Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərba...
21:54 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
Azərbaycanda çörək and yeri, etibarlılıq, güvənlik qaynağı sayılıb. Qonaq duz-çörəklə qarşılanıb. Elə buna görə də ən həlledici anlarda, səadət arzulayanda, etibar andı içəndə, “And olsun kəsdiyimiz çörəyə”, “Ağ günlü, ağ urvalı olasan”, – deyirlər. Yaşam uğrunda mübarizə “Bir parça çörək qazanmaq” ifadəsinə gəlib çıxıb. “Çörək bol olanda torpaq şərəfli, Vətən şöhrətli olar”, – deyiblər. Qonaqpərvərliyi ilə seçilən diyarımızda hansı qapını döysək, süfrəsindəki çörəyi Allah qonağından əsirgəməz.
Ulu Naxçıvanın bərəkətli torpaqlarında yetişən sarı kəhrəbanın unundan təndir çörəyinin necə hazırlandığını Ordubad rayonunda qonaq olduğumuz zaman əndəmicli Dürrü nənədən öyrənirik. O, öncə təndirqoyma adətlərindən danışır: “Təndir qoymaq, düzəltmək üçün palçıq hazırlanacaq torpaq təmiz hesab edilən yerdən götürülməli, təndir qoyan insan mütləq paklanmalıdır. Təndir hazırlanıb başa çatdıqdan sonra bərəkətli və arxalı olsun, yəni istiliyi çox saxlasın deyə onun badına ilk çörək yapılmadan öncə əvvəlcədən hazırlanmış heyvan ciyəri yapıb, bişirmək lazımdır. Son illər hamımız şahidlik edirik ki, artıq təkcə kəndlərdə deyil, şəhərlərdə də həyət evlərində yaşayan bir çox ailə həyətinə təndir alıb qoyur. Yerüstü təndirləri daşımaq asan olduğundan insanlar daha çox yerüstü təndirlərə üstünlük verirlər”.
Nənə deyir ki, toy adətlərində də çörəkbişirmə mərasimi mövcuddur. Və bu adət daha çox Naxçıvanda yaşadılıb. Əvvəllər Naxçıvanda oğul, qız toyu edən ailələr toydan qabaq “toy çörəyi” bişirmək üçün hazırlıq görər, toy çörəyi yapılarkən qonşuları və qohumları “əppək üstə”, “təndir başına” dəvət edərdilər. Gələnlər pul, hədiyyələr gətirərdilər. Kömək üçün gələnlər də qonum-qonşuda, qonaqlarda təndir başında bir loxma toy çörəyi yeyərdi. Sonra toy üçün yapılan çörək dəstələnər və sərin bir yerə yığılardı. Ev sahibi “əppək üstə” gətirilmiş pul və hədiyyələrin müəyyən hissəsini çörəkyapanlara verərdi. Toy çörəyi ən az iki tay, yəni yüz kiloqram undan yapılardı. Toydan bir gün qabaq köməyə gələnlərin içərisindən ən təcrübəliləri seçilər və lavaşı sulamaq onlara tapşırılardı. Çünki lavaşı isladanda diqqətli olmaq, suyu lazım olan qədər vurmaq lazımdır. Çörəyin toyda lazım olan qədəri istifadə edərdilər, qalanı isə xüsusi hazırlanmış çörək sandıqlarında quru şəkildə saxlanılardı.
Qış fəslinin çox sərt keçdiyi qədim diyarda ailələrin qış tədarükü arasında çörəkyapma adəti də mövcud olub. Dürrü nənə bu adətdən də söhbət açır: “Qış fəsli gəlməzdən əvvəl, təxminən, noyabr ayında da hamılıqla toplanar, növbə ilə qonşu, qohum bir-birinə kömək eləyib qışa lavaş yapılardı. Lavaşın xəmiri yoğrulanda ailə üzvlərinin sayı nəzərə alınardı. Digər çörəklərdən fərqli olaraq quru lavaşı aylarla saxlamaq olur və istənilən vaxt ondan lazım olan qədər sulayıb, istifadə edirlər”.
Naxçıvan Azərbaycanın ən qədim yaşayış yerlərindən biri olmaqla, yanaşı, qədim adət və ənənələrimizin də yaşadıldığı regiondur. Ölkəmizin hər yerində təndir sənətkarlığı və çörəkbişirmə adəti mövcud olsa da, burada fərqli çörək növləri və təndir sənətkarlığı mövcuddur. Bu mənada, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərarı Naxçıvan lavaşını sevənləri də sevindirdi. Çünki düşmən ölkə illərdir, Naxçıvan lavaşını mənimsəməyə çalışırdı.
2-7 dekabr tarixdə Paraqvayın paytaxtı Asunsyon şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında qəbul edilən bu qərar ermənilərə bir mesaj oldu.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər