NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Payızın rəngi, sağlığımız, dağların neməti

...

Uşaq ikən payız fəsli gələndə qüssələnirdim. Düşünürdüm ki, yaşıl­lığın qənimidir. Güllər, çiçəklər solacaq, yaşıllıqdan əsər qalmayacaq. Sən demə, təbiət ən gözəl rəngini payızda alır. Nahaq yerə bu fəsli “qızıl payız” adlandırmırlar. Bu rəng dəyişimi ilə deyil, həm də bu torpağın yetişdirdiyi rəngbərəng meyvələri ilə əlaqədardır. 

Biçənəkli bir xanıma “Zirinc indi yetişərmi?” – deyə sual edirəm. “Yemişan yetişəndə zirinc də yetişir”, – deyə cavab verir. Sentyabrın sonlarından başlanan payız mövsümündə meyvələrin bir qismi eyni vaxtda, digərləri ardıcıl şəkildə yetişir. Onlardan çeşid-çeşid məhsullar hazırlanır – mürəbbələr, kompotlar, meyvə quruları və sair. 
Bir də təbiətin öz bəxşişi var insanlara. Naxçıvan dağlarının yetişdirdiyi zirincin, həmərsinin, sarı, qırmızı alçanın, yemişanın, sumağın əvəzi olmaz. 
Turşməzə dada sahib, yeməklərdə və salatlarda istifadə olunan sumaq, əsasən, Ordubad dağlarında yetişir. Sentyabr ayının son günlərində toplanır, təmizlənib xırdalanır, qurudulur. Antioksidant təsirə malik sumaq iştahaaçıcı və yeməklərə xüsusi dadverici nemət kimi də istifadə olunur. Maddələr mübadiləsini nizamlayır. Faydasını bildikləri üçün yetişdiyi zaman insanlar onun bir ədədini də torpaqda qoymaz. 
Yemişan, həmərsin, zirinc, alça  və çöl armudunun məskəni isə Şahbuz sayılır. Digər bölgələrimizdə yetişsə də, ölçüsünə, rənginə, dadına görə Şahbuz dağlarının yetişdirdiyi bu meyvələr fərqlənir. Müşahidələrim onu deməyə əsas verir ki, saflığı, dadı, görkəmi, vitaminliliyi baxımından da Şahbuz bağlarında yetişən meyvələr daha üstündür. Bu da, təbii ki, ərazinin təbii coğrafi şəraiti, iqlimi ilə sıx bağlıdır. 
Dağlara qırmızı rəng bəxş edən zirinc insan orqanizmi üçün olduqca faydalı sayılır və mətbəximizin ayrılmaz ədviyyatlarındandır. Turşməzə dada sahib zirincin mürəbbəsi və kompotu da hazırlanır. Zirinc tərkibində olan 19 müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdən artıq yağların xaric olmasını sürətləndirir. II dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmələri tövsiyə olunur. Zirinc qanda xolesterolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edən insanlara zirincin çayını içməyi tövsiyə edirlər.
Faydalarına görə zirincdən geri qalmayan yemişanın da növləri çoxdur. Təbii ürək dərmanı hesab olunan yemişandan hazırlanan mürəbbə və kompot da faydalı sayılır. Rəngi sarıdan tünd-qırmızıya qədər dəyişən yemişan giləmeyvəsi həzm problemləri, ürək çatışmazlığı və yüksək qan təzyiqi üçün bitki mənşəli vasitə kimi istifadə olunur. Təzyiqi olanlar üçün tünd-qırmızı rəngli yemişan məsləhət görülür. 
Həmərsin bitkisinə gəlincə onu dəyərləndirən zəhmətkeş kənd adamları toplayaraq qurudur, doşabını, kompotunu hazırlayır. Batabat ərazisində geniş yayılan bu bitkinin yaz aylarında yığılan çiçəklərindən mürəbbə bişirilir. Tərkibindəki zəngin C vitamini sayəsində həmərsin immunitet sistemini gücləndirir, bədəni infeksiyalara və soyuqdəymələrə qarşı gücləndirməyə kömək edir. Qurudulub qış boyunca çay dəmlənməsində istifadə olunan həmərsin ürək-damar xəstəlikləri üçün faydalıdır. 
Meşə alçasından, dağ armudundan turşular, əzmələr, kompotlar hazırlanır. Dağlardan min bir əziyyətlə bu meyvələri toplayıb Naxçıvan bazarlarını zənginləşdirən zəhmət adamlarının əməyini hər mənada qiymətləndirmək lazımdır. Onlar üçün bu həm gəlir mənbəyidir, həm də əlimizi sağlam, faydalı məhsullara çatdırır. Mövsüm dəyişkənliyi dövründə bir sıra xəstəliklər baş qaldırır. İmmuniteti gücləndirmək, orqanizmi qışa hazırlamaq üçün təbiətin bəxşişi olan bu meyvələri qədərində tükətmək mütləqdir. Dağlardan, bağlardan gələn rəngbərəng meyvələri süfrənizə, menyunuza daxil edin ki, sağlığınızı qoruya biləsiniz. Payız fəsillərin qızıl dövrüdür. Bu, yarpaqların saralması ilə deyil, zəngin vitaminli meyvələrin bu fəsildə yetişməsinə də bir işarədir. Unutmayın ki, min dərd varsa, min bir də dərmanı var. O dərman təbiətdədir!

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 03.11.2024 15:46