NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Naxçıvanda məktəbəqədər təhsilin inkişafına yeni imkanlar

...

Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil sisteminin inkişafı, uşaqların keyfiyyətli təhsilə əlçatanlığının artırılması və insan kapitalının gücləndirilməsi istiqamətində yeni imkanlar yaranır. Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm layihələrin həyata keçirilməsinə yeni təkan verib. Dövlət başçısının imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla müxtəlif sahələr üzrə mühüm layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Sərəncama əsasən ayrılan 258 milyon manat vəsait alternativ enerjidən nəqliyyata, sosial mənzillərdən təhsilə qədər bir sıra istiqamətləri əhatə edir.

Bu layihələr sırasında məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi xüsusi yer tutur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov “Şərq qapısı”na müsahibəsində bildirib ki, Sərəncam çərçivəsində muxtar respublikada, ümumilikdə, 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün 20 milyon manat vəsait ayrılıb.

Layihənin əsas xüsusiyyətlərindən biri yeni müəssisələrin müxtəlif rayon və kənd yaşayış məntəqələrində yerləşdirilməsidir. Belə ki, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Şərur şəhərində 100 yerlik, Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində isə 100 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulur.

Elşən Qəbulov qeyd edib ki, müəssisələrin yaşayış məntəqələri üzrə yerləşdirilməsi kənd yerlərində məktəbəqədər təhsil xidmətlərinə çıxışın yaxşılaşdırılmasına imkan verəcək. Bununla şəhər və kəndlər arasında bu sahədə mövcud fərqin azaldılması, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması və onlar üçün əlverişli şəraitin yaradılması mümkün olacaq.

Erkən uşaqlıq dövrü uşağın şəxsiyyət kimi formalaşmasında mühüm mərhələdir. Məhz bu dövrdə onun sosiallaşması, ünsiyyət qurması, məntiqi düşüncəsi və digər bacarıqlarının inkişafı üçün əsaslar qoyulur. Müasir uşaq bağçası da yalnız uşaqlara qulluq göstərilən məkan deyil, onların yaradıcılığının, ilkin dünyagörüşünün və müxtəlif bacarıqlarının formalaşdığı təlim-tərbiyə mühitidir.

Şöbə müdiri bildirib ki, ayrılan vəsait yalnız tikinti işlərinin maliyyələşdirilməsinə deyil, uşaqlar üçün müasir və təhlükəsiz mühitin yaradılmasına da xidmət edəcək. İnşa olunacaq bağçaların müasir maddi-texniki baza, təhlükəsiz oyun meydançaları və interaktiv təlim vasitələri ilə təchiz edilməsi nəzərdə tutulur.

Yeni müəssisələrin istifadəyə verilməsi ailələrin gündəlik həyatına da müsbət təsir göstərəcək. 640 yeni yerin yaradılması valideynlərin, xüsusilə anaların əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişlənməsinə şərait yaradacaq. Eyni zamanda5 yeni müəssisənin fəaliyyətə başlaması müəllimlər, tərbiyəçilər, psixoloqlar, tibb işçiləri və texniki heyət üçün yeni iş imkanları yaradacaq.

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi uşaqların növbəti təhsil mərhələsinə hazırlığı baxımından da əhəmiyyətlidir. Məktəbəqədər təhsillə əhatə olunan uşaqlar ibtidai təhsil pilləsinə daha hazırlıqlı qədəm qoyur, məktəb mühitinə daha asan uyğunlaşırlar. Bu isə gələcəkdə ümumi orta təhsilin keyfiyyətinə də müsbət təsir göstərən amillərdəndir.

Elşən Qəbulovun sözlərinə görə, nəzərdə tutulan layihələr “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın hədəfləri ilə də uzlaşır. İnfrastrukturun yenilənməsi, sosial xidmətlərin yaxşılaşdırılması, mənzil, nəqliyyat və təhsil sahələrinin paralel inkişafı muxtar respublikanın kompleks inkişafına xidmət edən əsas istiqamətlərdəndir.

Gələcəyin savadlı, geniş dünyagörüşlü və intellektual nəslinin yetişdirilməsi uşaqlıq dövründən yaradılan şəraitdən başlayır. Bu baxımdan, yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması yalnız yeni binaların inşası deyil, uşaqların inkişafına, ailələrin sosial imkanlarının genişlənməsinə və Naxçıvanın insan kapitalının möhkəmləndirilməsinə yönəlmiş mühüm investisiyadır.

 

Zəhra VƏLİYEVA

Nəşr edilib : 20.08.2026 12:56