbəti mühüm beynəlxalq tədbirə – Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər tədbir BMT-nin Məskunlaşma Proqramı – UNHabitat tərəfindən təşkil olunur və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Dünyanın müxtəlif ölkələrindən şəhərsalma sahəsində tanınmış ekspertlərin, memarların, dövlət rəsmilərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi forum qlobal urbanizasiya çağırışlarının, dayanıqlı inkişaf strategiyalarının və gələcəyin şəhər modellərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər tədbir həm Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir, həm də Bakının qlobal dialoq və əməkdaşlıq məkanı kimi rolunun daha da gücləndiyini təsdiqləyir.
Xatırlatmaq yerinə düşər ki, Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən 2001-ci ildə təsis olunub. Forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Bu forum dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu, genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə WUF BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiri sayılır. Qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi WUF platformasında şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və digər aktual məsələlər əsas müzakirə predmetinə çevrilir. Forumun 13-cü sessiyasına ev sahibliyi edən Bakı hazırda qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformasına çevrilib. Mayın 22-dək davam edəcək WUF13 çərçivəsində dayanıqlı şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, inklüziv və təhlükəsiz urbanizasiya, müasir şəhər idarəçiliyi və yaşayış məskənlərinin inkişafı kimi mühüm mövzular geniş şəkildə müzakirə olunur. Bu müzakirələr qlobal şəhərsalma siyasətinin yeni istiqamətlərinin formalaşmasına töhfə verəcək.

WUF13 Azərbaycanın təşkilatçılıq təcrübəsinə beynəlxalq etimadı gücləndirir

Azərbaycanın qazandığı zəngin təşkilatçılıq təcrübəsi paytaxt Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsinə möhkəm zəmin yaradıb. Bu baxımdan, onu da diqqətə çəkmək yerinə düşər ki, BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı sayəsində ölkəmizdə üç milli şəhərsalma forumu keçirilib. Başqa sözlə, digər strateji sahələrdə olduğu kimi, şəhərsalma istiqamətində də beynəlxalq tədbirlərin keçirilməsi baxımından respublikamız zəngin təcrübə qazanıb. Belə ki, 2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda və 2025-ci ildə Xankəndidə təşkil olunan Azərbaycan Milli Şəhərsalma forumları dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin təcrübə mübadiləsi və dayanıqlı inkişaf naminə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün uğurlu platformaya çevrilib. Təşkilatçılıq baxımından, xüsusilə COP29 konfransında qazanılan təcrübə və iqlim diplomatiyası sahəsindəki tarixi nailiyyətlər təqdirəlayiqdir. Konfrans bir daha sübut etdi ki, Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli ev sahibi kimi qlobal məsələlərin həllində nəticəyönümlü fəaliyyət nümayiş etdirir. Bu baxımdan, WUF13-ü beynəlxalq ictimaiyyətin ölkəmizə artan etimadının göstəricisi və COP29-un məntiqi davamı kimi dəyərləndirmək olar. Həm COP29, həm də WUF13 Azərbaycanın artıq təkcə regional deyil, həm də qlobal əhəmiyyətli problemlərin müzakirə olunduğu mühüm dialoq məkanına çevrildiyini və bu prosesin davamlı xarakter aldığını bir daha təsdiqləyir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev də Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək bacarığını xüsusi vurğulayaraq ölkəmizin dayanıqlı inkişaf, müasir şəhərsalma və inklüziv yaşayış mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin prioritetlərindən bəhs edib. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycanın qlobal gündəmdə artan rolunu və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirir. Sitat: “Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası müasir urbanizasiya proseslərinin artıq təkcə texniki-planlaşdırma məsələsi deyil, qlobal idarəetmə, geosiyasi sabitlik, ekoloji təhlükəsizlik və sosial transformasiya ilə sıx bağlı kompleks sistemə çevrildiyini nümayiş etdirir. Forumda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi şəhərlərin gələcəyinin artıq milli sərhədləri aşan ortaq məsələ olduğunu və Azərbaycanın bu prosesdə aparıcı mövqedə dayandığını göstərir. Bu xüsusilə son onillikdə urbanizasiya sürətinin artması, böyük şəhərlərin əhali yükünün çoxalması, iqlim dəyişmələri və resurs çatışmazlığı kimi qlobal problemlərin daha kəskin xarakter alması fonunda daha aydın görünür. Bu kontekstdə Ümumdünya Şəhərsalma Forumu (WUF13) yalnız müzakirə məkanı deyil, həm də yeni şəhər idarəetmə paradiqmalarının formalaşdığı strateji platforma xarakteri daşıyır.

