NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Oradan Vətən görünür

...

Bir zirvə var dünyada, şəhidlik zirvəsi deyirlər adına. Bu zirvə elə bir yerdədir ki, oradan Vətən görünür. O Vətən ki torpağı şəhid qanı ilə yoğrulur. Elə şəhid anası da torpağı sevir, ona deyir sözünü, gözyaşını da torpağa axıdır. Axı oğlu da o torpaq bölünməsin deyə keçmişdi öz şirin canından. 

Həmin analardan biridir Kəngərli rayonunun Qabıllı kənd sakini İntizar ana. O, Vətən savaşının igid oğullarından biri olan Qurban İbrahimovun anasıdır. İntizar ana səbirli, təmkinli anadır. Ağır dərdini, sözün əsl mənasında, Vətən sevgisiylə ovudur. “Qarabağın geri alınması oğlumun toy-büsatı oldu!” – deyir, söhbətinə davam edir:
“Ağlamıram, hüznlənmirəm oğluma toy xonçası bəzəyə bilmədiyim üçün. Çünki onun məzarı beş ildir ki, xalqın ziyarətgahı olub. Hər qarış torpaq uğruna oğullar sinəsini sipər etdi düşmən gülləsinə. Onlar təkcə öz analarının yox, hamımızın ürəyinin qoru oldular. Təsəllimiz var indi: oğullarımız torpağımızı azad etdilər. Düşmənə aman vermədilər. İllərdir, işğalda olan təkcə bir ovuc torpaq yox, şəhidlərin ruhu da narahat idi. Qurban hərbçi olmağa qərar verəndə xüsusi təyinatlı bölükdə snayper təlimi keçdi. Vətən müharibəsinə oktyabr ayının 11-də yollandı. Suqovuşan, Talış istiqamətində döyüşlərə qatılan Qurban Daşaltıda şəhidlik şərbəti içib”. 
Ananın gözləri yenə yol çəkir, həmin günə qayıdır və deyir:
“Ordumuzun qələbə qazandığı xəbərini eşidəndə Qurbandan artıq beş gün idi, soraq yox idi. Həmin gecə, 9 noyabr gecəsi hər kəs küçələrə çıxıb qələbəni bayram edirdi. Amma nədənsə qardaşlarının üzü gülmürdü.  Aftandil küçəyə çıxıb sakitcə dayanmışdı, elə hey uzağa baxırdı. Mən sonradan bildim ki, demək onlar bilirmiş qardaşının qələbə, sülh göyərçini    olduğunu. 
90-cı illərdə Qarabağda gedən döyüşlərdə həm əzizlərimizi itirirdik, həm də torpaqlarımızı. Vətən müharibəsində isə torpağımızı, yurdumuzu geri aldıq. Təsəllimiz var ki, o canlar, o cavanlar hədər yerə qurban getməyib. Onlar özlərindən öncə bu yolda şəhid olanların qisasını aldılar. Dədə-baba yurdumuzu geri qaytarır, milyonları sevindirirlər. Gələn hər şəhid xəbərini öz evimizdə hiss edirik. Şəhidin doğması, yadı olmaz axı. Nə qədər çətin olsa da, başımızı dik tutur, ağlamırıq. İllərdir, qor bağlayan yaramız sağaldı çünki. Oğlumun döyüşdə göstərdiyi şücaətə görə dövlət başçısı tərəfindən təltif edildiyi “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına baxdıqca onun qəhrəmanlığına bir daha şahid oluram”. 
İntizar ana ilə söhbət etdikcə “Nə qədər böyüksən, nə qədər ucasan şəhid anası”, – deyə düşünürəm. Siz var olduqca, igid qeyrətli Azərbaycan qadınları var olduqca şəhidlər ölməz. Necə ki biz varıq, Vətənimiz var, onlar da tarix olub qəlblərdə yaşayacaq, – deyirəm.

“Şərq qapısı”

Nəşr edilib : 25.09.2025 17:00