NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Oxu mədəniyyəti zəifləyirsə, kitabxana günahkardırmı?

...

Son illərdə tez-tez belə bir fikir səslənir: insanlar əvvəlki kimi kitab oxumur, mütaliəyə maraq azalıb. Xüsusilə gənclərlə bağlı bu fikir daha çox narahatlıq doğurur. Bəzən isə bu vəziyyətin səbəbi kimi kitabxanalar göstərilir. Guya oxu mədəniyyətinin zəifləməsi birbaşa onların fəaliyyəti ilə bağlıdır. Halbuki məsələyə diqqətlə yanaşdıqda bunun daha geniş və çoxşaxəli bir problem olduğu aydın görünür.

Oxumağa maraq birdən-birə yaranmır və eyni şəkildə birdən yox olmur. Bu vərdiş insanın həyatında tədricən formalaşır və ilk təməli ailədə qoyulur. Uşaq kitabı ilk dəfə evdə görür. Evdə kitabın mövcudluğu, valideynlərin oxuya münasibəti və kitab haqqında danışıq tərzi onun yaddaşında iz buraxır. Əgər uşaq kitabı yalnız dərs vasitəsi kimi tanıyırsa, oxumaq onun üçün maraqlı olmur. Amma kitab gündəlik həyatın bir hissəsinə çevriləndə bu münasibət də dəyişir.

Valideyn nümunəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Uşaq deyiləni yox, gördüyünü təkrar edir. Əgər valideyn mütəmadi kitab oxuyursa, bu, uşağın şüurunda normal davranış kimi formalaşır. Əksinə, bütün diqqət telefon və televiziya üzərində cəmlənirsə, kitab təbii şəkildə arxa plana keçir və zamanla unudulur.

Məktəb mühiti də oxu mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Lakin burada əsas məsələ yalnız proqram deyil, yanaşmadır. Müəllimin kitabı necə təqdim etməsi, onu maraqlı edib-etməməsi şagirdin münasibətini müəyyənləşdirir. Kitab, sadəcə, qiymət almaq üçün vasitəyə çevrildikdə oxumaq həvəsi də azalır. Amma kitab bir dünya kimi təqdim olunduqda, şagirdin marağı oyanır.

Bəzən bir kitab bir insanın həyatında dönüş nöqtəsinə çevrilir. Bu isə təsadüfi deyil. Doğru kitabın doğru zamanda təqdim olunması oxucu ilə kitab arasında bağ yaradır.

Bu mərhələdən sonra kitabxanalar ön plana çıxır. Lakin burada vacib bir məqam var: kitabxanaya gələn insan, adətən, artıq müəyyən qədər marağa malik olur. Yəni kitabxana marağı sıfırdan yaratmır, onu inkişaf etdirir. Bu baxımdan, kitabxananın rolu danılmazdır, amma həlledici deyil.

Müasir dövrdə isə vəziyyət daha mürəkkəb xarakter alıb. Texnologiyanın sürətli inkişafı insanların gündəlik həyatına ciddi təsir göstərib. Sosial şəbəkələr, qısa videolar və fasiləsiz informasiya axını insanın diqqətini daim bölür. Bu isə uzun mətnlərə fokuslanmağı çətinləşdirir.

“Vaxt yoxdur” fikri tez-tez səslənsə də, əslində, problem vaxtdan çox diqqətin parçalanması ilə bağlıdır. İnsan bir neçə dəqiqədən bir telefona baxdıqda dərin oxu vərdişi formalaşa bilmir.

Bununla belə, oxu mədəniyyətinin yox olduğunu demək düzgün olmaz. Sadəcə, onun forması dəyişib. Elektron kitablar, audio kitablar və digər alternativ vasitələr bu mədəniyyətin yeni formaları kimi çıxış edir.

Bu dəyişikliklər kitabxanalardan da yeni yanaşma tələb edir. Müasir oxucunu cəlb etmək üçün yalnız kitab təqdim etmək kifayət etmir. Müxtəlif tədbirlər, müzakirələr, təqdimatlar və oxu saatları insanların marağını yenidən oyada bilər. Bəzən bir tədbir belə insanın kitabxanaya münasibətini kökündən dəyişir.

Kitabxana bu gün yalnız kitab saxlanılan yer deyil, həm də mədəni mühitdir. İnsanlar burada yalnız oxumaq üçün deyil, həm də düşünmək, paylaşmaq və ünsiyyət qurmaq üçün toplaşır. Rahat və səmimi mühit isə bu prosesi daha da gücləndirir.

Oxu mədəniyyətinin zəifləməsində informasiya mühitinin təsiri də böyükdür. İnsan gün ərzində saysız-hesabsız məlumatla qarşılaşır və onların arasında seçim etmək çətinləşir. Bu isə dərin və analitik düşünməni zəiflədir.

Kitab isə fərqli bir təcrübə təqdim edir. O, insanı düşünməyə vadar edir, suallar yaradır və hadisələrə daha geniş baxışla yanaşmağa kömək edir. Kitab oxuyan insan daha səbirli olur və fikri sona qədər izləməyi öyrənir.

Bu səbəbdən məsələni yalnız bir tərəfin üzərinə qoymaq düzgün deyil. Ailə, məktəb, kitabxana və texnologiya – hamısı bu prosesin ayrılmaz hissəsidir.

Əgər gələcəkdə düşünən və savadlı cəmiyyət görmək istəyiriksə, bu gün kiçik addımlardan başlamalıyıq. Gündə cəmi 10-15 dəqiqə oxumaq belə zamanla böyük nəticələr verə bilər.

Oxumaq məcburiyyət kimi deyil, daxili ehtiyac kimi qəbul olunmalıdır. Çünki zorla oxunan kitab heç vaxt yadda qalmır.

Sonda belə demək olar ki, kitabxanalar bu prosesdə mühüm rol oynasa da, bütün məsuliyyəti onların üzərinə qoymaq düzgün deyil. Əsas məsələ insanın öz seçimidir.

Çünki kitabı sevdirən də insandır, onu unutduran da.

Və bəlkə də, hər şey sadə bir sualdan başlayır: biz gündə neçə dəqiqə kitaba vaxt ayırırıq?

Xanım MƏMMƏDOVA

 

 

Nəşr edilib : 08.07.2026 16:16