NAXÇIVAN :

17 May 2025, Şənbə

Prezident İlham Əliyev: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir

...

Artıq ənənəvi şəkil almış Konqresin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
“İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.
Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir”, - deyə müraciətdə bildirilib.

Nəşr edilib : 17.05.2025 13:10