Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkəl...
17:46 05.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Bu gün online ticarət internetdən istifadənin geniş yayılması və texnologiyanın sürətli inkişafı ilə qlobal iqtisadiyyatın perspektiv təşkil edən təməl sütunlarından birinə çevrilib. Ənənəvi mağazalarla müqayisədə online ticarət həm satıcılar, həm də alıcılar üçün bir çox üstünlüklər təklif edir. Biz də online ticarətin inkişaf tarixi, onun müsbət cəhətləri və gündəlik həyatımızdakı yerini araşdırmağa çalışdıq.
Online ticarət anlayışı 1990-cı illərin əvvəllərində internet şəbəkəsinin intensiv istifadə olunmağa başlaması ilə meydana gəlib. 1994-cü ildə ilk online satış Amazon tərəfindən həyata keçirilib. 1995-ci ildə eBay platforması istifadəyə verilib və fərdi şəxslərin bir-biri ilə ticarət etməsinə imkan yaradıb. 1999-cu ildə Çində qurulan Alibaba Group Asiya bazarında online ticarəti gücləndirdi. 2000-2010-cu illər arasında elektron ödəniş sistemlərinin də geniş yayılması online ticarətdə təhlükəsizliyi və rahatlığı təmin etdi. Smartfonların populyarlaşması mobil ticarətin inkişafına təkan verdi və sosial media platformaları online satışın yeni formalarını yaratdı. Xüsusi karantin rejimi dövründə ölkəmizdə, eləcə də dünya miqyasında tətbiq olunan qadağalar, online ticarətin daha geniş vüsət almasına gətirib çıxardı. Bundan başqa, online ticarət alıcılara vaxt və enerji qənaəti yaradır. İstehlakçılar evdən çıxmadan, uzun növbələr gözləmədən, sadəcə, bir neçə kliklə istədikləri məhsulu sifariş edə bilirlər. Müxtəlif məhsulları bir platformada müqayisə etmək və qiymətləri araşdırmaq da online ticarətin digər bir üstünlüyüdür. Müasir dövrdə isə süni intellekt müştəri davranışlarını daha dəqiq təhlil və fərdiləşdirilmiş təkliflər etməyə imkan verir.
Online ticarətin həyatımıza qatdığı bir çox üstünlükləri vardır. Qlobal bazar imkanı sayəsində online ticarət coğrafi məhdudiyyətləri aradan qaldıraraq istənilən ölkədən müştəri cəlb etməyə imkan verir. Ənənəvi ticarət mağazaları kirayə, işçi maaşları və digər infrastruktur xərcləri tələb etdiyi halda, online mağazalar bu xərcləri minimallaşdıraraq daha sərfəli qiymətlər təklif edir. Online mağazaların günün istənilən saatında fəaliyyət göstərməsi həm alıcılar, həm də satıcılar üçün böyük üstünlükdür. Alıcılara mağazaları gəzmədən, evdən çıxmadan istədikləri məhsulu tapıb sifariş etmək kimi şans təqdim edir.
“Big data” və süni intellekt texnologiyaları müştərilərin alış-veriş vərdişlərini analiz edərək fərdiləşdirilmiş reklam və təkliflər təqdim etməyə imkan yaradır. Bu həm müştəri məmnuniyyətini artırır, həm də satıcılar üçün daha effektiv marketinq strategiyası yaradır. Sosial media və rəqəmsal marketinq vasitəsilə online mağazalar daha hədəflənmiş reklam kampaniyaları təşkil edirlər. Ənənəvi mağazalarla müqayisədə online ticarət ekoloji cəhətdən ətraf mühitə daha az təsir göstərir. Kağız israfının azalması, nəqliyyat vasitələrinin daha az istifadə olunması və anbarların optimallaşdırılması karbon emissiyalarının azalmasına kömək edir.
Online ticarət getdikcə daha innovativ texnologiyalarla zənginləşir və bir çox istiqamətlərdə inkişaf etməyə davam edir. Süni intellekt müştəri xidmətlərini daha səmərəli etmək üçün daha geniş istifadə olunmaqdadır. Artırılmış və virtual reallıq texnologiyaları alıcıların məhsulları daha real şəkildə görməsinə və sınaqdan keçirməsinə imkan yaradır. Dronlarla və robotlarla çatdırılma sahəsində də böyük yeniliklər gözlənilir. Amazon və digər böyük platformalar artıq dron çatdırılmasını test edir ki, bu da sifarişlərin daha sürətli yerinə yetirilməsinə şərait yaradacaqdır.
Online ticarət artıq müasir dünyanın ayrılmaz bir hissəsinə çevrilmişdir və daim inkişaf edir. Aşağı büdcəli əməliyyat xərcləri, qlobal bazara çıxış imkanı, geniş məhsul çeşidi və rahatlıq kimi üstünlükləri sayəsində bu sahə daha da böyüməkdədir. Ən son texnologiyalar, müştəri davranışlarını təhlil edən süni intellekt sistemləri və yeni ödəniş üsulları online ticarətin daha da optimallaşdırılmasına və genişlənməsinə töhfələr verir. Bu inkişaf tendensiyaları onu göstərir ki, online ticarət gələcəkdə ənənəvi ticarət modellərini böyük ölçüdə əvəz edərək qlobal iqtisadiyyatdakı mühüm rolunu daha da qüvvətləndirəcəkdir.
Cavanşir BAĞIRLI
Digər xəbərlər