Nazir: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Azərbay...
17:38 05.07.2026
0
0
0
NAXÇIVAN :
05 Iyul 2026, Bazar
Naxçıvanın o məşhur “Köhnə bazar”ının içərisinə doğru addımladıqca illər öncəyə qayıdır insan elə bil. İllərin izini daşıyan dükanlar, hər küncdən gələn fərqli səslər bu məkanı şəhərin əvəzolunmazına çevirir.
Tarixən sənətkarların, alverçilərin, müştərilərin səsi ilə dolub-daşan bazarın içində bu gün də qədim peşələri yaşatmağa çalışan insanlar var. Onlardan biri də gənc ayaqqabı ustası Hüseyn Mahmudovdur.
Köhnə bazarın sakit guşələrindən birində yerləşən kiçik emalatxanaya daxil olan kimi ilk diqqəti çəkən dərinin özünəməxsus qoxusu, səliqə ilə düzülmüş alətlər və yarımçıq qalmış əl işləridir. Burada hər əşya öz yerindədir. Bu emalatxana həm də bir ailə ənənəsinin, illərin təcrübəsinin və sənət sevgisinin yaşadığı ünvan kimi görünür.
Onun gəncliyi ilə əllərindəki o ağır sənətin illərlə formalaşan izi arasında heyranedici bir təzad var. Hüseyn Mahmudovun yaşı çox olmasa da, əllərində uzun illərin təcrübəsi hiss olunur. Bu peşə Hüseynə yad deyil, əslində. Çünki onun ayaqqabıçılığa gedən yolu ailəsindən başlayıb. Atasının sənəti olan bu peşə zamanla oğul üçün də həyat yoluna çevrilib.
Usta bizimlə söhbət zamanı işini bir anlıq dayandırıb keçmişi xatırlayır: “Bu sənətə marağım hələ məktəb illərindən yaranıb. Təxminən, ikinci-üçüncü sinifdə oxuyanda boş vaxtlarımda ustaların yanına gedirdim. Onların necə işlədiyini izləyirdim. Hər dəfə baxdıqca marağım daha da artırdı. Sonra özüm də öyrənməyə başladım”.
Bir çox peşələr insanın seçimi olur, amma bəzi peşələr insanı özü seçir sanki. Hüseyn usta üçün ayaqqabıçılıq da məhz belə olub. Uşaqlıq marağı zamanla peşəyə, peşə isə həyat tərzinə çevrilib.
Masanın üzərində yarımçıq hazırlanmış ayaqqabıya baxaraq danışır: “Müştərinin istəyinə görə iş prosesimiz dəyişir. Elə model olur ki, üç günə hazır olur. Eləsi də var ki, beş gün vaxt aparır. Hər şey sifarişdən asılıdır”.
Əslində, müasir dövrdə bir çox insanlar mağazaya gedib bir neçə dəqiqəyə ayaqqabı ala bilirlər. Amma əl işi ayaqqabı hazırlamaq tamamilə başqa prosesdir. Burada tələskənliyə yer yoxdur. Hər mərhələ diqqət və səbir tələb edir. Usta əvvəlcə dərini seçir, sonra ölçülər götürülür, kağız üzərində qəlib hazırlanır, dəri xüsusi qaydada kəsilir, daha sonra hissələr birləşdirilir, tikilir və formaya salınır. Hər detal ustanın nəzarətindən keçir.
Ayaqqabı hazırlanmasının ən çətin hissəsini soruşduqda isə tərəddüd etmədən cavab verir: “Ən çətin mərhələ ayaqqabının üzlüyünün hazırlanmasıdır”.
İlk baxışda sadə görünən bu hissə, əslində, ayaqqabının görünüşünü müəyyən edən əsas elementdir. Kiçik bir səhv bütün işi korlaya bilər. Buna görə də burada həm peşəkarlıq, həm də dəqiqlik lazımdır.
Usta işlədikcə alətlərin səsi dükanı doldurur. Bəzən çəkic taxtaya dəyir, bəzən qayçı dərini kəsir, bəzən tikiş maşınının ritmik səsi eşidilir.
Yaşlı sakinlər deyirlər ki, bir zamanlar burada ayaqqabı ustalarının sayı çox olub. Müştərilər növbə gözləyər, ustalar səhərdən axşama qədər işləyərdilər. İndi isə vəziyyət fərqlidir. Hazır məhsulların çoxaldığı, fabrik istehsalının bazarı ələ keçirdiyi bir dövrdə əl işi sənətlər əvvəlki əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Hüseyn usta isə bu fikirlə razılaşmır. Onun sözlərinə görə, əl işi ayaqqabı ilə fabrik istehsalı arasında böyük fərq var: “Əl işi ayaqqabıda müştəri özü dərini seçir. Ayaqqabının necə hazırlandığını görür. Usta işi əvvəldən sona qədər özü görür. Fabriklərdə isə məhsul bir neçə işçinin əlindən keçir. Bu da bəzi hallarda keyfiyyətə təsir göstərir”.
Doğrudan da, əl işi məhsulun əsas üstünlüyü onun fərdiliyidir. Hər ayaqqabı bir nəfər üçün hazırlanır. Hər tikişdə ustanın zəhməti görünür. Fabrik məhsulları isə minlərlə eyni nümunədən yalnız biridir.
Hüseyn bu peşəni öyrənərkən Naxçıvanın tanınmış ustalarından dərs alıb. O bu gün də müəllimlərini hörmətlə xatırlayır: “Bu sənəti Pərvin, Mehman və Məhəmməd adlı ustalardan öyrənmişəm. Onların hər birinin üzərimdə böyük əməyi var”.
Sənətlər yalnız alətlərlə yox, ustaddan şagirdə keçən biliklə yaşayır. Əgər öyrədən olmasa, öyrənən də olmaz. Əgər davam etdirən olmasa, sənət zamanla yox olar. Bəlkə də, buna görə Hüseyn öz ustalarını unutmur. Çünki bu gün onun hazırladığı hər ayaqqabıda həmin adamların da zəhmətindən bir pay var.
Dükanın qarşısından insanlar gəlib keçir. Bəziləri, sadəcə, baxır, bəziləri salam verir, bəziləri isə maraqla içəri boylanır. Amma bu maraq əvvəlki illərdəki qədər deyil. Usta bu barədə danışarkən səsində bir qədər təəssüf hiss olunur. Keçmiş illərdə Naxçıvanda nə qədər istedadlı, əli qızıl ustaların olduğunu, emalatxanalardan gələn o çəkic səslərinin şəhərin nəbzi kimi vurduğunu xatırlayır. İndi isə o böyük nəsildən geriyə bu qədim sənəti çiyinlərində daşıyan çox az adamı qalıb.
Bugünkü gənclərin çoxu tam fərqli dünyaların arxasınca qaçır. Texnologiyanın parıltısı, biznesin sürəti, sosial medianın keçici cazibəsi hamını özünə çəkir. Belə bir axında əcdaddan qalan ənənəvi sənətlər kölgəyə çəkilir. Halbuki bu sənətlər xalqın tarixi yaddaşı, milli mədəniyyətinin barmaq izləridir. Bəlkə də, elə bu səbəbdən Hüseyn Mahmudovun fədakarlığı o unudulmaz yaddaşı gələcəyə daşımaq missiyasıdır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər