ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezlik...
16:59 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Prezident İlham Əliyev: “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq”.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalardan, siyasi platformalardan müstəmləkədən əziyyət çəkən, iqtisadi və mənəvi təzyiqlərə məruz qalan ölkələrə, xalqlara daim öz dəstəyini ən yüksək səviyyədə göstərməklə dünyada ədalət tərəfdarı olduğunu, bu prinsipdən əl çəkməyəcəyini bəyan edir. Bu amil özünü Azərbaycanın dörd il sədrlik etdiyi Qoşulmama Hərəkatının, fəal üzv kimi İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının və digər qurumların müxtəlif səviyyəli tədbirlərində ən bariz şəkildə göstərir. Ötən ilin noyabrında keçirilən COP29 çərçivəsində də ölkə başçımız BMT-nin qətnamələrini heçə sayaraq xalqların hüquqlarını kobud şəkildə pozan, müstəmləkə siyasəti yürüdən Fransa kimi qərbyönümlü “demokratiya carçılarını” elə bu ali təşkilatın rəhbərinin gözü önündə kəskin şəkildə tənqid etdi. Bu və digər faktlar baxımından təsadüfi deyildir ki, Afrika ölkələri hər zaman respublikamıza dost, qardaş nəzəri ilə yanaşır, dövlətimizin apardığı açıq diplomatiyaya, xarici siyasət kursuna xüsusi simpatiya bəsləyir. Həmin hörmət və ehtiram fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlərdə bir daha bəyan olundu...
Ümumiyyətlə, Azərbaycanla Afrika ölkələri, o cümlədən də Somali arasında əlaqələr bu günədək strateji tərəfdaşlıq səviyyəsinə qalxmasa da, münasibətlərdə daim mehriban və etibarlı dostluq prinsipləri baza rolunu oynayıb. Ölkəmizin torpaqlarının 30 illik işğalı dövründə, eləcə də haqq savaşına çıxdığımız 44 günlük Vətən müharibəsində həmin qitə dövlətləri daim öz dəstəklərini nümayiş etdiriblər. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələrin tarixi isə 20 il öncəyə gedib çıxır. Daha dəqiq desək, iki ölkə arasında siyasi yaxınlaşma 2004-cü il mart ayının 22-dən başlayıb. Dövlətlərarası münasibətlər, xalqlararası dostluq əlaqələri nöqteyi-nəzərindən diqqətçəkən maraqlı faktlardan biri Azərbaycan hökumətinin 2011-ci il avqustun 8-də Somalidə yaşayan insanlara 100 min ABŞ dolları məbləğində humanitar yardım göndərməsi, o cümlədən vətəndaşlarımızın 72 min dollarlıq könüllü ianələr etməsidir. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin keçmiş mərhum deputatı Qənirə Paşayeva 2012-ci ildə iki həftə ərzində uşaq həkimi qismində Somalidə fəaliyyət göstərib, sakinlərə yardım edib. Ümumiyyətlə, Azərbaycanın Afrika ölkələrinə belə humanitar məqsədli təşəbbüsləri kifayət qədərdir.
Son illərdə müxtəlif səviyyələrdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, “yaşıl enerji”, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Əlaqələrin inkişafı baxımından hər iki ölkənin Qoşulmama Təşkilatı və İƏT-ə üzvlüyü də xüsusi önəm daşıyır. Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də Azərbaycan tərəfi Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atır. TDT-nin fəal üzvü kimi respublikamız təkcə öz mövqeyindən çıxış etmir, ümumilikdə, Türk dünyası ilə Afrika arasında əlaqələrin daha da dərinləşməsinə təşəbbüs göstərir. Təqdirəlayiq haldır ki, bu təşəbbüslər təkcə iqtisadi əməkdaşlıqlara deyil, tarixi-mədəni, sosial bağların möhkəmlənməsinə də xidmət edir. Digər tərəfdən, bildiyimiz kimi, TDT-nin əsas aktorlarından sayılan Türkiyə də Somali ilə əlaqələri daim yüksək səviyyədə saxlayır. Qardaş ölkənin strateji müttəfiqi kimi, respublikamız da bu münasibətlərin möhkəmləndirilməsində maraqlıdır və bu hər üç ölkə üçün faydalıdır. Təbii ki, bütün münasibətlərdə olduğu kimi, Azərbaycan-Somali əlaqələrində də qarşılıqlı hörmət və etimad əsasdır. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, Afrika ölkələri, o cümlədən də vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim respublikamızın ərazi bütövlüyünü dəstəkləyib və indi də bu missiyasını davam etdirir.
