NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

Partlamamış döyüş sursatları – təhlükələri və düzgün davranış qaydaları

...

Son dövrlərdə ölkə gündəmində sıx-sıx rastlaşdığımız məsələlərdən biri daha çox çöl və düzən ərazilərdə hərbi sursatların aşkar edilməsi məsələsidir. Muxtar respublika ərazisində də bu kimi halların qeydə alınması məsələnin aktuallığını artıran faktorlardandır. 2025-ci ilin əvvəli olmasına baxmayaraq, artıq Naxçıvan şəhərinin Azərbaycan məhəlləsində və Kəngərli rayonunun Yeni Kərki kəndi ərazilərində hərbi sursatların aşkar olunaraq götürülməsi bu fikri möhkəmləndirir. Məsələnin ciddiyyətini ortaya qoyan amillərdən biri də bu ilin yanvar ayında Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində beş nəfərin həlak olması və iki nəfərin isə yaralanması ilə nəticələnən əl qumbarasının partlaması hadisəsidir. Həlak olanlar arasında üç azyaşlı uşaq da var idi. Belə ki, azyaşlı uşaq çöldə oynayarkən tapdığı əl qumbarasını evə gətirm partlayışın bu zaman baş verdiyi bildirilmişdir. Bənzər hadisə ötən ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində 19 yaşlı çobanın minaya düşməsi hadisəsi ilə yadda qalmışdır.

Qeyd olunan faktlar nəzərə alındıqda bu məsələ ilə bağlı maarifləndirmə işlərinin aparılmasının şərt olduğu anlaşılır. Biz də bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının mühəndis xidmət rəisi, mayor Tariyel Paşayevə müraciət etdik. Müsahibimiz bildirdi ki:

– 2024 və 2025-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə partlayış təhlükəli əşyaların tapılması barədə 30-a yaxın məlumat daxil olmuşdur. Məlumatlardan biri Naxçıvan şəhərində, digərləri isə muxtar respublikanın müxtəlif rayonlarından daxil olmuşdur. Xüsusilə sərhəd bölgələrimiz və poliqon ərazisinə yaxın mövqelərdə yerləşən düzən ərazilərdə bu kimi hallarla sıx-sıx rastlaşmaq mümkündür. Təlim atışları zamanı istifadə olunan mərmilər partlamadığı təqdirdə torpağa sabitlənib qalır və müəyyən müddət ərzində torpağın aşınmaya məruz qalması və yağış sularının yuması nəticəsində üçıxırlar. Məhz buna görə də aşkar olunan sursatlar içərisində partlayış təhlükəsi ən çox olanlar minalar, top və minatan mərmiləri, eyni zamanda əl qumbaralarıdır. Şərur rayonunun Danyeri kəndi və Kəngərli rayonunun Çalxanqala kəndi ərazilərində tapılan minaatan mərmiləri, həmçinin Babək rayonunun Qahab kəndində tapılan əldə düzəldilmiş və standartlara cavab verməyən qumbaranı misal göstərmək olar.

Hər hansı bir bölgədə hərbi sursat aşkar olunması ilə bağlı məlumat aldığınız zaman hansı əməliyyat tədbirləri görülür?

– Qaynar xəttimizə məlumat daxil olduqda mülki müdafiə alayının istehkamçıları dərhal cəld bir şəkildə hadisə yerinə çıxaraq əraziyə baxış keçirir və döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan müxtəlif hərbi döyüş sursatları aşkar edərək zərərsizləşdirilməsi üçün müvafiq orqanlara təhvil verirlər.

Bəs vətəndaşlar bu kimi hallarla rastlaşdıqda nə etməlidirlər?

– Vətəndaşlarımıza müraciət edərək bildirmək istəyirəm ki, çöl ərazilərdə partlayış təhlükəli hərbi sursatlar tapdıqda ona toxunmadan tərpətmədən ən qısa müddət ərzində oradan uzaqlaşaraq dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat versinlər və müvafiq şəxslər gələnə qədər uzaqdan müşayiət etsinlər ki, digər vətəndaşlar yaxınlaşıb ona əl vurmasınlar.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 24.02.2025 17:33