NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Payız-qış mövsümünə hazırlıqla bağlı seminar-müşavirə keçirilib

...

Naxçıvan Avtovağzal Kompleksində payız-qış mövsümünə hazırlıqla əlaqədar muxtar respublikanın rayonlarından Naxçıvan şəhərinə sərnişindaşıma xidməti göstərən avtobus sürücülərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin Nəqliyyatın inkişafı və nəzarət şöbəsinin baş mütəxəssisi Əsgər Əhmədov və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov çıxış ediblər. Çıxışlarda sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunması, nəqliyyat vasitələrinin texniki sazlığı, eləcə də payız-qış mövsümündə hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərin məsuliyyətinin artırılması məsələləri diqqətə çatdırılıb. Bildirilib ki, qış aylarında yollarda hərəkət zamanı ehtiyatlı olmaq, nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirmək və təhlükəsizlik qaydalarına əməl etmək son dərəcə vacibdir. Seminar-müşavirənin keçirilməsində məqsəd də sürücülərin maarifləndirilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasıdır.
Sonra nəqliyyat vasitələrinə baxış keçirilib. Yoxlamalar zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin texniki vəziyyəti, salonların təmizliyi, istilik sistemi və təhlükəsizlik qaydalarına əməl olunması diqqət mərkəzində olub.

Qeyd edək ki, bu cür texniki baxışların keçirilməsi payız-qış mövsümündə ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Nəşr edilib : 29.10.2025 15:08