Naxçıvan Duz İstehsalı müəssisəsinin fəaliyyəti bə...
18:08 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Övladlığa götürmə institutu Azərbaycan Respublikasında uşaqların hüquqlarının qorunması və onların ailə mühitində böyüməsinin təmin edilməsi baxımından mühüm hüquqi mexanizmlərdən biridir. Bu sahə dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır və mövcud qanunvericilik övladlığa götürmə prosesinin şəffaf, ədalətli və uşağın mənafeyinə uyğun şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasında övladlığa götürmə Ailə Məcəlləsi, Uşaq hüquqları haqqında Qanun və müvafiq icra hakimiyyəti orqanlarının normativ aktları əsasında tənzimlənir. Qanunvericiliyin əsas məqsədi valideyn himayəsindən məhrum qalmış və ya valideyn qayğısına ehtiyacı olan uşaqların ailə mühitində böyüməsinə şərait yaratmaqdır.
Övladlığa götürmə prosesi müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında həyata keçirilir. Namizədlərin sosial, maddi və psixoloji vəziyyəti diqqətlə araşdırılır, yaşayış şəraiti qiymətləndirilir və yalnız uşağın mənafeyinə cavab verən hallarda müsbət qərar verilir. Prosesin son mərhələsi məhkəmə qərarı ilə rəsmiləşdirilir.
Kimlər övladlığa götürə bilər?
Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətinə malik, sağlamlıq və mənəvi keyfiyyətləri valideynlik vəzifələrini yerinə yetirməyə imkan verən şəxslər övladlığa götürən ola bilərlər. Valideynlik hüquqlarından məhrum edilmiş, məhkumluğu olan və ya uşağın inkişafına mane ola biləcək halları mövcud olan şəxslərin bu hüquqdan istifadəsinə yol verilmir.
Qanunvericiliyin əsas prinsipi uşağın maraqlarının üstün tutulmasıdır. Övladlığa götürülən uşaq bioloji övladla bərabər hüquqlara malik olur, ailədə tam hüquqlu üzv kimi qəbul edilir. Uşağın yaşı və psixoloji durumu nəzərə alınmaqla, onun fikri də müəyyən hallarda nəzərə alınır.
Məxfilik və hüquqi məsuliyyət
Övladlığa götürmə faktı qanunla qorunan məxfi məlumatdır. Bu məlumatların qanunsuz şəkildə yayılması hüquqi məsuliyyət yaradır. Eyni zamanda övladlığa götürən şəxslər uşağın hüquqlarının pozulmasına görə qanun qarşısında məsuliyyət daşıyırlar. Onu da qeyd edim ki, övladlığa götürməyə dair maarifləndirmənin artırılması, bu sahədə ictimai dəstəyin gücləndirilməsi vacibdir. Cəmiyyətin bu prosesə anlayış və həssaslıqla yanaşması həm uşaqların, həm də ailələrin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Övladlığa götürmə qanunvericiliklə tənzimlənən, lakin mahiyyət etibarilə humanist dəyərlərə söykənən bir institutdur. Qanunlara uyğun şəkildə həyata keçirilən hər bir övladlığa götürmə addımı bir uşağın həyatında yeni və ümid dolu səhifənin açılması deməkdir.
Gülçin ZİYAD
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Kəngərli Rayon Qeydiyyat Şöbəsinin rəisi
Digər xəbərlər