NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Ordubad rayonunda 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

...

Ordubad rayonunda 27 sentyabr – Anım Günü qeyd olunub. İlk olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və rayon ziyalıları tərəfindən Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.        
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.         
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli giriş nitqi ilə çıxış edərək bu əlamətdar günü Zəfər tariximizin başlanğıcı kimi qiymətləndirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik strategiyasının qələbənin əldə olunmasında xüsusi payı olduğunu vurğulayıb. İcra başçısı ərazi bütövlüyümüzün bərpası və suverenliyin əldə olunmasında dövlət-xalq  həmrəyliyinin əhəmiyyətini bir daha qeyd edərək “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” kəlməsini xatırladıb, Zəfərin qazanılmasında başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla şəhidlərimizin və qazilərin xidmətlərinin əbədiyyən minnətdarlıqla xatırlanacağını bildirib. Çıxışda, həmçinin Vətən müharibəsində əldə olunan qələbənin ölkəmizin beynəlxalq nüfuzunun daha da güclənməsi və regionda söz sahibi olmasında mühüm rolu olduğu nəzərə çatdırılıb. Azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərində qısa müddət ərzində genişmiqyaslı quruculuq işlərinin getdiyi, Qarabağ Universiteti, çox sayda məktəb, yaşayış evi və digər sosial obyektlərin tikilərək istifadəyə verildiyi diqqətə çatdırılıb.    
Daha sonra Ali Məclisin deputatı Gülxarə Əhmədova, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə və qazi Bəhrəm Hüseynov çıxış edərək 27 sentyabr tarixinin qürur günümüz olduğunu, 44 günlük qəhrəmanlıq dastanının tariximizə qızıl hərflərlə yazıldığını bildiriblər.         
27 sentyabr – Anım Günü ərəfəsində rayon ərazisində yerləşən bina və eyvanlardan dövlət bayraqları asılıb. Rayon ərazisində yerləşən məscid və digər dini obyektlərdə şəhidlər anılıb, onların ruhuna dualar oxunub.
Tədbirlərin davamı olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Ordubad rayonunun Düylün, Darkənd, Azadkənd, Dırnıs və Unus kəndlərində yerləşən şəhid məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, şəhid ailələri ilə görüşülərək onlara mənəvi dəstək ifadə olunub.     
Saat 12:00-da Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəşr edilib : 27.09.2024 21:48