Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Dağlar qoynunda yerləşən səfalı diyar Ordubada ayaq basdıqda tarix-memarlıq abidələri öz naxışları ilə sanki hər gələni salamlayır. Görkəmli şəxsiyyətlərinin şanı ilə bu naxışlı yollarda ayaq tutub uzaq və yaxın tarixin izlərinə şahidlik etmiş olursan.
Bu minvalla ad-san sahiblərindən olan, Ordubadın xeyirxah, işgüzar insanlarından Ərbab adlı şəxsin kimliyi ilə maraqlandıq. Ərbab adının mənasına da baxdıqda görürük ki, ağa, cənab, sahib sözləri anlamında işlənirmiş.
Bu gün Ordubad rayonunun girişində bizi qarşılayan ikimərtəbəli köhnə bina, həmin o zəhmətsevər insanın, Ordubadın varlı təbəqəsindən olan Ərbabın iş yeridir. Hazırda bu bina, fəaliyyəti üçün yararsız halda olmasına baxmayaraq, tarix-mədəniyyət ocağı olaraq oraya üz tutan qonaqların marağını özünə çəkir. Bir vaxtlar bu köhnə iş yeri Ordubad şəhərində ilk baramaaçan (ipək) fabriki kimi 1865-ci ildə fəaliyyətə başlayıb. Bu gün ordubadlıların hörmətlə Ərbab kimi adını çəkdiyi Rzaqulu Rzayev həmin fabrikin qurucusu olmuşdur. Fabrikin ilk direktoru da olan Rzaqulu Rzayev, işgüzarlığı və xeyirxahlığı ilə Ordubadda hər zaman nümunəvi şəxslərindən biri kimi xatırlanır. Hətta bu şəxsin işçilərinə qarşı çox diqqətcil və bununla yanaşı, tələbkar olduğunu bildirirlər. Fabrik yaradılarkən buraya 96 çeşməli 24 ədəd dəzgah gətirilir. Həmin dövr üçün çox əhəmiyyətli işlərdən biri olan baramaçılığın inkişafı, bu sahəyə öz töhvəsini vermişdir. Bununla yanaşı, yerli əhalinin dolanışığı üçün fabrikə çoxlu işçi qüvvəsi cəlb edir. Ərbabın bu xeyirxah əməli sayəsində, qədim baramaçılıq ənənələri yenidən yaşadılmağa başlayır. Baramaçılığın inkişaf prosesində digər təbii amillərlə yanaşı, zəhmətsevər ordubadlıların tarixən qazanmış olduğu təcrübə də mühüm rol oynamışdır.
Ərbab haqqında məlumat əldə edərkən onun yaşadığı evin ünvanını öyrəndik. Belə ki, bu ev Ordubad şəhərinin Varsan məhəlləsində yerləşir. Əldə etdiyimiz məlumata əsasən onu da deyə bilərik ki, Ərbab uzun illər bu evdə yaşamış, daha sonra o, Gəncə şəhərinə köçmüş və orada da vəfat etmişdir. Məzarı da Gəncə şəhərindədir.
Bu gün Ordubad Tarix-Diyarşünaslıq Muzeyində həmin varlı şəxs olan Ərbaba aid “Zınqırovlu sandıq” saxlanılır ki, o, qiymətli əşyalarını burada saxlamaq üçün onu İsveçrədən gətirdib. Yanmayan dəmirdən hazırlanan sandığın içərisində kiçik bir seyf də var ki, ümumi çəkisi 347 kiloqramdır. Sandığın diqqətçəkən xüsusiyyətlərindən biri də onun 1 açarla və 18 dillə bağlanmasıdır. Muzeydə Ərbaba aid digər eksponat isə, Fransadan gətirtdiyi iri kəfkirli saatdır. Bu saat da onun şəxsi istifadəsində olub. Burada saatın zəngi fasilə vaxtını bildirirmiş. Deyilənə görə, Cümə məscidinin üzərinə quraşdırılmış həmin saatın zəngi hər dəfə vurulanda, hətta onun səsi İranın bizə yaxın kəndlərinə qədər gedib çıxırmış.
Qeyd edək ki, ölkə başçısı, Prezident cənab İlham Əliyev 2024-cü il 21 fevral tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən rayon ərazisində bir sıra mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş siyahıya əsasən Ordubad şəhəri ərazisində, təxminən, 200-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi var. Hazırda qoruq ərazisində olan abidələrin mövcud vəziyyətinin müəyyən edilməsi ilə bağlı işlərə başlanılıb. Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik binanın bərpasının layihələndirilməsi istiqamətində satınalma yekunlaşdırılıb, eskiz layihələri hazırlanır. Qoruq ərazisində olan bir neçə memarlıq abidəsinin bərpa layihəsinin hazırlanması istiqamətində satınalmanın həyata keçirilməsi üçün tədbirlər görülür.
Aidə İBRAHİMOVA
Digər xəbərlər