NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

Orada bir yol görünür...

...

Naxçıvanı Zəngəzur dəhlizi ilə birləşdirəcək dəmir yolunun tikintisi davam etdirilir – FOTOREPORTAJ

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi davam etdirilir.
“Şərq qapısı” xəbər verir ki, layihənin mühüm istiqamətlərindən biri dəmir yolu infrastrukturunun yenidən qurulması və müasir tələblərə uyğunlaşdırılmasıdır. Hazırda Azərbaycan-Ermənistan sərhədindən Ordubad istiqamətində, Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə tikinti işləri sürətlə davam edir. Ümumi uzunluğu 194 kilometr olan dəmir yolu xətti boyunca 10 stansiyanın və 3 sərnişin platformasının yenidən qurulması, çoxsaylı körpülərin, tunellərin və digər mühəndis qurğularının inşası və bərpası nəzərdə tutulur.
“Naxçıvan Dəmir Yolları” MMC-nin direktor müavini Musa Əliyev “Şərq qapısı”na açıqlamasında bildirib ki, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Naxçıvan dəmir yollarının yenidən qurulması xüsusi yer tutur. O qeyd edib ki, hazırda muxtar respublika ərazisində bu istiqamətdə işlər sürətlə davam etdirilir: “Sərhəddən başlayaraq Salamməlik stansiyasından Culfa stansiyası istiqamətinə qədər olan ərazidə yeni yolların layihələndirilməsi və yenidən qurulması üzrə layihə tapşırığı artıq yekunlaşıb və işlərin icrasına başlanılıb. Culfa-Sədərək sahəsində isə dəmir yolunun layihələndirilməsi işləri, demək olar ki, yekunlaşmaq üzrədir”.
Musa Əliyevin sözlərinə görə, hazırda Ermənistan sərhədindən Salamməlik stansiyası istiqamətində dəmir yolunun yenidən qurulması işləri aparılır. Yeddi kilometrlik ərazidə yolun üst quruluşuna aid materiallar sökülərək götürülüb, yeni yolun montajı davam etdirilir.
O bildirib: “Körpülər, borular, suötürücü qurğular, dağüstü kanallar, küvetlər hazırlanıb, istinad divarları bərkidilib. Bunlarla yanaşı, artıq 6 kilometrdən çox məsafədə rels şpal şəbəkəsi salınıb və çınqıl qatı ilə örtülüb. Relslər Türkiyə Respublikasından, şpallar isə Şabrandan gətirilən yüksəkkeyfiyyətli materiallardır. Zəngəzur dəhlizinin istismara verilməsi ilə əlaqədar yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması başa çatacaq. Arzu edirəm ki, çox yaxın vaxtlarda Naxçıvan dəmir yollarında qatarların hərəkəti bərpa olunsun. Biz, həqiqətən də, qatarların gedişinə, relslərin taqqıltısına həsrət qalmışıq. İnşallah, bu həsrət tezliklə sona çatar”.
Musa Əliyev Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyini də vurğulayıb: “Möhtərəm cənab Prezident öz çıxışlarının birində xüsusi olaraq qeyd edib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Bəli, bu istiqamətdə artıq böyük işlər görülür. Biz də muxtar respublika ərazisində qatarların normal və təhlükəsiz hərəkətinin bərpası üçün öz töhfəmizi veririk. Yeddi kilometrlik məsafədə aparılan yenidənqurma işləri yüksək səviyyədə icra olunur. Layihədə nəzərdə tutulduğu kimi, Naxçıvan ərazisində qatarların saatda 120 kilometr sürətlə hərəkəti təmin ediləcək. O günlər çox yaxındır!”
Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial inkişafına mühüm təkan verməklə yanaşı, beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə də imkan yaradacaq. Dəhliz vasitəsilə Türkiyə, İran, Gürcüstan və Cənubi Qafqazın digər regionları ilə nəqliyyat əlaqələrinin inkişafı, eləcə də muxtar respublikaya turist axınının artması üçün yeni imkanlar yaranacaq.

Nəşr edilib : 13.10.2026 12:14