Azərbaycanla Afrika ölkələrini gələcəyə dair bir sıra strateji maraqlar, perspektivlər və tarixi oxşarlıqlar da yaxınlaşdırır desək, yanılmarıq. Məlum olduğu üzrə bu qitə mühüm təbii sərvətləri, eləcə də gənc əhalisi ilə dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, belə olan halda mövcud ehtiyatlardan, insan kapitalından səmərəli istifadə həmin dövlətləri dünya siyasi, iqtisadi münasibətlər sistemində xeyli yaxşı mövqeyə daşıya bilər. Bu mənada, 70 il sovet hakimiyyəti rejiminin təsiri altında qalan respublikamızın 30 illik inkişaf dinamikası uzun illər müstəmləkəçilikdən əziyyət çəkən qitə ölkələri, həmçinin də Somali üçün yaxşı təcrübədir. Azərbaycanın kənd təsərrüfatı və enerji sahələrindəki zəngin praktikasını bu baxımdan nümunə götürə bilərlər. Ələlxüsus da, son illərdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən “yaşıl enerji” konsepsiyası bir sıra inkişaf etməkdə olan ölkələr, o cümlədən də Somali üçün strateji inkişaf hədəflərinin tərkib hissəsidir. Bütün bu sadalanan istiqamətlər üzrə əlaqələrin möhkəmləndirilməsi və yeni mərhələyə keçidinin təmin edilməsində Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri mühüm rola malikdir.
Liderlərin dialoqlarında qarşılıqlı maraqdoğuran kifayət qədər məsələlər müzakirə predmetinə çevrildi. Sözsüz ki, tərəflər arasında innovasiya, “yaşıl enerji”, təhsil və müdafiə sahələrinə dair dövlət sənədlərinin imzalanması əməkdaşlıqlarda yeni perspektivlər açacaq. Görüşlərdə ən çox müzakirə olunan məsələ məhz hazırda Somali üçün əsas inkişaf prioritetlərindən sayılan təhsil üzrə oldu. Bu xüsusda onu qeyd etmək yerinə düşər ki, hələ sovetlər dövründə somalili tələbələr Azərbaycan universitetlərində ali təhsil alıblar. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ənənə uğurla davam etdirilib. Bir sıra siyasi platformalardan, o cümlədən də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin təhsil təqaüd proqramlarından Somalinin faydalana biləcəyi diqqətə çatdırılıb. Fevralın 12-də prezidentlərin mətbuata bəyanatında da əməkdaşlığın dərinləşməsinə töhfə, Somalinin iqtisadi inkişafına fayda kimi təhsil sahəsi əsas diqqətə çəkilən məsələlər sırasında yer aldı. Sitat: “Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.
Ümumilikdə, onu deyə bilərik ki, Azərbaycan-Somali ikitərəfli münasibətləri tarixində ilk səfər gündəliyinin zənginliyi, çoxcəhətliliyi ilə diqqəti çəkdi, bir sıra sahələr üzrə faydalı əməkdaşlıq üçün geniş perspektivlər açdı. Mətbuata bəyanatında Hasan Şeyx Mahmud Prezident İlham Əliyevlə səmərəli müzakirələr aparmaqdan böyük şərəf və qürur hissi duyduğunu dedi, görüşün çox məhsuldar keçdiyini vurğulayaraq səfəri Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı adlandırdı. Azərbaycan lideri beynəlxalq təşkilatlar vasitəsilə qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyini bildirdi, hər iki ölkə üçün arxalanacağı tərəfdaşlara və dostlara malik olmağın vacibliyini diqqətə çatdırdı: “Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.
Nail ƏSGƏROV
Digər xəbərlər