Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
Onlar ilin bütün fəsillərində alın tərini torpağa qatanlar, hər səhər Günəşi salamlayıb, dan ulduzunu seyr edən zəhmətkeşlərdir. “Zəhmət adamı”, “Torpaq insanı” da deyirik onlara. Hər insan bir ovuc torpaqda doğulsa da, onun dilini bilmək hamıya qismət olmur. Torpağın da öz dili var axı, suyun da, heyvanların da, bitkilərin də. Onların dilini bilmək üçün dərin biliklərə də ehtiyac yoxdur. Gününün çoxunu – payızı, yazı onlarla birlikdə keçirdikcə dilini də öyrənirsən hamısının. Heyvandarlıqla məşğul olan təsərrüfatçı onların, əkinçilik edən insan isə torpağın sirlərinə bələd olur. Onlar gününün çoxunu əkin-biçində keçirir. Yaxşı bilirlər ki, torpaq da sığal sevir. Elə ki ona qədərincə qulluq göstərdin, səni ümidsiz qoymaz, barını əsirgəməz. Bir sözlə, bu torpağın nazını çəkməlisən ki, barını-bəhərini də görəsən. Kənd adamı da elə bütün fəsillərdə qulluq edir mal-qarasına, ağacına, bitkisinə. Bağban qış gəlməmiş ağacları budayır, havalar soyumamış qış suyunu verir bağların, üzüm tənəklərinin üstünü torpaqla örtür, əkinçi isə taxıl sahəsini vaxtında şumlayıb gələn ilin yazı üçün hazırlıq görür. Şaxtaya qarşı heyvanını qoruyan heyvandar mal-qaranın yerini-yurdunu tarazlayır. Və beləcə, qışı da, yayı da işsiz keçmir təsərrüfat adamının. Elə məhz buna görə onlara zəhmət adamı deyirlər.
Bu gün onların günüdür, alın təri ilə torpağı qurumağa qoymayan insanların, bir dən buğdanı sarı kəhrəba dənizinə çevirib təknəmizə isti çörək gətirənlərin, qədim yurdun ucsuz-bucaqsız zəmilərində sürülər, ilxılar bəsləyib, bağlarında saf meyvələr, tarlalarda təbii tərəvəzlər yetişdirib süfrəmizi bol nemətlə bəzəyən zəhmətkeşlərin.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər