Bakı şəhərində "Nuhun izi ilə" sənədli filminin tə...
17:37 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Lap əvvəllər, haradasa, ötən əsrin sonlarına qədər Azərbaycanda uzunömürlülərin sayı daha çox idi. Həmin illərin məlumatlarına baxanda görürük ki, ölkəmizdə hər yüz nəfərdən onu yaşı 90-ı ötmüş, hər min nəfərdən beşi isə yaşı 100-ü ötmüş insanlar olub. İndi də uzunömürlülərin sayı az deyil, ancaq müasir dövrümüzdə, daha dəqiq desək, xəstəliklərin, keyfiyyətsiz qidaların artdığı belə bir zamanda uzun ömrün meyarı da sanki dəyişib. Əvvəllər yaşı yüzü ötmüş insanlara uzunömürlü deyilirdisə, indi yaşı doxsanı, hətta səksəni ötmüş insanlar da uzun ömür sahibi hesab edilir…
Belə insanlardan Azərbaycanın incisi hesab etdiyimiz Ordubad rayonunda da var. Ordubad şəhərindən başlayaraq rayonun ən məşhur yaşayış yerlərinə, kəndlərinə səfər etsəniz, hər kənddə heç olmasa, yaşı doxsana çatmış, səksəni ötmüş ağsaqqal və ağbirçəkləri görəcəksiniz. Həmin nurani ağsaqqallardan, söz-söhbəti şirin insanlardan biri də Həbib Cəfərovdur. Onunla qədim Ordubad şəhərinin Sərşəhər məhəlləsində, elə müsahibimizin özü kimi uzunömürlü xan çinarın kölgəsində həmsöhbət olduq. Həbib babanın söylədiklərindən: “Hazırda doxsan yaşın astanasındayam. Deməli, nə az, nə çox düz 90 il bundan öncə bu qədim şəhərdə – Ordubadda dünyaya gözlərimi açmışam. Uşaqlığım çox çətin dövrlərə təsadüf edib. 1941-ci ildə başlayan Böyük Vətən müharibəsinin gətirdiyi dəhşətlər, aclıq və səfalət gözlərimin qarşısındadır. İki dayım müharibədə iştirak etmişdi, biri yaralı vəziyyətdə geri qayıtdı, digərindən isə bir parça qara kağız belə (müharibədə həlak olanların ailələrinə verilən sənədi nəzərdə tutur) gəlmədi. Bir sözlə, çox çətinliklər görmüşük. Xatırlayıram ki, anamız zəmilərdə taxıl biçildikdən sonra taxıldan geriyə qalanları yığıb gətirər və bizə ondan çörək hazırlayardı. Bu vaxtacan da o çörəyin dadı və qoxusu mənim xatirimdədir”.
Həbib baba söhbət zamanı Ordubad rayonunun tarixinə də toxunur: “Ordubad rayonunun tarixi çox qədimdir, şəhərin tarixi isə digər yaşayış yerləri ilə müqayisədə daha da qədimdir. Böyüklərdən eşitmişik ki, vaxtilə Şah Abbas bu qədim şəhərə gəlib, hazırda dayandığımız qədim Sərşəhər məhəlləsində olub. Ordubad şəhərində belə qədim məhəllələrin sayı çoxdur. Ən qədimləri Sərşəhər, Ambaras, Zaviyə və digər məhəllələrdir. Nə yaxşı ki, bu gün də o qədim yaşayış məskənləri öz tarixiliyini qoruyur. Çünki tarixi abidələr xalqımızın, soydaşlarımızın həyatını, onların düşüncə tərzini yaşadan və onu gələcək nəsillərə çatdıran saxlanc yeridir. Bax, bu məscidi görürsünüzmü (Sərşəhər məhəlləsindəki qədim Sərşəhər məscidinə işarə edir), bu tikili neçə əsrdir ki, bu yerdə məğrurcasına dayanıb. Bu tikili, hər şeydən əvvəl, ordubadlıların dininə, milli-mənəvi dəyərlərinə necə bağlı olduğunu, onu necə qoruyub saxladığını göstərir. Ordubadda belə tarixi tikililər çoxdur və biz də əlimizdən gəldiyi qədər çalışırıq ki, onları qoruyaq. Unutmaq olmaz ki, şeir, söz ədəbiyyatı ayaqda tutduğu kimi, tarixi tikililər, binalar, məktəb-mədrəsələr də əcdadlarımızın əli ilə qurulub yaradılan böyük bir tarixi ayaqda saxlayır. Elə şeirdən söz açılmışkən; icazə verin sizə bir bənd şeir də deyim. Bu şeiri hələ cavanlıqda əzbərləmişdim, cavanlıq deyəndə, haradasa 20-25 il bundan əvvəl. Adil Qasımovun şeiridir:
Nə gözəldir Ordubadın havası,
Alimlər, şairlər doğma balası,
Dübəndi dağ çayı, Əfqan qalası,
Tarixlərdən yadigardır Ordubad”.
Həbib baba ilə söhbətimizi yekunlaşdırıb Ordubad rayonunun kəndlərinə üz tuturuq. Bilirik ki, Həbib Cəfərov kimi bu rayonun kəndlərində də yaşı 90-a çatmış, hətta 90-ı ötmüş neçə-neçə sakin var. Və onların hər biri, haradasa, bir əsrlik tarixi dövrü görüb mənimsəmiş, xatirələri yaddaşlarına həmişəlik həkk etmiş canlı şahidlərdir.
Hələ rayona gəlməmişdən bizə məlumat verilmişdi ki, rayonun Dırnıs kəndində uzun illər kənd məktəbində müəllimlik etmiş Adil baba yaşayır. Onun da yaşı 90-ı ötüb; 1932-ci ildə anadan olub. Adil Möhsünov bizə əvvəlcə Dırnıs sözünün etimologiyasını izah edir. Onun sözlərinə görə, “dırnıs” qədim dillərdə dar keçid, dar yol, bəzi mənbələrdə isə bir keçid, yəni yaşayış məskəninin bir giriş qapısı mənasında işlənib. Müsahibimiz onu da qeyd edir ki, Dırnıs kəndi Ordubad rayonunun, habelə bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olub. Yaşı min ildən artıq olan bu kənddə türkdilli alban tayfaları yaşayıb. Təəssüf ki, tarixi mənbələrdə bu kənd haqqında məlumat çox azdır. Çünki kənd həm əsas ticarət yollarından kənarda, həm də geosiyasi cəhətdən az əhəmiyyətli nöqtədə yerləşir…
Adil Möhsünov ötən illərə nəzər salaraq deyir ki, ölkəmizin hazırdakı mövqeyi və siyasi yolu keçmiş dövrlərlə müqayisə edilməyəcək dərəcədə inkişaf edib, müasirləşib: “Mən sovet hakimiyyətinin hakim olduğu illərin böyük bir dövrünə şahidlik etmişəm. İlk əmək fəaliyyətimə o illərdə başlamışam – ötən əsrin 50-ci illərində. Onda, həqiqətən də, cəmiyyətin düşüncə tərzi, yaşayış səviyyəsi fərqli idi. İnsanların bir-birinə olan münasibəti tamam başqa cür idi. Xatırlayıram ki, müharibə vaxtı ana-nənələrimiz hər gün kənddə bir evdə cəm olub corab, papıc, köynək, yun şal toxuyub cəbhəyə yollayardılar. Bəlkə də, toxuduqları isti geyimlər heç öz övladlarına çatmırdı, yəni analar bilmirdi ki, gözünün nurunu ələyib toxuduğu bu corab kimə qismət olacaq. Ancaq yenə də böyük şövqlə çalışırdılar, toxuyurdular, tikirdilər… Çünki insanlarda vətənpərvərlik hissi çox güclü idi. Arxa cəbhənin bütün yükü qadınlarımızın üzərində idi”.
Ömrünün 50 ildən çoxunu müəllimlik peşəsinə həsr edən Adil baba deyir ki, illər ötdükcə insanların bir zamanlar əziz tutduğu dəyərlər də sanki gözdən düşür. Müasir dövrün tələbləri insanlar arasında soyuq münasibətlər yaradır. Böyüklərlə kiçiklər arasında münasibətlər əvvəlki kimi hörmətə, ehtirama söykənmir: “Müəllim işlədiyim illər ərzində şagirdlərimdən tez-tez eşidirdim ki, onlar da, elə bizim şagird olduğumuz dövrlərdə olduğu kimi, müəllimi böyük bir ilahi qüvvə, insanı, insanlığı xilas edən fövqəlbəşər varlıq hesab edirdilər. Lakin indi şagirdlərə baxırsan, onların müəllimləri ilə olan münasibətinə baxıb təəssüf hissi keçirirsən. Səbəb çox sadədir: dəyərlərimizi qoruya bilmirik. Mən böyük məsuliyyətlə deyirəm ki, müəllimi savadsız olan bir ölkə heç bir halda inkişaf edə bilməz. Çünki müəllimi də, həkimi də, vəkili də yetişdirən müəllimdir. Məmləkətin inkişafı və tərəqqisi bilavasitə müəllimin əməyindən asılıdır”.
Adil baba deyir ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanın son 100 ildə keçdiyi tarixi yol olduqca şərəflidir. Çünki bu illər ərzində; işğalların, müharibələrin tüğyan etdiyi bir zamanda Naxçıvanın öz ərazi bütövlüyünü qoruyub saxlaması, sözün həqiqi mənasında, böyük tarixi nailiyyətdir: “Keçmiş SSRİ-nin tərkibində olanda ölkəmiz, eləcə də muxtar respublikamız çox ağır sınaqlarla üz-üzə qalmışdı. O illərdə məsul vəzifələrə sovet hökuməti daha çox erməniləri təyin edirdi. Onlar da vəzifələrindən sui-istifadə edərək bütün yollara əl atıb Azərbaycanı parçalamaq, məhv etmək istəyirdilər. Tariximizi vərəqləyin; bir baxın erməni Şaumyanın, Mikoyanın xalqımızın başına gətirdiyi oyunlara. Yalnız ziyalılarının yox, bütövlükdə, ermənilərin azərbaycanlılara vurduğu yaralara bir baxın, görün xalqımız necə müsibətlərlə üz-üzə qalıb. Mənim uşaqlıq xatirələrimdə bir-iki hadisənin izləri hələ də durur. Onlardan biri də rəhmətlik anamın danışdığı hadisələrdən biridir. Anam deyirdi ki, 1918-ci ildə ermənilər Dırnıs kəndini atəşə tutmuşdular. Onlar bu kəndi iki dəfə yandırıblar, evləri viran ediblər. Mən siz gənclərə tövsiyə edirəm ki, gələcəyə ümidlə baxın, ancaq heç zaman keçmişi unutmayın, unudulmağa da icazə verməyin”.
Möhsünovlar ailəsi ilə sağollaşıb növbəti müsahibimizlə görüşmək üçün Anaqut kəndinə üz tuturuq. Qeyd edim ki, Anaqut kəndi də Ordubad rayonunun müasir kəndlərindən biridir. Dırnıs kəndi ilə qonşuluqda yerləşən bu yaşayış məskəni Vənənd çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. Tarixi qaynaqlarda adı Danaqırd kimi də qeydə alınmışdır. Kənd sakinlərinin söylədiyinə görə, danaqırt balaca yabanı otdur. Kənd öz adını ərazinin bitki örtüyündən, daha dəqiq desək, danaqırt bitkisindən almışdır. Sonralar əhali arasında bu ifadə təhrif olunaraq Anaqut halına salınmışdır.
Növbəti həmsöhbətimiz, Anaqut kənd sakini Mirvari nənənin də yaşı səksəndən az deyil. Ömür-gün yoldaşı Muxtar kişi ilə ailədə beş övlad böyüdüb. Tək oğul övladı Fəxrəddin Bağırov Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Döyüşlərdə böyük şücaət göstərib. Mirvari nənənin sözlərinə görə, ermənilər onu öldürənə, nənənin təbirincə desək, Fəxrəddinin başını gətirənə böyük mükafat təyin etmişlər: “Oğlum müharibədə canla-başla iştirak etmişdi, yaralanmışdı. Atası da, mən də ona dedik ki, müharibəyə getmə. Çünki ailənin tək ümidi sənsən. Dedi ki, mən döyüşdən qaça bilmərəm, Vətən dardadır. Getdi və sonuna qədər döyüşlərdə iştirak etdi. Sağ-salamat qayıtdı, ancaq bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Övlad itkisi çox ağır dərddir. Valideyn itkisinə bir yolla dözmək olur, təsəlli tapır insan. Ancaq övlad itkisi başqadır… Mən özüm atasız böyümüşəm, çünki atamı 1941-ci ildə Böyük Vətən müharibəsinə aparıblar. O, döyüşə yollanandan bir neçə ay sonra mən doğulmuşam. Anam bizi çox çətinliklə dolandırıb. Uşaqlığımız ağır dövrlərə təsadüf edib. Ancaq heç zaman aclıq, yoxluq çəkməmişik. Anamızla baş-başa verib özümüzə gün-güzəran qurmuşuq. Əslində, mənim doğma kəndim Unusdur – Ordubad rayonunun Unus kəndi. Atam da qərbi azərbaycanlıdır. 1918-ci ildə öz el-obalarından qaçaq düşüblər. Hətta mənim bibim yolda – “ayı çənnəbi” deyilən ərazidə donvurmadan ölüb. Onun adını mənə qoyublar: Mirvari. Bax belə bir ömür yaşamışam, oğul. Taleyimdən gileylənmirəm. Yoldaşım mənə, övladlarıma çox yaxşı baxıb. Səbirlə, təmkinlə, dözümlə bir ailənin yükünü ayaqda saxlamışıq. İndi o da həyatda yoxdur, ancaq xatirəsi hər zaman mənimlədir. Dolanışığımdan, övladlarımdan heç bir şikayətim yoxdur. Yaşım 80-i ötsə də öz işimi özüm görməyə çalışıram, heç kimə yük olmaq istəmirəm. Siz də sağ olun ki, gəlib bizim kimi ağbirçəklərin, ağsaqqalların kefini xəbər alırsınız, halını soruşursunuz”.
Bizi böyük qonaqpərvərliklə qarşılayan ailə ilə sağollaşırıq. Yola düşmək vaxtıdır artıq. Yolboyu düşünürəm ki, yazıya köçürəcəyimiz maraqlı söhbətlər, fərqli həyat hekayələri, yəqin ki, bizim kimi oxucularımız üçün də maraqlı olacaq. Bu səbəbdən avtomobilimizə əyləşib Ordubad rayonunun bir-birindən gözəl, axarlı-baxarlı kəndlərini geridə qoyaraq şəhərə tələsirik. Bir daha görüşmək ümidi ilə yurdumun incisi, əziz Ordubad…
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər