“Qürur və Zəfər tariximiz” adlı onlayn dərs keçili...
15:02 06.11.2026
0
0
0
NAXÇIVAN :
06 Noyabr 2026, Cümə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri Bakıda təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, Kristal Zalda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festivalın əsas məqsədi şagird və gənclərin peşə seçiminə dəstək olmaq, onların gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə kömək etmək olub. Ölkənin 11 şəhər və rayonunu əhatə edən layihənin Bakı mərhələsində iştirakçılar müxtəlif peşə sahələri ilə yaxından tanış olmaq, həmin sahələrin mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Festival çərçivəsində peşə stendləri təqdim olunub, iştirakçılara müxtəlif ixtisaslar, tələb olunan bacarıqlar və karyera imkanları barədə məlumat verilib. Onlar, həmçinin mütəxəssislərə suallar ünvanlayıb, interaktiv fəaliyyətlərdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışında “PeşəFest”in əsas məqsədinin şagirdləri, gəncləri, onların valideynlərini və peşə mütəxəssislərini bir araya gətirmək, gənclərin gələcək peşə seçimləri ilə bağlı suallarını cavablandırmaq olduğunu bildirib.
O qeyd edib ki, layihə çərçivəsində 11 şəhərdə keçirilən tədbirlərdə yüksək iştirak qeydə alınıb. Sumqayıtdan başlayan festivalın ümumi iştirakçı sayı 33 minə yaxın olub. Bu il keçirilən “PeşəFest” tədbirlərində iştirakçıların sayı 2025-ci illə müqayisədə iki dəfə artıb. Naxçıvanda təşkil olunan tədbirdə isə 1260 nəfər iştirak edib.
R.Mustafayev festival çərçivəsində təqdim olunan 11 peşə istiqamətinin gənclərə həm müasir texnologiyalar, əşyaların interneti və süni intellekt, həm də ənənəvi peşələrlə tanış olmaq imkanı yaratdığını vurğulayıb.
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə ölkənin qazandığı Zəfərin əldə olunmasında Azərbaycan xalqının, ordusunun və şəhidlərin müstəsna rolunu qeyd edib. O bildirib ki, bu gün ölkədə həyata keçirilən islahatlar və gənclər üçün yaradılan imkanlar həmin Zəfərin nəticələrindən biridir.
Deputat gənclərin gələcək peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar məktəblilərə və gənclərə müxtəlif peşələrlə tanış olmaq, gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm imkan yaradır. Z.Oruc, həmçinin “PeşəFest” çərçivəsində silah mühəndisliyi istiqamətinin təqdim olunmasını müsbət qiymətləndirib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə isə peşə təhsilinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, son beş ildə Azərbaycanda peşə təhsili üzrə qəbul göstəricisi 76 faiz yüksəlib, hazırda peşə təhsili alanların sayı 28 mini ötüb.
Nazir müavini qeyd edib ki, peşə təhsili sistemində həyata keçirilən islahatlar regionları da əhatə edir. Hazırda qəbulun təxminən 70 faizi ölkənin regionlarının payına düşür. Son illərdə regionlarda yaradılan Gəncə Dövlət Peşə Məktəbi, Qəbələ Dövlət Peşə Mərkəzi və Cəlilabad Dövlət Peşə Mərkəzi bu sahədə uğurlu nümunələrdir.
K.Kərimzadə, həmçinin “PeşəFest” layihəsi çərçivəsində 200 minə yaxın azərbaycanlı gəncin iştirak etməsinin sevindirici hal olduğunu vurğulayıb. O bildirib ki, festival gənclərə gələcək peşə seçimləri ilə bağlı daha məlumatlı qərarlar vermək imkanı yaradır.
Tədbir musiqi qruplarının ifaları və iştirakçılar arasında təşkil olunan viktorinalarla davam edib.
Digər xəbərlər