WUF13-də Bakı modeli: tarixdən müasirliyə urban inkişaf yolu

Azərbaycanın ev sahibliyi etdiyi bu forumda Bakı şəhərinin tanıdılması, təqdimatı xüsusi çəkiyə malikdir. Bu xüsusda onu vurğulamaq olar ki, Bakı yalnız coğrafi mövqeyi ilə deyil, həm də tarixi-sosial transformasiya dinamikası ilə urban inkişafın çoxsəviyyəli modelini nümayiş etdirir. Şəhərin inkişaf trayektoriyası göstərir ki, burada urbanizasiya xətti irəliləyişlə paralel şəkildə, müxtəlif tarixi dövrlərin bir-birinin üzərinə harmonik şəkildə yerləşdiyi zəngin və çoxqatlı bir struktur kimi formalaşıb. İçərişəhərin orta əsr şəhər quruluşu, XIX əsr neft bumu dövrünün Avropa memarlıq üslubu və müasir şəhər landşaftı eyni məkanda bir-biri ilə əlaqəli şəkildə mövcuddur. Bu, Bakının təkcə müasir şəhər kimi deyil, həm də tarixi davamlılıqla müasirliyin birləşdiyi bir şəhər modelinə yaxın olduğunu göstərir. Sözügedən yanaşma şəhərin sıfırdan qurulması deyil, mövcud şəhər quruluşunun zamanla uyğunlaşdırılması və dəyişdirilməsi üzərində qurulduğunu ifadə edir.
Bakı şəhərinin ekoloji transformasiyası da şəhərsalma siyasətinin başqa bir strateji xəttini təşkil edir. Neft sənayesinin tarixi təsiri nəticəsində ciddi ekoloji deqradasiyaya məruz qalmış şəhər mühitinin yenidən qurulması yalnız fiziki təmizləmə deyil, iqtisadi modelin dəyişdirilməsi ilə paralel aparılır. “Qara şəhər”dən “Ağ şəhər”ə keçid sənaye şəhərindən post-sənaye, xidmət və yaşayış yönümlü şəhər modelinə transformasiyanın simvolik ifadəsidir. Bu transformasiya həm də şəhərin qlobal investisiya xəritəsində mövqeyinin dəyişməsini göstərir. Həmçinin şəhərsalmanın müasir və innovativ təzahürlərindən biri də Xəzər sahilində formalaşdırılan “Sea Breeze” yaşayış və istirahət məkanıdır. Bu layihə yalnız turizm və əyləncə zonası kimi deyil, həm də şəhərsalmanın çoxfunksiyalı və dayanıqlı modelinin nümunəsi kimi diqqət çəkir. Burada yaşayış, istirahət, xidmət, ticarət və sosial infrastruktur elementləri vahid urbanistik konsepsiya əsasında birləşdirilib. Müasir memarlıq həlləri, yaşıllıq zonalarının genişliyi, piyada yönümlü məkanların təşkili və ekoloji yanaşmalar “Sea Breeze”i yeni şəhərsalma yanaşmalarının praktik nümunəsinə çevirir. Prezident İlham Əliyev forumun sessiyasında çıxışı zamanı bütün bu məqamlara toxunaraq 20 il ərzində Bakıda böyük urbanizasiya proseslərinin getdiyini diqqətə çatdırdı: “Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm”.
Dövlətimizin başçısı Şamaxı, Gəncə, Naxçıvan, Şəki və Qəbələ kimi şəhərlərin ölkəmizin urban inkişafında mühüm rol oynadığını vurğuladı. Bu yanaşma şəhərsalmanın təkcə paytaxt mərkəzli deyil, həm də çoxmərkəzli və balanslı regional inkişaf modeli üzərində qurulduğunu göstərir. Belə model regionlararası tarazlığın güclənməsinə, əhali və iqtisadi fəaliyyətin daha səmərəli paylanmasına şərait yaradır. Eyni zamanda bu şəhərlərin tarixi irsə əsaslanan özünəməxsus şəhər kimliyi onların turizm və mədəni iqtisadiyyat potensialını daha da artırır. Bu baxımdan şəhərsalma həm fiziki infrastrukturun inkişafı, həm də iqtisadi və mədəni dəyərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın çoxmərkəzli urban inkişaf modeli: regional balansdan postmünaqişə şəhərsalmasına

WUF13-də Azərbaycanın təqdim etdiyi ən müasir və innovativ şəhərsalma modeli məhz Qarabağ və Şərqi Zəngəzurun timsalında özünü aydın şəkildə göstərir. Bu nümunə urbanizasiya prosesinin postmünaqişə kontekstində necə fərqli məzmun və xarakter qazandığını nümayiş etdirir. Həmin ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri klassik şəhər yenilənməsi modelindən fərqli olaraq daha çox “sıfırdan şəhər quruculuğu” konsepsiyası kimi dəyərləndirilə bilər. Burada eyni vaxtda bir neçə paralel və qarşılıqlı əlaqəli proses həyata keçirilir: müasir infrastrukturun yaradılması, təhlükəsizlik risklərinin aradan qaldırılması (xüsusilə mina təmizlənməsi), sosial reinteqrasiya və iqtisadi fəallığın bərpası.
Bu baxımdan, "Böyük Qayıdış" proqramı yalnız məcburi köçkünlərin öz doğma yurdlarına dönüşünü təmin edən demoqrafik layihə deyil, eyni zamanda institusional dövlət quruculuğunun mühüm mexanizmi kimi çıxış edir. Proqramın miqyası urban idarəetmənin çoxşaxəli koordinasiya, çevik planlaşdırma və yüksək icra intizamı tələb etdiyini göstərir. Qısa müddət ərzində yolların, körpülərin, tunellərin, hava limanlarının, enerji və su təchizatı infrastrukturlarının yaradılması Azərbaycanın yüksək səviyyəli idarəetmə və mobilizasiya imkanlarını ortaya qoyur. Prezident İlham Əliyev forumun sessiyasında çıxışı zamanı Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasının əsas prioritetlərdən olduğunu vurğuladı, ötən 5 ildə bu sahədə böyük işlərin həyata keçirildiyini diqqətə çatdırdı: “Beləliklə, hazırda "Böyük Qayıdış" proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub”.
Bütün bunlar bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yeni urban inkişaf modeli yalnız Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinin göstəricisi deyil, həm də dayanıqlı, ağıllı və insan mərkəzli şəhərsalma prinsiplərinin praktik tətbiqinin uğurlu nümunəsidir. Bu model beynəlxalq urbanistika müzakirələrində postkonflikt məkanların yenidən qurulması üzrə innovativ yanaşma kimi xüsusi maraq doğurur.
Ümumilikdə, WUF13 çərçivəsində təqdim olunan yanaşma şəhərsalmanı təkcə memarlıq və infrastruktur məsələsi kimi deyil, daha geniş və çoxsahəli idarəetmə sistemi kimi təqdim edir. Bu sistemdə iqtisadi inkişaf, sosial rifah, mədəni irs və ekoloji davamlılıq bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilir. Azərbaycanın təqdim etdiyi model isə bu sahələri paralel şəkildə inkişaf etdirməyə çalışır və xüsusilə postmünaqişə bərpa təcrübəsi ilə beynəlxalq şəhərsalma müzakirələrində fərqli bir nümunə kimi çıxış edir. WUF13 göstərir ki, müasir şəhər yalnız yaşayış məkanı deyil, həm də inkişaf, milli kimlik və beynəlxalq inteqrasiyanın vacib platformalarından biridir. Şəhərlərin gələcəyi isə onların sürətlə böyüməsindən çox, bu böyümənin nə qədər balanslı və dayanıqlı şəkildə idarə olunmasından asılıdır.

Nail Əsgərov

Nəşr edilib : 20.05.2026 09:58